Taliban Qəndəhar yaxınlığında Əfqan hərbçilərini darmadağın edib

Əfqan əsgərləri Qəndəharda Fotonun müəllifi AFP
Image caption Son aylar ərzində silahlılarla döyüşlərdə ordu bir neçə dəfə məğlubiyyətə uğrayıb

Ordu rəsmisinin sözlərinə görə, Taliban döyüşçüləri ölkənin cənubunda mühüm şəhər olan Qəndəhar yaxınlığında yerləşən bazaya hücum edərək, azı 26 Əfqan əsgərini öldürüblər.

Müdafiə Nazirliyinin mətbuat katibinin sözlərinə görə, ərazidə ağır döyüşlər davam edir, ordu hissəsinin köməyinə qoşun göndərilib.

Nazirlikdən verilən məlumata görə, gecə döyüşündə 13 əsgər yaralanıb.

Taliban, Xakrez bölgəsində yerləşən bazanın nəzarətinə keçdiyini bildirib.

Bu, son aylarda Taliban silahlıları ilə döyüşdə ordunun uğradığı məğlubiyyətlərin sonuncusudur.

Əfqanıstan kəşfiyyat qaynaqları daha əvvəl BBC-yə bildiriblər ki, hücum zamanı 40-dan çox əsgər öldürülüb.

Bir mənbənin məlumatına görə, 30 əsgərin cəsədi Qəndəhar şəhərinə gətirilib. Talibanın hücumuna məruz qalan əsgərlərdən onu qaçmağa müvəffəq olub.

AFP agentliyinin xəbər verdiyinə görə, yerli sakinlər bildiriblər ki, atışma saatlarla çəkib və yüzlərlə Taliban silahlıları bazaya müxtəlif istiqamətlərdən hücum edib.

Taliban hücumu nəticəsində 70-dən çox əsgərin öldürüldüyü və yeddi əsgərin tutulduğu bildirilib.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Əfqanıstan əsgərləri "cəsarətlə döyüşüblər", təxminən 80 Taliban silahlısını öldürüb və ya yaralayıblar.

Tərəflərin iddialarının müstəqil təsdiqi yoxdur.

Son aylarda qonşu Hilmənd vilayətinin əksəriyyətini ələ keçirən Taliban Qəndəhar və digər vilayətlərdə də hücum əməliyyatları keçirib. Belə əməliyyatlar, o cümlədən, ölkənin şimal-qərbində yerləşən Fəryab və şimal-şərqindəki Künduz vilayətlərində də keçirilib.

Eyni zamanda, əsasən paytaxt Kabulda Taliban və özünü İslam Dövləti (İD) adlandıran qrupun silahlıları bir sıra öldürücü hücumlar həyata keçirib.

May ayında Taliban 1990-cı illərdə özünün istehkamı saydığı Şah Vali Kot məntəqəsində ordu postunu darmadağın etdi.

Fotonun müəllifi Reuters
Image caption Son günlərdə bir neçə yaralı əsgər müalicə məqsədilə Kabula köçürülüb

Aprel ayında ölkənin şimalındakı Mazar-i Şərifdə yerləşən ordu bazasına Talibanın hücumu nəticəsində, məlumatlara görə, təxminən 170 əsgər həlak olmuşdu.

ABŞ-ın SIGAR nəzarətçi qurumunun məlumatına görə, Əfqanıstan ordusunun hazırda nəzarət etdiyi ərazi ölkənin 60 faizdən çoxunu təşkil etmir.

Taliban və digər üsyançıların nəzarət etdiyi ərazilər isə 10 faizdən təxminən 11 faizə qədər artıb.

Qalan ərazilərdə nəzarətin kimdə olması məsələsi isə mübahisəlidir.

Əlaqəli mövzular

Bu barədə daha geniş