Çin: Apple "App Store-dan 60 VPN-i silib"

Lanterns hanging in front of Apple logo Fotonun müəllifi Getty Images

Bir neçə virtual özəl şəbəkə (VPN) yaradıcısı Apple şirkətini, Çin üçün App Store-dan onların məhsulunu çıxarmaq qərarına görə tənqid edib.

BBC-də olan məlumata əsasən, ötən həftəsonu Çin üzrəApp Store-dan 60 VPN ləğv edilib.

Apple şirkəti VPN-lərin yeni qaydalara uyğun gəlmədiyinə görə Çin üçün App Store-dan yığışdırıldığını deyib.

Apple çıxarılmış VPN-lərin dəqiq sayını bildirməkdən imtina edib, lakin səsləndirilmiş rəqəmləri təkzib etməyib.

Apple,eyni zamanda onlarla VPN-in hələ də əlçatan olduğunu qeyd edib.

VPN proqramlarının bəzi provayderləri, İnternetə çıxışı insan hüquqları ilə bərabər tutduğunu və Apple-ın qərarından şikayət edəcəklərini bildiriblər.

Həmin provayderlərin qənaətincə, ABŞ-ın texnologiya nəhəngi Apple, VPN-ləri yığışdırmaqla "senzura tətbiq edənin tərəfini" tutub.

Çində uzun illərdir ki, siyasi cəhətdən həssas olan materiallar internetdə müxtəlif sistemlər vasitəsilə senzura olunur.

Freedom House təşkilatı ən son sıralamasında Çini "dünyada İnternet azadlığının ən böyük pozucusu" kimi dəyərləndirib.

VPN proqramları istifadəçilərə internetdə məhdudiyyətləri keçməyə imkan verir.

Çində VPN-lərin istifadəsinə birbaşa qadağa yoxdur.

Əslində Çində bir çox iri şirkətlər mövcud qanunlara uyğun olaraq həmin proqramlardan qanuni şəkildə istifadə edirlər.

Lakin hazırda qaydaların sərtləşdirilməsi şirkətlərdən daha çox fərdlərin istifadə etdiyi VPN-ləri hədəfləyib.

Yanvar ayında Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi, VPN məhsulu təklif edən bütün şirkətlərə bunun üçün hökumətdən lisenziya alınmasını tövsiyə edib.

Apple-ın bildirdiyinə görə, şirkətdən yeni qaydalara uyğun gəlməyən VPN-ləri App Store-dan yığışdırmaq tələb olunub.

Apple Pekini qəzəbləndirmək istəmir, çünki məhsulunun böyük bir hissəsi Çində istehsal olunur və şirkətin özü üçün ən böyük bazar da elə Çindədir.

Bu yaxınlarda Çində WhatsApp tətbiqində səs mesajı və təsvir xidmətlərinin işi bloklanmışdı.

Çin höküməti bunun senzura tədbiri olduğunu deməyib, lakin WhatsApp problemin texniki səbəblər üzündən baş verdiyini bildirməyib.

Pekin Facebook, Instagram Twitter da daxil olmaqla sosial media saytlarını və tətbiqlərini bloklayır.

Google kimi axtarış saytları bloklanır və BBC də daxil olmaqla, bir çox xarici media saytlarına çıxış imkanı məhdudlaşdırılıb.

Bu yaxınlarda, Çində dissident Liu Xiaobonun öləndən sonra, ölkənin sosial media saytlarında bu mövzuda mesajlar və forumlar bloklanmışdı.

Çin Kommunist partiyasının yaxınlaşan növbəti qurultayı ərəfəsində internetdə məhdudiyyətlərin sərtləşdiriləcəyi ehtimal olunur.

Qurultayda prezident Xi Jinping-in rəhbər vəzifəsində qalacağı gözlənilir.

Bu barədə daha geniş