Səudiyyə kralı təhlükəsizlik orqanlarında struktur dəyişikliyi edib

Kral Salman Fotonun müəllifi EPA
Image caption Kral Salman taxt-taca 2015-ci ilin yanvar ayında gətirilib.

Səudiyyə Ərəbistanında kral Salman bir sıra qərarlar verərək yüksəkvəzifəli rəsmilər arasında yeni təyinatlar edib.

O, terrorla mübarizə və daxili kəşfiyyat idarələrini yeni təsis etdiyi təhlükəsizlik agentliyi nəzdində bir araya gətirib.

Kral Salman eləcə də kral qvardiyasının rəisini dəyişib və oğlu, vəliəhd Məhəmməd bin Salmanın komandasında bir neçə təyinatlar edib.

Fotonun müəllifi AFP
Image caption Məhəmməd bin Salman (solda) vəliəhd qismində əmisi oğlu Məhəmməd bin Nayifi (sağda) ötən ay əvəz edib.

İyun ayında 31 yaşlı şahzadə Səudiyyə taxtına növbədə birinci yerə gətirildi.

O, bu qisimdə kralın qardaşı oğlu 57 yaşlı Məhəmməd bin Nayifi əvəz etdi, Məhəmməd bin Nayif isə yeni vəliəhdə sadiqlik andı verdi.

Son dəyişikliklər, cümə axşamı dövlət SPA xəbər agentliyi tərəfindən dərc edilən fərmanlarda açıqlanıb.

Agentliyin bildirdiyinə görə, qərarlar "ən son inkişafı davam etdirmək məqsədilə ən yüksək səviyyədə hazırlığı təmin etmək üçün" verilib.

Yeni təhlükəsizlik agentliyinin rəhbəri Əbdüləziz bin Məhəmməd əl-Havairini təyin olunub. O, məruzələrini birbaşa hazırda 81 yaşı olan krala edəcək.

Bundan əvvəl terrorla mübarizə və daxili kəşfiyyat idarələri Daxili İşlər Nazirliyinin tabeçiliyində idi.

Kral qvardiyasına yeni rəhbər general Suheyl əl-Mutiri təyin olunub. O, bu vəzifədə general Həməd əl-Əvhali-ni əvəzləyib.

Dəyişiklik prosesinin bir hissəsi kimi, Məhəmməd əl-Kuveyzi kral Salman tərəfindən ölkənin investisiyalar agentliyinin rəhbəri vəzifəsinə təyin olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş