Britaniya mətbuatı: Deputatlar məşuqələrini işə götürə bilərlər, arvadlarını yox

Fotonun müəllifi Getty Images
Image caption "The Times" qəzeti yazır ki, Fransa prezidenti Emmanuel Macron-un imzaladığı yeni qanun bəzi millət vəkillərinin evinə dava salacaq.

Deputatlar məşuqələrini işə götürə bilərlər, arvadlarını yox

"The Times" qəzeti yazır ki, Fransa prezidenti Emmanuel Macron-un imzaladığı yeni qanun bəzi millət vəkillərinin evinə dava salacaq.

Bu qanun parlament üzvlərinə öz ailə üzvlərini köməkçi və məsləhətçi kimi işə götürməyi qadağan edir.

Macron-un tənqidçiləri prezidenti riyakarlıqda ittiham edirlər. Çünki bundan əvvəl Macron öz arvadı üçün Fransanın birinci ledisi postunun yaradılmasına göstəriş verib.

Məqalədə deyilir ki, onlarca millət vəkili hələ bu qanun imzalanmazdan əvvəl öz həyat yoldaşlarını işdən çıxarıb, lakin 20-dək deputat hələ də qohumlarını işdə saxlayır.

Yeni qanun onu pozanların bir il müddətinə azadlıqdan məhrum edilməsini və 45 min avro cərimə olunmasını nəzərdə tutur.

Macron-un bu qanunu qəbul etməsinə səbəb onun seçki rəqibi François Fillon-un öz arvadına və uşaqlarına iş verməklə 1 milyon avronu mənimsəməsi ilə bağlı qalmaqal olub.

Müxtəlif partiyalardan olan millət vəkilləri ən azı ictimai çıxışlarında bu qanuna dəstək bildirsələr də, deputatların bir qismi onun qəbulundan qəzəblidir.

Kiçik partiyaların birindən millət vəkili olan Yannick Favennec öz arvadına katibəsi kimi iş verib.

Onun xanımı deyib ki, Macron-un belə siyasəti iyrəncdir.

"The Times" yazır ki, qanun indikindən də sərt ola bilərdi. Məsələn Daxili İşlər Nazirliyinin layihəsində millət vəkillərinin hətta öz məşuqə və sevgililərini də işə götürməsi qadağan olunurdu.

Yeni qanun diggəti yenidən Macron-un xanımının üzərinə yönəldib.

Respublikaçı partiyadan millət vəkili Damien Abad deyib ki, innən belə yalnız bircə ailə üzvünün işləməsinə icazə veriləcək: Brigitte Macron.

ABŞ bundan sonra bütün dünyada demokratiyanı müdafiə etməyəcək?

Fotonun müəllifi Getty Images
Image caption "Əgər səhv düzəldilməsə, bu bəyanat dünyanın bütün diktatorlarının ürəyindən xəbər verəcək", George W Bush-un prezidentliyi dövründə milli təhlükəsizlik müşavirinin müavini işləmiş Elliott Abrams deyib.

"The Independent" yazır ki, ABŞ Dövlət Departamenti özünün dünya missiyasından "demokratiya" sözünün çıxarılması məsələsini nəzərdən keçirir.

Məqalədə deyilir ki, dövlət katibi Rex Tillerson-un tapşırığı ilə hazırlanan missiya bəyannaməsi əvvəlkilərdən fərqlənmir, lakin ABŞ-ın bütün dünyada demokratiyanı yaymaq məqsədi yeni bəyannamədə olmaya bilər.

Ötən cümə günü göndərilmiş daxili email-dən bəlli olur ki, Dövlət Departamentinin icraiyyə komitəsi departamentin məqsəd, missiya və ambisiyalarını müzakirə edib. Yeni bəyannamə layihəsində deyilir:

"Biz bütün dünyada Amerika xalqının təhlükəsizlik və firavanlığı maraqlarını yürüdəcəyik."

"The İndependent" bunu keçənilki bəyannamə ilə müqayisə edib. Orada deyilirdi ki, Dövlət Departamenti "daha əmin-amanlıqlı, çiçəklənən, ədalətli və demokratik dünyanın formalaşdırılmasına çalışacaq".

Dövlət Departamentinin hər iki partiyadan olan keçmiş rəsmiləri bildirirlər ki, yeni bəyannamə layihəsindən "ədalətli" və "demokratik" sözlərinin çıxarılması nə təsadüfdür, nə də xətadır.

