Britaniya mətbuatı: Türkiyə ABŞ-ın məxfi hərbi məlumatını niyə açıqlayıb?

Fotonun müəllifi AFP

Türkiyə ABŞ-ın məxfi hərbi məlumatını niyə açıqlayıb?

"The Daily Mail" yazır ki, Türkiyə dövlət xəbər agentliyinin ABŞ-ın Suriyadakı hərbi postlarının yeri barədə məlumatları dərc etməsi Amerika qüvvələrini təhlükə altında qoyur.

Bununla əlaqədar ABŞ Türkiyə hökumətinə rəsmi şikayətini bildirib.

Anadolu xəbər agentliyi çərşənbə axşamı Suriyadakı 10-dək ABŞ hərbi məntəqələrinin yeri barədə məlumatları dərc edib. Bu məlumatlarda hətta bazadakı əsgərlərin sayı da göstərilib.

Pentaqonun sözçüsü Eric Pahon deyib ki, sözü gedən məlumatın açıqlanması koalisiya qüvvələrini lüzumsuz təhlükə qarşısında qoyur.

Pentaqon sözçüsü bildirib ki, informasiya sızmasının mənbəyi hələlik bilinməsə də, baş vermiş hadisəni NATO rəsmilərinin həssas informasiyanı bilərəkdən açması kimi qiymətləndirmək olar.

"The Mail" yazır ki, ABŞ və Türkiyə arasında münasibətlər indiyə qədər də kifayət qədər gərgin idi. Buna səbəb ABŞ-ın Suriyadakı kürd qüvvələrini dəstəkləməsidir.

ABŞ Suriya kürdlərinin YPG qüvvələrini silahla təchiz edir və bu qüvvələrin köməyi ilə özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın de facto paytaxtı Raqqanı azad etməyi düşünür.

Amerika ötən həftə bildirib ki, YPG qüvvələrinin silahlandırılmasına dair Obama administrasiyasının siyasəti davam etdiriləcək.

Bu bəyanatın Ankaranı bərk qəzəbləndirdiyi xəbər verilib.

Bundan başqa prezident Recep Tayyip Erdoğanın ABŞ-a səfəri zamanı onun təhlükəsizlik xidmətinin etirazçılara hücumundan sonra bir sıra prezident cangüdənlərinə qarşı cinayət işləri qaldırılıb.

Fotonun müəllifi Getty Images

Sağlam olmaq üçün 2 dəqiqəlik idman da yetərlidir

"The İndependent" yazır ki, sağlam olmaq üçün saatlarla idman etməyə ehtiyac yoxdur, sadəcə olaraq 2 dəqiqəlik fiziki təmrin də kifayətdir.

Məqalədə deyilir ki, yeni elmi araşdırma qısa idman hərəkətlərinin uzun məşqlərdən daha səmərəli olduğunu göstərib.

Alimlər aşkar ediblər ki, gündə 1 dəqiqədən bir qədər çox idman hərəkətləri etmək sağlamlıq üçün əhəmiyyətli faydalara malikdir.

Exeter Universitetində aparılmış araşdırmanın nəticələrində deyilir ki, 60-120 saniyə ərzində ağırlıq qaldırılması da daxil idman hərəkətləri edən qadınların sümüyü başqalarından 4 faiz daha böyük sıxlığa malik olur.

İdman məşğələsinin 2 dəqiqədən uzun müddətdə edilməsi sümük sıxlığını 6 faiz yüksəldir.

Məqalədə deyilir ki, insanlar 30 yaşdan sonra qazandıqlarından daha çox sümük kütləsi itirirlər. Sümük kütləsinin itirilməsi isə osteoporoz xəstəliyinin əsas səbəbi sayılır.

Sümük kütləsinin azalması həm də ahıl yaşlarda sümük sınmalarının çoxalmasına səbəb olur.

"The İndependent" yazır ki, bu araşdırma 2500 qadının iştirakilə aparılıb və osteoporoz xəstəliyinə məruz qalanların əksəriyyəti qadınlardır.

Bu da aşkar edilib ki, menopauzadan sonra qadınlarda sümük sıxlığı intesiv şəkildə azalır.

Beynəlxalq Osteoporoz Fondunun məlumatına görə, yaşı 60-dan yuxarı qadınların 10 faizində bu xəstəlik qeydə alınır.

Bu da məlum olub ki, 50 yaşdan yuxarı qadınların üçdə birində, kişilərin isə beşdə birində osteoporoz xəstəliyi ilə əlaqədar sümük sınıqları müşahidə edilir.

"The İndependent" yazır ki, hazırda hansı idman hərəkətlərinin sümük sıxlığının artımına kömək etməsi araşdırılır.

Lakin alimlər əmindirlər ki, gündə cəmi iki dəqiqə idman hərəkətlərinin ediməsi sümük sağlamlığının yaxşılaşmasına səbəb olur.

Elmi araşdırma bunu da göstərib ki, qısamüddətli idman hərəkətləri qadınlar üçün kişilərdən daha əhəmiyyətlidir.

Alimlər bu nəticəyə gəliblər ki, bəzən gün ərzində edilən müəyyən fiziki hərəkətlər idmanı tamamilə əvəz edə bilir.

Söhbət sadəcə olaraq gəzməkdən də gedə bilər.

Məqalədə deyilir ki, McMaster Universitetinin araşdırmaları 1 dəqiqəlik idmanın da 45 dəqiqəlik idman hərəkətləri qədər səmərəli olduğunu göstərib.