Sorğu: son ildə ABŞ müsəlmanlarının yarısı "diskriminasiyaya məruz qalıb"

two children and a woman Fotonun müəllifi Getty Images

Müsəlmanların təxminən yarısı son il ərzində ABŞ-da diskriminasiyaya məruz qaldıqlarını bildirib, ABŞ-dakı Pew Research Center sorğu mərkəzi bildirib.

Respondentlərin dörddə biri müsəlmanların "çox" sayda diskriminasiya halları ilə üzləşdiyini bildirib.

Sorğuda iştirak edənlərin 75 faizi deyib ki, prezident Trump-ın müsəlmanlara münasibəti "soyuqdur".

2011-ci ildə respondentlərin 64 faizi bildirib ki, prezident Barack Obama onlara "dostcasına" yanaşır.

Sorğu həmçinin də göstərib ki, ABŞ-da müsəlmanlar sosial baxımdan daha liberallaşır.

Belə ki, "cəmiyyət homoseksuallığı qəbul etməlidir" deyənlərin sayı az qala ikiqat artıb.

Tədqiqatçılar ABŞ-da sorğunu 1001 müsəlmanla telefon vasitəsilə aparıblar.

Seçilən adamların mənsub olduğu icmaların tipik nümayəndələri olduğu bildirilib.

Diskriminasiya artıb - cəmiyyətdə dəstək də artıb

Respondentlərin təxminən yarısı deyib ki, son illər ərzində ABŞ-da müsəlman olmaq çətinləşib, 48 faizi isə bildirib ki, onlar şəxsən son il ərzində diskriminasiyaya məruz qalıb.

Diskriminasiya halları özünü şübhəli yanaşmada (respondentlərin 32 faizi bunu deyib), aeroportda mühafizəçilərin fərqli yanaşması (19 faiz), təhqiredici atmacalar (18 faiz), hüquq mühafizə orqanlarının fərqli davranışı (10 faiz) və fiziki hədələnmə və hücumlarda (6 faiz) özünü göstərib.

Bəziləri özlərini təhlükəsiz hiss edə bilmir. "Ətrafımızda kimin olduğunu yoxlamaq lazım gəlir, harada olduğumuzu, ətrafımızda kimlərin olduğunu və onların müsəlmanlar barədə nə düşündüyünü daim diqqətdə saxlamalıyıq", - bir kişi deyib.

Müsəlman libasında, misal üçün hicabda bayıra çıxanların diskriminasiyaya məruz qaldıqları deməsi ehtimalı daha yüksək olub.

Müsəlman kişilə müqayisədə müsəlman qadının ABŞ-da müsəlmanlar üçün həyatın çətinləşdiyini deməsi ehtimalı da daha böyük olub.

Bu növ diskriminasiya hallarının sayı George W Bush prezident olduğu 2007-ci ildən bəri artıb, lakin prezident Obama-nın dövründə, 2011-ci ildən azalıb və ya dəyişməz qalıb.

Eyni zamanda müsəlmanlara dəstəyin artması əlamətləri də mövcudur.

Ölkənin tutduğu kursdan narazılıq

Müsəlmanların çoxu Hillary Clinton-a səs verib.

Bəlkə də bu səbəbdən onlar indiki hakimiyyətdən narazdır.

Onların diskriminasiyaya məruz qalması təcrübəsi və prezident Trump-ın müsəlmanların ölkəyə girişinə qadağa qoymaq cəhdi bu hissə rəng əlavə edib.

"Müsəlmanların girişinə qadağa qoyulanda düşündüm ki, təqiblər başlayır. Çünki Avropanın tarixi məlumdur, Almaniyada yəhudilərin başına nə gəldiyindən xəbərdarıq", - bir kişi deyib.

Sosial baxımdan daha liberal

ABŞ müsəlmanlarının homoseksuallığa baxışları son onillik ərzində dəyişib. Bu il respondentlərin yarıdan çoxu (52 faiz) deyib ki, cəmiyyət homoseksuallığı qəbul etməlidir - 2007-ci ildə belələri 27 faiz təşkil edirdi.

Bununla yanaşı ABŞ-da müsəlmanlar arasında İslam təliminin müxtəlifliyini mümkün sayanların sayında da müəyyən artım müşahidə edilib: 2007ci ildə belələri 57 faiz təşkil edirdisə, bu il həmin göstərici 64 faiz olub.

Terrorizm və ekstremizmə münasibət

ABŞ əhalisi ilə ümumilikdə müqayisə ediləndə müsəlmanlar arasında terrorizmi pisləyənlərin payı daha yüksəkdir.

Müsəlmanların 75 faizi hesab edir ki, siyasi, sosial və ya dini zəmində törədildiyindən asılı olmayaraq, insan qətlinə bəraət qazandırmaq olmaz.

Ümumilikdə ABŞ əhalisi arasında aparılan sorğuda isə belə düşünənlər yalnız 59 faiz olub.

Müsəlmanların təxminən 75 faizi deyib ki, onlar ABŞ müsəlmanları arasında ekstremizmi dəstəkləmir.

Ümumilikdə isə ABŞ əhalisi arasında müsəlmanların ekstremizmi dəstəklədiyini düşünənlər daha çox olub.

Müsəlmanlar ABŞ-da və dünya boyu İslamla əlaqələndirilən ekstremizm hallarından nisbətən daha çox narahatdır.

Müsəlmanlar və Amerika həyat tərzi

Müsəlmanların əksəriyyəti hesab edir ki, onlar ABŞ-da cəmiyyətinin tamhüquqlu üzvü kimi qəbul olunmur, müsəlmanların 60 faizi düşünür ki, əsas media vasitələrində müsəlmanlar haqqında dərc olunan materiallar "ədalətsizdir".

Lakin respondentlərin 92 faizi deyib ki, onlar amerikalı olmaqdan qürur hissi keçirir. Respondentlərin 89 faizi bildirib ki, onlar həm müsəlman, həm də amerikalı olmaqdan qürur duyur.

Pew Research Center sorğu mərkəzinin təxminlərinə görə, hazırda ABŞ-da 3.35 milyon müsəlman yaşayır.

Bu rəqəm 2007-ci ilin göstəricisindən 1 milyon artıqdır. Yetkinlik yaşını aşan müsəlmanların çoxu ABŞ xaricində dünyanın 70-dən artıq müxtəlif ölkəsində doğulub. Onlar ABŞ-ın ümumi əhalisinə nisbətən daha cavandır.

Əlaqəli mövzular

Bu barədə daha geniş