John McCain-in beyin xərçəngi aşkar olunub

US Senator John McCain Fotonun müəllifi AFP
Image caption Mr McCain is "reviewing treatment options", a statement says

ABŞ siyasətinin veteranı, Respublikaçı senator John McCain-ə beyin xərçəngi diaqnozu qoyulub, və hazırda onun hansı müalicə üsulu seçəcəyi nəzərdən keçirilir, senatorun idarəsi bildirib.

Müalicə variantları arasında kimyəvi terapiya, radioterapiya kimi imkanlar nəzərdən keçirilir, həkimlər deyib.

80 yaşlı siyasətçinin "yaxşı əhval-ruhiyyədə" evində bərpa kursu keçdiyi bildirilir.

Senatorun Beynində şiş, sol gözü üzərində trombun xaric edilməsi ilə əlaqədar ötən həftə keçirilmiş cərrahiyyə əməliyyatı zamanı aşkar olunub.

Vyetnam müharibəsi veteranı John McCain 5 ildən çox hərbi əsirlikdə olub.

John McCain altı müddətə senator seçilib və 2008-ci ildə Respublikaçılar partiyasından prezidentliyə namizəd kimi irəli sürülüb.

Arizona ştatının Phoenix klinikasında ötən cümə günü keçirilmiş cərrahiyə əməliyyatı zamanı glioblastoma kimi tanan beyin şişinin trombla əlaqəli olduğu aşkar edilib, həkimlərin məlumatında qeyd olunub.

"Cərrahiyyə əməliyyatından sonra senator heyrətamiz dərəcədə yaxşı bərpa ounur və onun səhhəti əladır", - həkimlər bildirib.

Təhlil: Əsgərin yeni savaşı

James Cook, BBC Şimali Amerika müxbiri

John McCain Waşington-da sərt, müstəqil düşüncəli senator kimi tanınır - indi əsgərin daha bir savaşı başlayır, bu dəfə mübarizə xərçənglə gedəcək.

Vyetnam müharibəsində hərbi pilot kimi iştirak etmiş John McCain təyyarəsi vurulduqdan sonra əsir düşmüşdü.

Əsirlikdə o, 5 ildən çox vaxt keçirib, o cümlədən, 2 il ərzində təkadamlıq kamerada saxlanılıb.

Əsirlikdə olarkən təkrar-təkrar döyülməsi və işgəncəyə məruz qalması nəticəsində senator McCain qollarını başından yuxarı qaldıra bilmir.

Son prezident seçkisi kampaniyası gedişində Donald Trump senatorun ünvanına istehza ilə bildirmişdi ki, John McCain "qəhraman olmayıb" və əlavə etmişdi ki, "o, əsir düşənləri xoşlamır".

Amerikalıların çoxu bundan dəhşətə gəlmişdi.

Senatorun bir sıra məsələlərdə prinsipial mövgeyi ABŞ-da kimi isə qıcıqlandıra və narazı sala bilərdi, lakin Amerika öz veteranlarına hörmət etməyi bacarır.

John McCain-ə qarşı hücumlar, zamanında pislənib - indi isə milyonlarla amerikalı onun sağalması üçün dua edir.

Glioblastoma aqressiv beyin şişi sayılır, və insan yaşa dolduqca, bu xəstəliyə tutulma təhlükəsi artıq, özü də kişilər üçün bu təhlükə daha yüksək olur.

Senatın Silahlı Qüvvələr Komitəsinin sədri olan senator McCain, rəsmi məlumata əsasən, "ev şəraitində və ailəsinin əhatəsində bərpa kursu keçir".

Senatorun qızı 32 yaşlı Meghan-ın sözlərinə görə, ailəsi üçün bu xəbər "şokedici" olub.

"Aramızda özünü ən sakit və inamlı aparan atamdır, - senatorun qızı Meghan Twitterdə bildirib. - O, bu sınağı özünə xas olan tərzdə qarşılayıb. Xərçəng ona ağrı verə bilər, lakin onu təslim edə bilməz"

Prezident Donald Trump deyib ki, senator McCain həmişə "döyüşçü olub" və ona tezliklə sağalmağı arzulayıb.

Bu arada Senat çoxluğunun lideri, senator Mitch McConnell deyib ki, McCain "həmişə ölkəsinin qəhramanı olub".

Keçmiş prezident Barack Obama isə bu xəbərə belə bir tvitlə reaksiya verib: "John McCain Amerika qəhramanıdır və tanıdığım ən cəsarətli döyüşçülərdən biridir. Xərçəng kimə ilişdiyini bilmir. John, ona cəhənnəmi göstər".

Əlaqəli mövzular

Bu barədə daha geniş