Pul adamı doğrudan da xoşbəxt edə bilər, amma çoxumuz düşünən kimi yox

Fotonun müəllifi Getty Images
Image caption Jurnalistləri dəstəkləyən piketçilər məhkəmə binasının qarşısında əllərində rəngbərəng şarlar tutaraq dayanmışdılar.

Türkiyədə 17 jurnalistin məhkəməsi başlanıb. Həbsdə 150 jurnalist var

"The Telegraph" qəzetinin müxbirləri Türkiyədə müstəqil olaraq qalan bir neçə qəzetin jurnalistlərinin məhkəmə dinləməsinin açılmasından yazıblar.

Terrorizm ittihamları ilə mühakimə olunan Türkiyə jurnalistləri deyirlər ki, onları "müstəqil, sual verən və tənqidi" olduqlarına görə mühakimə edirlər.

Məqalədə deyilir ki, Cumhuriyet qəzetinin 17 müxbirinin, redaktorunun, sütunyazarı və karikaturaçısının işi üzrə məhkəmə bazar ertəsi işə başlayıb.

"The Telegraph" yazır ki, bu məhkəmə prosesinə prezident Recep Tayyip Erdoğanın hakimiyyəti altında azad mətbuatın iflasa uğramasının nümayişi kimi baxılır.

Türkiyə prokurorları jurnalistləri islamçı Gülen hərəkatının və başqa terrorçu qruplaşmaların üzvü olmaqda ittiham edirlər.

Erdoğan Amerikada yaşayan Fethullah Güleni ötən il baş vermiş çevriliş cəhdinin arxasında durmaqda ittiham edir.

Lakin İstanbulda insan haqları fəallarının və xarici diplomatların iştirakilə keçirilən məhkəmə prosesində müttəhim-jurnalistlər hökumətin azad mətbuatı əzmək siyasətinin qurbanı olduqlarını bəyan ediblər.

Cumhuriyyet qəzetinin sütunyazarı Kadri Gursel deyib ki, o bu məhkəmədə terrorçu təşkilatlara dəstək verdiyinə görə yox, müstəqil və tənqidçi jurnalist olduğuna görə mühakimə edilir.

Ən maraqlısı budur ki, cənab Gursel Fethullah Gülen hərəkatının qatı tənqidçisi kimi tanınsa da, hazırda bu hərəkatın üzvü olmaqda ittiham olunur. Onun təqsirli olması sübut edilərsə, jurnalisti 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Lakin qəzetin Akın Atalay kimi digər əməkdaşlarına 43 illik həbsxana cəzası kəsilə bilər.

Qəzetin 17 jurnalistindən 12-si məhkəməyə qədər olan müddətdə həbsxanada saxlanıb. Cumhuriyet qəzeti bütün bu müddət ərzində bu jurnalistlərin baş səhifədə verilən şəkilləri ilə çıxıb. Burada həm də onların həbsxanada keçirdikləri günlərin sayı verilir.

"The Telegraph" yazır ki, Türkiyə, Jurnalistləri Müdafiə Komitəsinin qiymətləndirməsinə görə dünyanın lider məhbəsçisidir.

Hazırda Türkiyə həbsxanalarında 150-dək jurnalist var.

İstanbulda keçirilən məhkəmə dinləməsinin birinci iclasında Britaniya Konsulluğunun rəhbəri və Almaniyanın Yaşıllar Partiyasından Avropa millət vəkilləri iştirak ediblər.

Avropa millət vəkillərindən Rebecca Harms müttəhim Ahmet Şıkın dostudur.

O deyib ki, bu, tamamilə siyasi prosesdir və başqa müstəqil jurnalistləri qorxutmaq məqsədi güdür.

Britaniya Xarici İşlər Nazirliyi Türkiyədə jurnalistlərin uzun müddət həbsxanada saxlanması və məhkəmələri ilə bağlı narahatlıq ifadə edib.

