Malayziyalı deputat: "Ərlərlə seksdən imtina etmək işgəncədir"

Woman in Malaysia Fotonun müəllifi Getty Images

Həyat yoldaşları ilə sekslə məşğul olmaqdan imtina edən qadınları ərlərinə qarşı "psixoloji və fiziki işgəncə" törətməkdə təqsirləndirən bir malayziyalı deputat kəskin tənqidlərlə üzləşib.

Hakim Barisan Nasional koalisiyasının üzvü olan Çe Mohamad Zulkifly Jusoh, bu sözləri parlamentdə ailə-məişət zorakılığının müzakirəsi zamanı deyib.

Hazırda Malayziya ailədaxili zorakılığa dair qanunlara dəyişiklikləri nəzərdən keçirir.

Bundan başqa, ölkədə şəriət məhkəməsinin icazəsilə müsəlman kişilərə dördə qədər qadınla evlənməyə icazə verilir.



Müsəlman kişiyə ikinci arvadla evlənməyə icazə verməməyin bir növ "işgəncə" olduğunu iddia edən 58 yaşlı deputat həmçinin qeyd edib: "Kişilərin qadınlardan fiziki baxımdan daha güclü olduqları deyilsə də, arvadların ərlərinə qarşı şiddətli şəkildə işgəncə və ya zorakılıq törətdiklərinin nümunələri var".

"Adətən bu arvadların ərlərini söyməklərindən ibarətdir: bu ruhi işgəncədir. Onlar ərlərini təhqir edib onlarla sekslə məşğul olmaqdan imtina edirlər. Bunların hamısı psixoloji və ruhi işgəncənin növləridir."

Deputatın sözləri sosial şəbəkələrdə tənqidlərə məruz qalıb. Bir çox istifadəçi siyasətçini "mədəniyyətsiz" və bir çox qadınla evlənmək adətini "xəstəlik dəbi" adlandırıb.

Qadın hüquqları fəalı və Malayziyanın sabiq Baş naziri Mahathir Mohamed-in qızı Marina Mahathir, cənab Çe-ni tənqid edərək bildirib ki, "qadınların seksə yox deməyə hüququ var. Qadınlar yox deyəndə kişilərin işgəncəyə məruz qaldıqları iddiası gülüncdür".

"Bu köhnə bir ideyadır - qadınla evlənəndə sən onun bədəninə sahib olursan. Bu, belə deyil", o, vurğulayıb.

Bu barədə daha geniş