Çadranı təbliğ edən teleaparıcı qadının pivə şüşəsini başına çəkdiyi görüntülənib

Fotonun müəllifi Getty Images
Image caption Türkiyə prezidenti Recep Tayyip Erdoğan Yerusəlim/Qüds şəhərinin müqəddəs məkanları ilə bağlı böhrana müdaxilə edərək İsraili, şəhərin islami xarakterini pozmaqda günaghlandırıb.

İsrail deyib ki, Türkiyə gedib öz qeydinə qalsın

"The Guardian" yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan Yerusəlim/Qüds şəhərinin müqəddəs məkanları ilə bağlı böhrana müdaxilə edərək İsraili, şəhərin islami xarakterini pozmaqda günaghlandırıb.

Məqalədə deyilir ki, Erdoğanın bu bəyanatı gərginliyi daha da artıracaq.

Erdoğanın bu bəyanatının səsləndiyi vaxtda müsəlman liderlər fələstinliləri namazlarını və etirazlarını davam etdirməyə çağırıblar.

İsrail rəsmiləri bütün bu bəyanatlara acıqlı reaksiya veriblər. Onlar ittihamları cəfəngiyyat adlandırıblar və Türkiyəni öz insan haqlarının qeydinə qalmağa çağırıblar.

Yerusəlimdə/Qüdsdə fələstinlilərin etiraz aksiyası hər axşam Əl-Əqsa məscidinin yaxınlığındakı şəhərcikdə keçirilir.

Bu gərginlik Əl-Əqsa məscidinin həndəvərlərində İsrail ərəbləri tərəfindən iki İsrail polis zabiti öldürüldükdən və İsrail əlavə təhlükəsizlik tədbirləri tətbiq etdikdən sonra başlanıb.

Ankaradakı mətbuat konfransında danışarkən Erdoğan deyib ki, "heç kim bizi Yerusəlimdə tətbiq edilən ikili standartlara qarşı susmağa məcbur edə bilməz".

O bildirib ki, Türkiyə müsəlmanların müqəddəs yerləri ziyarətinə qoyulan məhdudiyyətlərlə barışa bilməz.

Əl-Əqsa məscidi fələstinlilər üçün İslamın ən müqəddəs ocaqlarından biridir. Lakin bu məkan buranı iki qədim yəhudi məbədinin yeri sayan israillilər üçün də müqəddəsdir.

Şərqi Yerusəlimdə yerləşən bu ərazi İsrail tərəfindən 1967-ci ildə işğal və ilhaq edilib. Bu ilhaq beynəlxalq birlik tərəfindən tanınmayıb.

İsrail bu ərazidə başlanmış gərginliyi sakitləşdirmək məqsədilə şəhərciyin ətrafındakı metal detektorlarını yığışdırıb.

Lakin israillilər bildiriblər ki, bunun əvəzində bütün ətraf ərazilərdə təhlükəsizlik kameraları yerləşdirləcək.

Fələstinlilər deyirlər ki, yeni təhlükəsizlik tədbirləri qeyri-məqbuldur.

"The Guardian" yazır ki, Erdoğanın bu məsələyə müdaxilə etməsi gərginliyin hərarətini artıracaq. İsrailin Xarici İşlər Nazirliyi Türkiyəni özünü Osmanlı imperiyası dövründəki kimi aparmaqda ittiham edib.

İsrail XİN-in sözçüsü Emmanuel Nashon deyib: "Bu cəfəngiyyatdır ki, Şimali Kipri işğal edən, kürd azlığını qəddarcasına əzən və jurnalistləri məhbəsə atan Türkiyə regionda yeganə demokratiya olan İsrailə mühazirə oxuyur".

Yaranmış böhranla bağlı Mahmud Abbasın Fələstin hakimiyyəti İsraillə Qərb sahilinə dair təhlükəsizlik əməkdaşlığını dayandırıb.

Bu gərginliyə cavab olaraq Yerusəlimin/Qüdsün bir neçə həssas rayonlarında yəhudi məskunlar binaların ələ keçirilməsinə başlayıblar.