Cənab Erdoğan öz hökumətinin azad media üzərinə basqılarını inkar edir və bildirir ki, Türkiyədə heç kəs jurnalist fəaliyyətinə görə həbs edilməyib.

Jurnalistləri dəstəkləyən piketçilər məhkəmə binasının qarşısında əllərində rəngbərəng şarlar tutaraq dayanmışdılar. Şarların üzərində "Səsinizi kəsməyin! Azad media haqlıdır!" sözləri yazılmışdı.

Cumhuriyet qəzeti Türkiyədə dünyəviçiliyin carçısı hesab edilir.

Bu qəzet cənab Erdoğanın əvvəllər mötədil olan islamçı AKP partiyasını daim tənqid etməsi ilə tanınır.

Pul doğrudan da xoşbəxtlik gətirir

Fotonun müəllifi MANAN VATSYAYANA

"The İndependent" yazır ki, pul xoşbəxtlik və ya ən azı xoşbəxt olmaq üçün sərbəst vaxt gətirir.

Yeni elmi araşdırma göstərib ki, kifayət qədər pullu insanlar maliyyə imkanlarından müxtəlif əşyalar almaq üçün yox, özlərinin qab və paltar yumaq, xörək bişirmək, bağı belləmək, ev-eşiyi yığışdırmaq və hətta bazarlıq eləmək kimi işlərini kiməsə gördürmək üçün istifadə edirlər.

Tədqiqatı aparmış alimlərdən professor Elizabeth Dunn deyib ki, sərbəst vaxtı pulla almaq insanları vaxt darlığı gərginliyindən xilas edir.

Alim deyir ki, insanların bir qismi pul imkanlarından əyləncəli təcrübələri yaşamaq, digər qismi isə xoşagəlməz prosedurlardan azad olmaq üçün istifadə edirlər.

Professor Dunn deyib ki, sərbəst vaxtı pulla yalnız zəngin insanlar deyil, həm də az-çox imkanlı insanlar alırlar.

Adamların çoxu əlavə gəlirlərini məhz əlavə istirahət vaxtının alınmasına xərcləyir.

Kanadadakı British Columbia Universitetinin alimləri ABŞ, Kanada, Danimarka və Hollandiyada yaşayan 6200 nəfər arasında sorğu aparıblar. Onlar respondentlərdən vaxta qənaət etmək üçün nə qədər pul xərcləməyə hazır olduqlarını soruşublar.

Akimlər bu nəticəyə gəliblər ki, vaxta qənaətə kifayət qədər pul xərcləməyən insanların həyatdan razılığı daha az olub.

Bu tədqiqatın bir hissəsi kimi alimlər Vankuver şəhərində 60 nəfərə iki həftəsonu üçün hər dəfə 40 dollar veriblər. Onlar birinci həftədə bu pulla alış-veriş, ikinci həftədə isə vaxta qənaət etməli idilər.

Təcrübə göstərib ki, adamlar daha çox ikinci həftəsonundan razı qalıblar.

Bununla belə sorğuda iştirak edən 818 holland milyonçudan yarısı deyib ki, onlar "xoşagəlməz işlərin başqalarına tapşırılması üçün pul xərcləmirlər".

Harvard Biznes Məktəbindən professor Ashley Whillans bunun səbəbini izah edərkən deyib ki, bu milyonçulardan çoxu özlərini tənbəl kimi hiss etməkdən çəkinirlər.

Buna baxmayaraq təcrübə göstərib ki, əlavə istirahət vaxtının əldə edilməsi insanlara əlavə gəlir qədər xoşbəxtlik gətirib.

Ekspertlərin fikrincə sadəcə çox pulu olmaq özlüyündə insanlara xoşbəxtlik gətirmir.

Üstəlik son onilliklərdə insanlar daha çox pul qazanmaq üçün daha az istirahət etməyə və daha çox işləməyə məcburdurlar.

Əlaqəli mövzular

Bu barədə daha geniş