Cakartada selfie riskinə görə motosikletlərə yol qovşağına çıxış qadağan olunub

Semanggi yol qovşağı Fotonun müəllifi Getty Images
Image caption Semanggi yol qovşağının görüntüsü dördyarpaqlı yonca bitkisini xatırladır.

Cakartada selfie riskinə görə motosikletlərə nəqliyyatın gur işlədiyi yeni yol qovşağına çıxış qadağan olunub.

Cakarta şəhər rəhbərliyi bu həftəsonu şəhərdə yeni açılmış keçid yollara moped və motosikletlərin çıxışını qadağan edib.

Populyarlıq qazanmaq potensialına malik həmin yol qovşağında selfie çəkdirmək həvəsinə düşənlərin qəza vəziyyəti yarada biləcəyindən ehtiyat edildiyi bildirilir.

Semanggi yol qovşağının görüntüsü dördyarpaqlı yonca bitkisini xatırladır.

Yol qovşağını işıqlandıran minlərlə diodun saçdığı işığın rəngi hər bir neçə saniyədən bir dəyişir.

Cakarta Nəqliyyat Agentliyinin rəsmisi bildirib ki, qadağanın məqsədi motosikletçilərin təhlükəsizliyini təmin etməkdən ibarətdir, çünki bu ərazi selfie çəkdirənləri artıq cəlb etməyə başlayıb, Jakarta Post nəşri bildirib.

Cakarta qubernatoru Carot Seyful Hidayət eyni səbəbdən qovşağda avtomobil hərəkətindən azad gün elan olunması fikrini də dəstəkləməyib.

"Biz bu ərazinin təhlükəsizliyini təmin etməliyik. Biz əmin olmalıyıq kı, orada heç bir qəza hadisəsi baş verməyəcək", - Tempo saytı qubernatorun sözlərini iqtibas edib.

ABŞ-da Carnegie Mellon Universitetinin tədqiqatçıları 2016-cı ildə aşkar ediblər ki, 2014-cü ildən bəri selfie çəkilişi ilə bağlı insidentlər 127 adamın ölümü ilə nəticələnib. Eləcə də müəyyən olunub ki, ölüm hadisələrinin əksəriyyəti böyük bir hündürlükdən yıxılma nəticəsində baş verib.

İndoneziya yollarında həyata təhlükə təkcə selfie ilə məhdudlaşmır.

Cakartada yol hərəkatı çox pis vəziyyətdədir. Yol tıxaclarında saatlarla ilişib qalanların isti havada susuzluqdan, günvurmadan, istiliyə dözə bilmədiklərindən ölməsi halları baş verir.

Keçən il Ramazan ayında istidən yol tıxaclarında ölənlərin sayı 12 nəfərə çatmışdı.

Bu barədə daha geniş