Çin mübahisəli adada ilk kinoteatr açıb

Sansha Fotonun müəllifi Getty Images
Image caption Çin Sanşa şəhərini 2012-ci ildə təsis edib

Hər kəsin əylənməyə ehtiyacı var - hətta Cənubi Çin dənizində ərazisi mübahisəli olan adanın sakinlərinə də.

Bu həftəsonu Cənubi Çin dənizində yerləşən mübahisəli Parasel adalarının ən böyüyü olan və Çinin ərazidəki əsas icra mərkəzi Woody adasında müasir kinoteatr açıb.

Sanşa şəhərində tikilən Sanşa Yinlong kinoteatrının açılış günündə 200 yerli sakin və əsgərlər "Cau Yulu-nun Əbədiyyəti" (The Eternity of Jiao Yulu) adlı filmi izləyib, Xinhua xəbər agentliyi deyib.

Agentlik bildirib ki, kinoteatr hər gün ən azı bir film nümayiş etdirəcək ki, adanın 2,000 nəfərlik əhalisi "ölkə boyu digər izləyicilərlə eyni vaxtda filmlərə baxa bilsinlər".

South China Morning Post qəzeti rayonun digər adalarında da kiçik rəqəmsal proyektorlarla filmlərin nümayişi üçün planların hazırlandığını qeyd edib.

Kinoteatrın açılışı yerli icra hakimiyyətinin mübahisəli adalarda ictimai xidmətlərin yaradılmasına yönələn planlarına daxildir, China Global TV Network deyib.

Çinin "ən yeni şəhəri"

Keçən ilin aprel ayında Çin Sanşa şəhərində kitabxana və mədəni tədbirlərin keçirildiyi bir stadion açmışdı.

Çin mediasının "ən yeni şəhər" adlandırdığı Sanşanın öz polis idarəsi, məktəbi və məhkəməsi də var.

Vyetnam və Tayvan da Parasel adalarının yerləşdiyi ərazinin sahibləri olduqlarını iddia edirlər. Lakin 1974-cü ildə Cənubi Vyetnamla qısa müharibədən sonra Çin ərazini öz nəzarəti altında götürüb.

Fotonun müəllifi Getty Images
Image caption Vyetlanmlı fəallar Parasel adaları uğrunda Çinlə 1974-cü il müharibəsini bu ilin yanvar ayında qeyd ediblər

Vyetnam Çinin ərazidə şəhər təsis etməsinə qarşı dəfələrlə etirazını bildirib.

Yeni kinoteatrın açılışı neftlə zəngin olan ərazidə Çinin nəzarətini legitimləşdirməyə yönələn addımlardan biridir.

Çin 2013-cü ildə adalara turistləri gətirməyə başlayıb.

Sanşanın meri Xiao Jie-nin şəhər üçün daha ambisiyalı planları var, Yaponiyanın The Manichi qəzeti yazıb.

"Biz burda toy zalları, sürücülər üçün obyektlər və keyfiyyətcə Hind Okeanında yerləşən Maldiv adalarının tətil kurortlarına bənzər kurortlar tikəcəyik", o, deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş