Neymar 222 milyon avro üçün Barcelona-nı tərk etməyə hazırlaşır

Neymar məşqləri davam etdirmək üçün çərşənbə günü Barcelona-ya gəlib və klub yoldaşlarını Barcelona-nı tərk etmək istədiyini bildirib Fotonun müəllifi EPA
Image caption Neymar məşqləri davam etdirmək üçün çərşənbə günü Barcelona-ya gəlib və klub yoldaşlarına Barcelona-nı tərk etmək istədiyini bildirib

Barcelona futbol klubunun hücumçusu Neymar Paris St-Germain (PSG) klubuna rekord, 222 milyon avroluq keçid üçün danışıqlara başlayacaq.

Braziliyalı hücumçu klub yoldaşlarına deyib ki, İspaniya klubunu tərk etmək istəyir.

Bundan sonra Barcelona-nın baş məşqçisi Ernesto Valverde ona məşqdən yayınaraq "gələcəyini həll etməyə" icazə verib.

PSG-nin futbolçuya 222 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Neymar 2013-cü ildə Braziliyanın Santos klubundan Barcelona-ya 54 milyon avroya transfer olunub. O, 2016-cı ildə 24 qat İspaniya çempionu ilə beş illik müqavilə imzalayıb.

Futbolçunun nümayəndəsi Wagner Ribeiro keçən il bildirmişdi ki, Fransa klubu Neymara həftəlik vergisiz 726000 avro təklif edib.

Hücumçunun Manchester United-ə keçməyə yaxın olduğu da deyilirdi.

Neymar Barcelona-nın heyətində 105 qola imza atıb. O, klubla birgə iki dəfə liqa çempionu və bir dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş