Neftin qiyməti bir daha qalxmaya bilər. Bəs təyyarə biletləri niyə ucuzlaşmır?

Fotonun müəllifi Getty Images

Neftin qiyməti bir daha qalxmaya bilər. Bəs təyyarə biletləri niyə ucuzlaşmır?

"Express" qəzeti yazır ki, bir barreli 50 dollardan yuxarı qalxa bilməyən neft qiymətləri neft şirkətlərinin gəlirlərini kəskin azaldıb.

Üstəlik belə bir vaxtda Britaniya hökuməti 2040-cı ilədək benzin və dizel yanacağı ilə işləyən yeni avtomobillərin satışının qadağan olunacağı barədə planlarını elan edib.

Daha əvvəl Fransa, Almaniya və Norveç buna bənzər planlarını açıqlamışdılar. Bu arada İsveçin avtomobilqayırma nəhəngi Volvo bəyan edib ki, şirkət 2019-cu ildən etibarən yalnız elektriklə işləyən və ya hibrid avtomobillər istehsal edəcək.

Ekspertlər bildirirlər ki, bu planlar OPEC kartelinin hasilatı ixtisar etməklə neftin qiymətlərini qaldırmaq planlarının icrasını daha da çətinləşdirəcək.

Buna baxmayaraq ötən həftə Shell neftin gələcəyini şübhə altına alanları təəccübləndirərək rüblük gəlirlərini 3. 7 milyard dollara çatdırıb.

Hargreaves Lansdown analitik mərkəzinin eksperti Nicholas Hyett deyib ki, hətta hazırkı aşağı neft qiymətləri ilə də belə böyük gəlir heyrətamizdir, hərçənd bu gəlirlərin heç də hamısı neft hasilatından qaynaqlanmır.

BP şirkətinin gəlir hesabatını bu çərşənbə axşamı açıqlayacağı planlaşdırılıb və ekspertlər bu fikirdədirlər ki, bu şirkətin də qənaət tədbirləri onun aşağı neft qiymətləri şəraitində yüksək gəlir götürməsinə imkan yaradıb.

Buna baxmayaraq, Ayondo Markets firmasından neft ticarətçisi Jordan Hiscott deyib ki, aşağı neft qiymətləri BP-nin gəlirlərinə ciddi zərbə vurur.

"Onun səhm qiymətləri bu il 11 faiz düşüb" - deyib ekspert.

Ekspert xəbərdarlıq edib ki, təmiz enerji və elektrik avtomobillərinin istehsalına yönəlmiş səylərə görə bütöv bir neft sənayesini "mükəmməl qasırğa" gözləyir.

"Bunun mümkün nəticəsi dividendlərin azalması, gəlirin tənəzzülü və ümumi neft axtarış-kəşfiyyat işlərinin ixtisarı olacaq" - deyib Jordan Hiscott.

Rowan Dartington firmasından texniki investisiyalar direktoru Guy Stephens isə bu qənaətdədir ki, OPEC-in hasilatı azaltmaqla qiymətləri artırmaq planı iflasa uğrayıb.

"Neft qiymətləri ötən il ərzində barreli 44-58 dollar arasında ləngər vurub və bəzi təhlilçilər qiymətlərin bir daha 100 dollara çata bilməyəcəyini söyləyirlər" - deyib ekspert.

Fotonun müəllifi Getty Images

Aviaşirkətlər yanacaq xərclərini sərnişinlərə "yükləyir"

"The Telegraph" isə sual edir ki, neft qiymətlərinin düşdüyü halda təyyarə biletləri niyə ucuzlaşmır?

Britaniyada kampaniyaçılar hava nəqliyyatı şirkətlərini sərnişinləri "soymaqda" ittiham edirlər.

Mühafizəkar millət vəkili Michael Fabricant isə belə ittihamlara dəstək verərək bildirib ki, son bir neçə ildə biletlər ümumilikdə azacıq ucuzlaşıb, lakin bu ucuzlaşma neftin və yanacağın ucuzlaşmasını tam əks etdirmir.

"Sərnişinlərin aviaşirkətlərin onları soyduğunu deməsinə tam əsas var" - deyib siyasətçi.

Onun fikrincə aviasiya şirkətləri neftin ucuzlıaşması nəticəsində əldə etdikləri gəlirləri aviabiletlərin ucuzlaşdırılmasına yönəltmirlər.

Neft qiymətləri son üç ildə bir barrel üçün 115 dollardan 50 dollara düşərək 56 faiz ucuzlaşıb.

Britaniyanın SkySkanner səyahət şirkəti bildirib ki, 2015-ci ilin iyul ayı ilə bu ilin iyununadək aviaşirkətlər Britaniyadan bütün istiqamətlərə ekonom biletlərinin qiymətini orta hesabla 351 funt sterlinqdən 328 funt sterlinqə endiriblər. Bu, 6, 6 faiz ucuzlaşma deməkdir.

Eyni zamanda Britaniyadan Avropa ölkələrinə aviabiletlərin qiyməti 7, 6 faiz ucuzlaşıb.

Cənab Fabricant deyib ki, məsələn Emirates hava yolları şirkətinin təyyarəsi ilə Londondan Sidneyə uçuşun qiyməti 1360 funt sterlinqdir. Bunun 364 funtu biletlərin qiymətinə yanacaq xərclərinə görə əlavə edilib.

Millət vəkili nazirləri öz biletlərinin qiymətinə yanacaq xərclərini əlavə edən şirkətləri cəzalandırmağa çağırıb.

TravelSupermarket.com səyahətlər saytından Emma Coulthurst deyib ki, son üç il hava nəqliyyatı sənayesi üçün gəlirlər baxımından ən sərfəli vaxt olub.

Neft və yanacaq qiymətlərinin düşməsi nəticəsində hava şirkətləri nəhəng gəlirlər əldə edirlər.

Ekspertin fikrincə neft qiymətləri qalxan kimi aviaşirkətlər biletlərin qiymətini dərhal qaldırırlar, lakin indi neftin kəskin ucuzlaşdırdığı bir vaxtda biletlərini ucuzlaşdırmağa tələsmirlər.

Emma Coulthurst aviaşirkətlərin təyyarə biletlərinin qiymətlərinə yanacaq xərclərini yükləməsini yolverilməz hesab edir və deyir ki, həm də bunu əsasən iri hava şirkətləri edirlər.

Lufthansa şirkəti isə bildirib ki, o yanacaq xərclərinin bilet qiymətlərinə əlavə edilməsi praktikasını 2 il əvvəl dayandırıb və sərnişinlıər "onun çox rəqabətli bilet qiymətlərindən" faydalanırlar.

British Airways şirkəti də bildirir ki, onun bilet qiymətləri yanacaq qiymətlərinə bağlı deyil.

Bununla belə, Emirates şirkəti sorğulara cavab verməkdən boyun qaçırıb.

Fotonun müəllifi Reuters

Rusiyada Trump-a qarşı "seks kompromatı" varmı?

"The İndependent" yazır ki, ABŞ-ın Demokratik Partiyasından qadın millət vəkili Maxine Waters vise-prezident Mike Pence-in inaqurasiyaya hazırlaşdığını iddia edib.

Özünün Twitter postunda Maxine Waters yazır ki, Pence Trump-ın impiçmentinə hazırlaşır və keçid komandasına Priebus Spicer başçılıq edəcəklər.

Bu iki rəsmi Trump administrasiyasından bu yaxınlarda istefa verib.

Trump-ın qatı tənqidçisi olan xanım Waters Rusiyanın Trump-a qarşı iddia olunan kompromatına "açıq-saçıq seks videosunun" da daxil olduğunu iddia edən ilk ABŞ siyasətçisi olub.

O deyib ki, Rusiya hökumətində Trump-a qarşı maliyyə və seks şantajı üçün materailların olması barədə iddialar həqiqətdir.

Millət vəkili bu qənaətdədir ki, prezident Trump impiçment edilməlidir.

"O yalançıdır, cığaldır və fırıldaqçıdır" - deyib Maxine Waters.

Bundan əvvəl iki demokrat millət vəkili - Al GreenBrad Sherman prezidentin impiçmenti barədə Konqres təşəbbüsü qaldırmışdı.

Lakin impiçment mühakiməsinin başlanması üçün Nümayəndələr Palatasında çoxluğun, Senatda isə senatorların üçdə ikisinin razılığı olmalııdır.

Amma 2018-ci ildə keçiriləcək mövsümortası seçkilərədək hər iki palatada respublikaçılar çoxluqda olacaqlar və belə bir qüvvələr nisbətində impiçmentin mümkünlüyü ağlabatan görünmür.

Cənab Pence indiyədək Trump-ın Rusiya ilə əlaqələrinə dair iddialardan yaranmış qalmaqaldan kənarda dayanmağa çalışıb.

"The İndependent" yazır ki, indiyədək yalnız iki ABŞ prezidenti impiçment edilib, lakin hər iki halda prezidentlər Bill Clinton Andrew Johnson vəzifələrində qalıblar. Buna səbəb onların Senatda bəraət qazanmaları olub.

Richard Nixon-a gəlincə isə, o Watergate qalmaqalının ardınca Konqres onu impiçment etmədən özü istefa verib.

Amerika tarixində 14 vise-prezident sonradan prezident olub. Bunlardan səkkizi prezidentlərin ölümü nəticəsində posta gətirilib.

5 vise-prezident ikinci müddətdə prezident olub. Daha bir vise-prezident hakimiyyətə prezidentin istefası ilə əlaqədar gəlib.