Türkiyə Almaniyanın "səbir kasasını daşırıb"

Erdoğan Fotonun müəllifi Getty Images

"Economist" yazır ki, aylarla davam edən diplomatik didişmədən sonra Almaniyanın səbir kasası daşıb.

İyulun 18-də Türkiyə məhkəməsi Amnesty təşkilatından bir alman təlimçi də daxil 6 insan haqları fəalının həbsi barədə qərar qəbul edib.

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel bundan sonra "təmkinini itirib".

O öz ölkəsinin vətəndaşlarına xəbərdarlıq edib ki, Türkiyəyə səfər etməsinlər. Nazir bundan başqa Avropa İttifaqının Ankaraya yardımının dayandırılmasına çağırıb.

Lakin Gabriel-in ən radikal təklifi bu olub ki, Türkiyədə biznesi olan şirkətlərə kredit güzəştləri dayandırılsın.

O deyib ki, "biz hüquqi müəyyənliyin olmadığı və şirkətlərin terroru dəstəkləməkdə ittiham edildiyi bir ölkəyə investisiyalar yatırılmasını tövsiyə edə bilmərik".

"Economist" yazır ki, Türkiyədə hökumətə müxalif olanların və vətəndaş cəmiyyəti üzvlərinin repressiyaları xüsusilə də ötən yay baş vermis çevriliş cəhdindən sonra daha da şiddətlənib.

2016-cı ilin 15 iyulundan bəri Türkiyədə 50 min nəfər çevriliş iştirakçıları ilə əlaqələrə görə saxlanıb.

Bundan əvvəl Almaniya və Aİ üzvləri Türkiyədəki vəziyyətlə bağlı narahatlıq ifadə ediblər.

"Economist" yazır ki, bundan sonra belə "yumşaq münasibət" göstərilməyəcək.

Cənab Gabriel Türkiyə məhkəmələrini hökumətin əmrlərini yerinə yetirməkdə və terrorçu təşkilatlarla müxtəlif bağlar uydurmaqda ittiham edib.

Prezident Recep Tayyip Erdoğan-ın sözçüsü Almaniyadan səslənən bu bəyanatların əsassız olduğunu bildirib. Cənab Erdoğanın özü isə Almaniyanı Türkiyənin daxili işlərinə qarışmaqda ittiham edib.

O iyulun 21-də bəyan edib ki, "bizim ədliyyə sistemimiz onlarınkından yaxşıdır".

Məqalədə deyilir ki, Amnesty İnternational təşkilatının bir alman üzvü Peter Steudner də daxil 6 üzvünün Türkiyədə həbs edilməsi kansler Angela Merkelin səbir kasasını daşırıb.

Bundan bir qədər əvvəl, Türkiyə polisi ikili vətəndaşlığı olan jurnalist Deniz Yüceli və başqa bir Almaniya jurnalisti Meşale Tolunu terror ittihamları ilə həbs etmişdi.

Bu həbslərdən sonra belə bir narahatlıq yaranmışdı ki, Türkiyə əcnəbi məhbuslardan siyasi girov kimi istifadə edir.

Cənab Erdoğan Almaniyaya Yüceli çevriliş cəhdində ittiham edilən "bir-iki genaralla" dəyişməyi təklif etmişdi.

Hazırda 160 Türkiyə jurnalisti həbsxanadadır.

Almaniya və Türkiyə arasında bu gərginlik bir ilə yaxın idi ki, qaynayırdı. 2016-cı ilin iyununda Almaniya parlamenti Bundestaq "erməni soyqırımını" tanıyandan sonra Ankara alman millət vəkillərinin İncirlik hərbi hava bazasına səfərinə qadağan qoyub.

Bu deputatlar İncirlikdə xidmət edən 280 alman hərbçiyə baş çəkməli idilər.

Bunun ardınca Almaniya Türkiyə nazirlərinin Almaniyada referendum təbliğatı aparmasının qarşısını almışdı.

Bu referendum son nəticədə Erdoğana geniş hakimiyyyət səlahiyyətləri verməli idi.

Daha sonra Erdoğan almanları "nasist hərəkətlərində" ittiham etmişdi.

Erdoğan Almaniyanı Gülen icmasının üzvü olmaqda şübhəli bilinənlərin himayə etməkdə günahlandırırdı.

Türkiyə rəsmiləri deyirdilər ki, Almaniya "terrorçular" üçün sığınacağa çevrilib.

"Economist" yazır ki, iki ölkə arasında gərginlik Almaniya və Türkiyənin iqtisadi əlaqələrinə ciddi təsir göstərir.

Almaniya Türkiyənin ən mühüm ticarət partnyorudur. Hazırda Türkiyədə 6800 alman şirkəti fəaliyyət göstərir.

Türkiyənin indi böhran keçirən turizm sənayesi də Almaniya turistlərindən asılıdır.

Ötən il Türkiyədə 3, 9 milyon alman turist olub, halbuki 2015-ci ildə bu rəqəm 5, 6 milyon nəfər idi.

Türkiyə və Aİ arasında Egey dənizindən gələn miqrant axınının dayandırılmasına dair saziş də havadan asılı vəziyyətdə qalıb.

"Economist" yazır ki, cənab Erdoğanın davakün xasiyyəti nəzərə alınarsa iki ölkə arasında ziddiyyətlərin bundan sonra da artacağı gözlənilir.

Burası da var ki, Avropa siyasətçiləri Türkiyənin tənqid edilməsində fayda olduğunu başa düşüblər. Onlar görürlər ki, Türkiyəyə qarşı sərt mövqe Qərb elektoratının ürəyincədir.

Məhz buna görə də Almaniyada qarşıdan gələn seçkidə Türkiyəyə qarşı sərt münasibət seçki siyasətinin tərkib hissəsinə çevriləcək.

"Economist" yazır ki, Türkiyə prezidenti Avropa İttifaqı ilə təhlükəli oyuna başlayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş