Timsah "mistik ritualdan" sonra cəsədi qaytarıb

Timsah - İndoneziya Fotonun müəllifi Getty Images

İndoneziyada "cadu" ritualından sonra timsahın kişi cəsədini geri qaytardığı barədə video xeyli sayda istifadəçi tərəfindən paylaşılıb.

Yerli mətbuatın verdiyi məlumata görə, Syarifuddin adlı 41 yaşlı kişi, Cakartadan 1500 km şimal-şərqdə, Şərqi Kalimantanın Berau kəndi yaxınlığındakı çayda çimərkən uzunluğu iki metr olan bir timsah onu qaparaq aparıb.

Çərşənbə axşamı baş verən hadisənin şahidi olmuş kişinin dostu bu barədə yerli polisə xəbər verib. Lakin Syarifuddini tapmaq mümkün olmayıb.

Səhərisi gün kəndlilər yardım üçün "timsah ovsunçusuna" müraciət edir.

Ovsunçu özünün cadu mərasimini yerinə yetirəndən sonra dişində həmin kişinin cəsədi ilə timsah peyda olur və cəsədi sahil yaxınlığında ağzından buraxır.

Timsahın kişini öldürən timsah olub-olmadığı naməlum qalır.

Fotonun müəllifi YOUTUBE/EXPERIMENT FAIL
Image caption İnsanlar hadisəni mobil telefonlarına çəkib

Çayın sahilinə toplaşmış insanlar hadisəni mobil telefonlarına çəkərək sosial media şəbəkələrində paylaşıblar.

Faciənin baş verdiyinə baxmayaraq, istifadəçilərin çoxu cəsədi qaytardığına görə timsahı tərifləyib.

"Timsah insanı yemək istəsəydi, cəsəddən əsər-əlamət qalmazdı. Bəzi heyvanlar xoşniyyətli olur," - istifadəçilərdən biri yazıb.

Digərləri isə faciəyə görə ölən kişini günahlandırıblar.

"İnsanlar vəhşi heyvanların yaşadığı yerə getməməlidir", - başqa bir istifadəçi yazıb.

Bəzi istifadəçilər bu hadisəni möcüzə sayıb.

Belələrindən biri həmin timsahı "qədim zamanlardan qalmış xeyirxahlığın zühuru" adlandırıb.

Amelia Putry Jimy Daher adlı istifadəçi isə bu timsahın "heç də adi timsah olmadığını" zənn edir.

"Möcüzəli hadisədir", - o yazıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş