Avropa Türkiyə ilə heç cür dil tapa bilmir

Erdoğan Fotonun müəllifi Getty Images
Image caption Məqalədə deyilir ki, Ankara və Avropa arasında gərginlik cənab Erdoğan konstitusiya dəyişikliklərinə dair referendumda cüzi səs çoxluğu ilə qalib gəldikdən sonra daha da artıb.

"Financial Times" yazır ki, Türkiyə, Avropa İttifaqında artmaqda olan həyəcanlara rəğmən, "dırnaqarası jurnalistləri və dırnaqarası insan haqları fəallarını terror ittihamları ilə mühakimə etmək haqqının olmasında israr edib".

Ankaranın Aİ ilə münasibətlərində əsas nümayəndəsi olan Ömer Çelik bu bəyanatı Brüsseldə Türkiyə və Avropa İttifaqı rəhbərlərinin ikitərəfli dialoq kimi qiymətləndirilən görüşündən bir neçə saat sonra verib.

Məqalədə deyilir ki, Aİ-nin xarici işlər komissarı Federica Mogherini, habelə Türkiyə ilə dalana dirənmiş danışıqlara cavabdeh olan Johannes Hahn-la Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında keçirilmiş danışıqlar uğursuzluqla nəticələnib.

Aİ prezident Erdoğanın 2016-cı ilin iyulunda baş vermiş çevriliş cəhdindən sonra başlatdığı repressiyalardan narahatdır.

Bu danışıqlarda ortaq məxrəcə gəlinməsi mümkün olmasa da, cənab Çelik Aİ-ni Türkiyə ilə ittifaq üzvlüyünə dair yeni danışıqlar dövrəsinə dəvət edib.

Lakin bu çağırış Mogherini Hahn tərəfindəın rədd edilib.

"Ötən ilin dekabrında üzv ölkələr bəyan etmişdilər ki, hazırkı şəraitdə danışıqların yeni fəslinin açılması qeyri-mümkündür. Lakin Aİ üzvləri eyni zamanda Türkiyə ilə danışıqların dayandırılması təklifini də rədd ediblər" - deyib cənab Hahn.

"Financial Times" yazır ki, Türkiyənin Aİ-yə qəbuluna dair danışıqlar ləğv olunsa da, rəsmi baxımdan hələ də davam edir.

Məqalədə deyilir ki, Aİ və Türkiyə Erdoğanın çevriliş cəhdinin ardınca həyata keçirdiyi repressiyalara görə qarşıdurma vəziyyətindədir.

Türkiyədə iyul çevrilişi cəhdindən bəri 100 min dövlət qulluqçusu vəzifəsindən uzaqlaşdırılıb, 50 min hərbçi, polis, hakim, alim və jurnalist həbs olunub.

"Financial Times" xatırladır ki, bundan başqa Avropa və Türkiyə arasında, Ankaranın Türkiyə vətəndaşlarına Şengen zonasına vizasız gediş-gəliş imkanı verilməsi tələbinə görə də gərginlik yaşanıb.

Avropa İttifaqı bildirimişdi ki, Türkiyə onun standartlarına cavab vermir.

Məqalədə deyilir ki, Ankara və Avropa arasında gərginlik cənab Erdoğan konstitusiya dəyişikliklərinə dair referendumda cüzi səs çoxluğu ilə qalib gəldikdən sonra daha da artıb.

Bu referendum Erdoğana bir prezident kimi geniş səlahiyyətlər verib.

Avropa Türkiyədə demokratik standartların aşınmasından narahat olsa da, Çavuşoğlu israr edib ki, Ankara qanunun aliliyi prinsipini möhkəmləndirib.

Lakin Avropa İttifaqının xarici işlər komissarı Mogherini Çavuşoğlunun bu bəyanatına rəğmən deyib ki, Ankara Aİ standartlarına uyğunlaşmaq üçün konkret addımlar atmalıdır.

Komissar bildirib ki, söhbət ilk növbədə Türkiyədə qanunun aliliyi, insan haqları və media azadlığının vəziyyətindən gedir.

"Mən diqqəti daha çox sözlərə yox, əməllərə yönəltmək istərdim" - deyib Mogherini.

Bu arada Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniyanın xarici işlər naziri Sigmar Gabriel investor və turistləri Türkiyə hökumətinə xeyir verməkdən çəkinməyə çağırıb.

