ABŞ Prezidenti Donald Trump Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyib

Trump and Putin Fotonun müəllifi Reuters
Image caption Vladimir Putin və Donald Trump Almaniyada keçirilən G20 zirvə toplantısında görüşüblər

ABŞ Prezidenti Donald Trump Moskvanın 2016-cı il ABŞ prezident seçkilərinə iddia olunan müdaxiləsini cəzalandırmaq üçün Rusiyaya qarşı yeni sanksiyaları təklif edən qanun layihəsini imzalayıb.

Ağ Evdə bağlı qapılar arxasında imzalanan layihə həmçinin Şimali Koreya və İrana qarşı da yeni sanksiyaları nəzərdə tutur.

Yeni qanunun digər xüsusiyyəti Congress-dən icazəsiz prezidentin sanksiyaları yüngülləşdirmək və ya ləğv etmə səlahiyyətinin kəskin şəkildə məhdudlaşdırmasıdır.

Rusiya ABŞ prezident seçkilərinə müdaxilə etməsinə dair iddiaları rədd edir və öz növbəsində cənab Trump Rusiya və onun seçki kampaniyası arasında sözləşmə və əməkdaşlıq iddialarını təkzib edir.



Prezidentin qanunu imzalamasına baxmayaraq, ABŞ Dövlət Katibi Rex Tillerson onun və prezidentin qanun layihəsindən heç də məmnun olmadıqlarını deyib.

Rusiya yeni sanksiyalara cavab olaraq ABŞ səfirliyinin Rusiyada fəaliyyət göstərən 755 işçisinin ABŞ-a qayıtmasına göstəriş verib.

ABŞ Congress-ində hər iki partiya tərəfindən dəstəklənən layihə, keçmiş prezident Barack Obama-nın 35 Rusiya diplomatını ölkədən qovma qərarından bir neçə ay sonra qəbul olunub.

"Biz mövqeyimizi açıq şəkildə bildirdik ki, bu bizim səylərimizə kömək etməyəcək, lakin bu onların (Congress-in) verdiyi qərardır", cənab Tillerson çərşənbə axşamı deyib.

"Onlar bu qərarı çox böyük əksəriyyətlə veriblər. Mən düşünürəm ki, prezident bunu qəbul edir."

Respublikaçı senator Lindsey Graham yeni qanunu tərifləyərək Congress-dəki çoxluğun prezidentin vetosundan üstün olduğunu və bu səbəbdən cənab Trump-ın bu barədə seçimi olmadığını deyib.

"Prezident Putin Amerikada başqa heç kəsin bacarmadığı bir şeyə nail oldu. O, Congress-i birləşdirdi", cənab Graham CNN-ə deyib.

Rusiyalı deputat Konstantin Kosaçev prezident Trump-ın Congress-ə qarşı mübarizə aparmadığı üçün onun "təslim" olduğunu deyib.

Bu barədə daha geniş