Çadranı təbliğ edən qadın çadrasız pivə içməkdə ittiham olunur

Fotonun müəllifi Anonim

"The İndependent" yazır ki, İran dövlət telekanalının aparıcısı onu İsveçrədə məzuniyyət zamanı pivə butulkasını hicabsız başına çəkərkən görüntüləyən foto internetə çıxdıqdan sonra hiddətə səbəb olub.

Məqalədə deyilir ki, alkoqolun içilməsi İslamda qadağandır və spirtli içkilər İranda 1979-cu il İslam İnqilabından bəri yasaq edilib.

İranda islami geyim məcəlləsinə riayətə "əxlaq polisi" nəzarət edir və qadınlar ictimai yerlərdə bədənlərini və saçlarını örtməlidirlər.

Bu ölkədə müsəlaman qadınlar üçün hicab icbaridir.

Maraqlısı budur ki, televiziya aparıcısı və aktrisa Azadə Namdari öz verilişlərində hicabı təbliğ edir.

İranın mühafizəkar Vətən-e Emruz qəzeti 2014-cü ildə Azadə Namdarinin tam hicablı fotosunu dərc etmiş və bu şəklin altında böyük hərflərlə "Allaha şükür mən hicab geyinirəm" yazılmışdı.

Xanım Namdari həm də bədəni başdan ayağadək örtən qara çadranın qızğın təbliğatçısı sayılırdı.

Mühafizəkarlar hesab edirlər ki, müsəlman qadınları naməhrəmlərdən ən yaxşı qoruyan geyim elə qara çadradır.

Xanım Namdari deyirdi ki, o çadralanması ilə fəxr edir. Qəzetin birinci səhifəsində dərc olunmuş müsahibəsində televiziya aparıcısı bütün qadınları çadralanmağa çağırırdı.

"Gərək imanlı olasan ki, çadralı olasan - deyirdi Namdari, - Allaha şükür mən efirə çadra ilə çıxıram. Mən çadrada özümü təhlükəsiz və daha mötəbər görürəm. Bütün bunlarla məni məhz çadra şərəfləndirib".

Fotonun müəllifi VATAN-E EMRUZ
Image caption Namdari hər zaman hicabı təbliğ edib

Bundan sonra Namdari əlavə etmişdi: "Bunu deməyimə görə sizdən çox üzr istəyirəm, amma mən çadrada daha gözələm".

Amma indi Azadə Namdarinin xaricdə məzuniyyətdə olarkən hicabsız və çadrasız pivə içdiyini göstərən şəkli üzə çıxıb və o İran sosial mediasında kəskin tənqid olunur.

İstifadəçilər onu "ikiüzlükdə" və "riyakarlıqda" ittiham edirlər.

Sosial media postlarından birində çadralı Namdarinin çantasına Grey Goose arağının şüşəsi fotoşop edilib.

Bəzi postlarda isə onun qoşa şəkilləri verilib. Şəkillərdən birində o çadralıdır, o biri şəkilldə isə pivə şüşəsini başına çəkir.

Hökumətyönlü ruhanilərdən Əbülfəzl Nəcəfi Tehrani isə yazır ki, təqsir xanım Namdari və onun kimilərində yox, adamları belə ikili davranışa vadar edən ideologiya və sistemdədir.

"The İndependent" yazır ki, aparıcı yaranmış qalmaqala Gənc Jurnalistlər Klubunun saytında yayınladığı iki dəqiqəlik videomüraciətlə cavab verib.

O iddia edir ki, hicab başından sürüşüb və bu anda kənar şəxs tərəfindən şəkli çəkilib. Hərçənd, xanım Namdari pivə şüşəsinə aydınlıq gətirməyib.

Amma belə görünür ki, xanım Namdarinin izahatı daha çox reaksiya doğurub. İstifadəçilərin bir çoxu onu yalançı adlandırırlar.

"The İndependent" yazır ki, buna baxmayaraq İranda hicab əleyhinə hərəkat genişlənir və bu hərəkata hətta kişilər də qoşulurlar.

Əlaqəli mövzular

Bu barədə daha geniş