George W Bush-un prezidentliyi dövründə milli təhlükəsizlik müşavirinin müavini işləmiş Elliott Abrams deyib ki, "ədalət" və "demokratiya" sözlərinin yeni bəyannamə layihəsində olmamasını yalnız bir cür izah etmək olar: "Biz ədalətli və demokratik dünya istəyirdik, indi belə görünür ki, daha istəmirik".

Cənab Abrams deyib ki, Dövlət Departamentinin missiya bəyannaməsi mühüm sənəddir, çünki bütün dünya hökumətlərinə və xalqlarına verilən siqnaldır. Yeri gəlmişkən Tillerson Abrams-ı departamentə vəzifəyə gətirmək istəsə də, Trump onun namizədliyini rədd etmişdi.

Abrams deyir ki, bu dəyişiklik "çox ciddi səhvdir və dərhal düzəldilməlidir".

"Əgər səhv düzəldilməsə, bu bəyanat dünyanın bütün diktatorlarının ürəyindən xəbər verəcək" - deyib Abrams.

Obama administrasiyasında dövlət katibinin demokratiya məsələləri üzrə müavini işləmiş Tom Malinowski deyib ki, missiya bəyannaməsindəki bu dəyişiklik Birləşmiş Ştatları Rusiya da daxil ABŞ-ın bir çox düşmənlərinə "yoldaş" edir.

Malinowski deyib ki, hazırkı bəyannamə variantı Putinin istədiyi dünyanı nəzərdə tutur.

Cənab Malinowski əlavə edib ki, əgər bəyannaməyə düzəliş edilməsə, bu dəyişiklik Dövlət Departamentinin öz içərisində çaşqınlıq və vurnuxma yaradacaq.

Trump özünün inaqurasiya nitqində demişdi ki, Amerika bundan sonra öz həyat tərzini başqalarına qəbul etdirməyəcək, əvəzində hər bir kəsə nümunə kimi parlayacaq".

Elə Tillerson-un özü də bəzi bəyanatlarında bildirib ki, Amerika dəyərlərinin təbliğ olunması, Amerikanın milli təhlükəsizlik maraqlarının yürüdülməsinə mane olur.

O ötən mart ayında, illərdir davam edən ənənəni pozaraq departamentin illik insan haqları hesabatının təqdimatını özü keçirməyib.

ABŞ Venesuelaya neft sanksiyaları qoysa, zərbəsi özünə dəyəcək

Fotonun müəllifi STF
Image caption Venesuela prezidenti Nicolas Maduron-un ölkədəki demokratiyanın son təsisatlarını dağıtmaqda davam etməsi nəticəsində OPEC üzvü olan bu ölkə ABŞ-ın sanksiyaları ilə üzləşə bilər.

"Financial Times" yazır ki, Venesuela prezidenti Nicolas Maduron-unölkədəki demokratiyanın son təsisatlarını dağıtmaqda davam etməsi nəticəsində OPEC üzvü olan bu ölkə ABŞ-ın sanksiyaları ilə üzləşə bilər.

ABŞ Maliyyə naziri Steven Mnuchin deyib ki, hazırda sanksiyaların mümkün variantları müzakirə olunur.

Məqalədə deyilir ki, ABŞ, bu neftlə zəngin ölkə barəsində iki istiqamətdə ölçü götürə bilər.

1. Venesueladan xam neft idxalının bloklanması

FT yazır ki, Venesuela neftinin idxalının bloklanması ən aqressiv sanksiya üsulu olardı. Lakin bu halda qlobal neft bazarının təsirlənməsi qaçılmaz olacaq.

Venesuela neftinin ən böyük alıcısı ABŞ-dakı neftayırma zavodlarıdır. Əgər Vaşinqton Venesuela neftinin idxalını bloklasa, ona tez bir zamanda alternativ tapmalı olacaq.

İdxala Venesuelanın dövlət RDVSA şirkətinin neftayırma firması Citgo başçılıq etsə də, ABŞ-dakı başqa neftayırma zavodları da Venesuela neftini emal edir. Təkcə ötən apreldə 7 idxalçı zavod 1 milyon barrel Venesuela nefti alıb.

May ayında isə müstəqil Valero neftayırma şirkəti hətta Citgo-nu da geridə qoyub. Bu zavod günə 200 min barrel Venesuela xam neftini idxal edib.

Valero-nun başçısı Gary Simmons deyib ki, əgər ABŞ Venesuela neftinin idxalına blok qoysa, bu neft onsuz da başqa istiqamətlərdə axacaq, Birləşmiş Ştatlardakı neftayırma müəssisələri isə nefti alternativ mənbələrdən idxal edəcək. Bütün bunlar ağır xam neftin qiymətlərinin qalxmasına səbəb olacaq.