Gabriel bu sərt bəyanatları Türkiyədə alman insan haqları fəalı Peter Steudtner Die Welt qəzetinijn müxbiri Deniz Yücel-in həbs olunması ilə əlaqədar səsləndirib.

Lakin Türkiyə nazirləri israr edirlər ki, həbs olunanlar hökumətin terrorçu adlandırdığı Fethullah Gülen təşkilatı ilə bağlı olanlardır.

"Biz bu məsələyə aydınlıq gətirməliyik, - deyib Çavuşoğlu, - Əgər dırnaqarası jurnalist özünün jurnalist vəsiqəsindən istifadə edərək Türkiyədəki hərbi qışlaların giriş və çıxışlarının şəkillərini çəkirsə və sonradan onun smartfonundan Türkiyə hərbi bazalarının şəkilləri tapılırsa, siz razılaşarsınız ki, belə şəxsə qarşı müəyyən ölçü götürülməlidir".

Nazir deyib ki, Fethullah Gülen təşkilatı ilə eyni aplikasiyadan istifadə edən "dırnaqarası insan haqları fəallarına" qarşı da ölçü götürüləcək.

Brüsseldə gedən danışıqlar əsnasında Erdoğan yenə də özünün anti-Almaniya ritorikası ilə çıxış edib. O parlament qarşısında etdiyi çıxışında deyib ki, "xarici casuslar Türkiyədə sərbəst şəkildə qaynaşır".

O həmçinin Almaniyanın iki dünya müharibəsindəki roluna da diqqət çəkib.

"Birinci və ikinci dünya müharibələri zamanı dünyanın ən amansız, ən qanlı və ən dəhşətli qətiamlarını həyata keçirənlər bizə insaniyyət barədə mühazirə oxumamalıdırlar" - deyib Erdoğan.

Carnegie Europe araşdırmalar mərkəzinin eksperti və Aİ-nin Türkiyədəki missiyasının keçmiş başçısı Marc Pierini deyib ki, Avropa və Ankara arasında gərginlik Türkiyənin öz daxilindəki böhranla eyni vaxta təsadüf edib.

Pierini bildirib ki, burada söhbət nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq istəyən hökumətdən gedir.

"Türkiyə aşkar şəkildə avrokratik bir yol tutub və eyni zamanda Aİ-yə üzvlük danışıqlarının davam etdirilməsini istəyir" - deyib Pierini.

O bildirib ki, Türkiyənin tutduğu yoldan geri çəkiləcəyinə inanmır.

Qərb kişilərində spermlərin sayı 60 faiz azalıb

Fotonun müəllifi Getty Images
Image caption Plastik materialların daha elastik olması və mebelin yanğınadavamlığının artırılması üçün istifadə edilən kimyəvi maddələr da sperm sayının azalmasına təsir göstərir.

"The İndependent" yazır ki, son 40 ildə Qərb ölkələrində kişilərdə sperm sayı 60 faiz azalıb.

Yeni elmi araşdırmadan məlum olub ki, buna səbəb müasir dünyanın kişi sağlamlığına vurduğu zərərdir.

Məqalədə deyilir ki, pestisidlər, hormonal pozuntu yaradan kimyəvi maddələr, piylənmə, cinsi orqanların xəstəlikləri belə zərərli təsirlərdəndir.

Elmi tədqiqatdan bu da görünür ki, sperm sayının azalması meyli dəyişmir.

Alimlər bildirirlər ki, spermlərin azalması meyli dünyanın Cənubi Amerika, Afrika və Asiya kimi başqa yerlərində müşahidə olunmur.

Ekspertlərdən biri bu araşdırma nəticəsini həyəcanlandırıcı adlandırıb.

Human Reproduction Update jurnalında dərc edilmiş tədqiqat nəticələrinə görə 1971-2011-ci illər arasında Avropa, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada yaşayan kişilərdə sperm sayı 59, 3 faiz azalıb.

Kişilərdə sperm sayının azalmasına ən müxtəlif kimyəvi proseslər səbəb olur.

Məsələn, plastik materialların daha elastik olması və mebelin yanğınadavamlığının artırılması üçün istifadə edilən kimyəvi maddələr da sperm sayının azalmasına təsir göstərir.