FT yazır ki, ağır xam neftin bazarında hazırda onsuz da sıxlıq var, çünki OPEC qiyməti qaldırmaq məqsədilə hasilatı azaldanda, ilk növbədə ağır neftin hasilatından başlayır.

Venesuelaya gəlincə isə, o öz neftini satmaqda davam edəcək, hərçənd ixracın istiqaməti əsasən Asiyaya və Çinə tərəf dəyişəcək.

Amma belə dəyişiklik Venesuelanın gəlirdə itkisinə səbəb olacaq.

Goldman Sachs bankının hesablamalarına görə əlavə nəqliyyat xərclərinə görə Venesuela hər barreldə 2, 5 dollar itirəcək.

Bu həftə neft qiymətləri onsuz da 5 dollar qalxıb.

Buna görə də ABŞ-ın Venesuelaya qarşı neft sanksiyalarının ən böyük zərbəsi Amerikanın özünə dəyə bilər. Beləki amerikalılar benzin və dizeli daha baha qiymətə almalı olacaqlar.

Lakin Goldman-nın təhlilçisi Damien Courvalin-in fikrincə ABŞ Venesuelaya sanksiyaları elan etməzdən əvvəl özünün yanacaq bazarında hazırlıq tədbirləri görəcək.

Bu da qeyd olunur ki, ABŞ-ın xüsusilə də Florida ştatı təyyarə yanacağına görə Venesuela neftinin idxalından asılıdır.

Aprel-may aylarında Florida ona lazım olan təyyarə yanacağının 20 faizini Venesueladan alıb.

2. Venesuelaya ixracın bloklanması

FT yazır ki, OPEC üzvü və iri neft ixracatçısı olmasına baxmayaraq Venesuelanın son illərdə neft idxalından asılılığı artır. Bu mənada onun neft aldığı əsas ölkə yenə də ABŞ-dır.

Venesuela ABŞ-dan yüngül şist nefti idxal edir. Bu neft ona özünün ağır neftinə qarışdırıb onu yüngülləşdirməsi üçün lazımdır. Venesuela ABŞ-dan elə eyni məqsədlə liqroin də alır.

Bundan başqa Venesuelanın PDVSA dövlət neft şirkətinin özünün neft emalı sistemi köhnəlib və daxili bazarın təchizatının öhdəsindən gələ bilmir. Buna görə də Venesuela xaricdən benzin və dizel yanacağı almağa məcburdur.

Neft tankerlərinin hərəkətini izləyən Clipper Data agentliyinin məlumatına görə Venesuela 2017-ci il ərzində bütün təchizatçılardan 37 milyon barrel benzin, liqroin və dizel alıb. Emal olunmuş neft məhsullarının 20 faizi elə həmin o ABŞ-dakı Citgo-dan gəlir. Bundan başqa ABŞ Venesuelaya gündə 25 min barrel neft ixrac edir.

Bu kanalların bağlanması Venesuelanı başqa təchizatçılar axtarmağa məcbur edəcək, həm də bu onsuz da cibləri boş qalan hökumətə daha baha qiymətə başa gələcək. Bu da qeyd olunmalıdır ki, Citgo-nun məhsulları Venesuelaya kredit əsasında verilir, başqa sözlərlə alternativ tapmaq asan olmayacaq.

Bəzi xəbərlərə görə, ABŞ həmçinin PDVSA şirkətinə dollardan istifadəni qadağan edə bilər. Bu isə öz növbəsində çətin vəziyyətdə olan ölkənin xarici valyuta ilə gəlirlərinə zərbə olacaq.

RBC Capital Markets firmasından Helima Croft deyir ki, belə bir qadağan PDVSA şirkətinin xarici borclarını dərhal defolta sala bilər.

Ekspert deyir ki, Venesuelanın xarici valyuta ehtiyatı indi 10 milyard dollardan aşağı düşüb və ona dollardan istifadənin qadağan olunması Venesuelanın 2017-ci ildə xarici borclar üzrə 5 milyard dollarlıq ödənişlərini mümkünsüz edə bilər. Bunun 3, 5 milyard dollarını PDVSA oktyabr-noyabr aylarında ödəməlidir.

Venesuelanın özünün neft hasilatı idarəçilikdə qüsurlar və nəqd pulun çatışmazlığı ucbatından 2014-ci ildəki günə 2, 5 milyon barreldən 1, 9 milyon barrelə düşüb.