Şahzadə Diana-nın gizli çəkilmiş görüntülərini əks etdirən filmdə nələr olacaq?

Diana Fotonun müəllifi PA

Böyük Britaniyada şahzadə Diana-nın ölümünün 20-ci ildönümüylə bağlı Channel 4 kanalında yayınlanacaq sənədli film ətrafında mübahisələr davam edir.

Bazar günü nümayiş olunacaq filmdəki bəzi mövzular Britaniya mətbuatında da yer almağa başlayıb.

Channel 4 bütün etirazlara baxmayaraq 1992-1993-cü illər arasında çəkilmiş lenti yayınlamaq qərarından daşınmayıb.

Film şahzadəyə natiqlik məharəti üzrə dərslər verən Peter Settelen tərəfindən gizlicə çəkilən videolardan ibarətdir.

Channel 4 bu görüntülərin Diana-nın həyatına "xüsusi bir baxış" təqdim etdiyi fikrini müdafiə edir.

Diana-nın dostları isə deyir ki, görüntülər şahzadənin obrazına xələl gətirir.

Fotonun müəllifi Reuters
Image caption Şahzadə Charles və Diana

"Diana: In Her Own Words" (Diana: Öz sözləriylə) adlı sənədli filmdə Diana-nın bəhs etdiyi bəzi mövzular bunlardır:

  • Diana Uels şahzadəsi Charles ilə evliliyinin sevgisiz olduğunu deyir və Böyük Britaniya kraliçası II Elizabeth-in yanına gedərək ağladığını söyləyir: "Ondan "Mən nə etməliyəm?" deyə soruşdum. Kraliça mənə "Bilmirəm.Charles ümidsiz bir vəziyyətdədir" cavabını verdi".
  • Görüntülərdə Diana 24 yaşında aşiq olduğu bir çəxsdən danışır. "Bunun fərqinə varıldı, o, əvvəlcə qovuldu, sonra da öldürüldü. Həyatımdakı ən böyük kədərim bu idi. Odla oynamaq olmazdı. Mən odla oynadım və çox pis yandım". Diana-nın bir motosiklet qəzasında həlak olan keçmiş mühafizəçisi, polis Barry Mannakee-dən bəhs etdiyi təxmin edilir. Diana onunla birlikdə olmaq üçün kral ailəsindən ayrılmağı düşündüyünü də söyləyir.
  • Diana həyat yoldaşı şahzadə Charles-lə evlənməzdən əvvəl onunla 13 dəfə görüşdüyünü söyləyir. 19 yaşında olan Diana şahzadə Charles-ın ona göstərdiyi diqqətdən qürur duyduğunu deyir, evləndikdən sonra isə münasibətlərinin pisləşməsindən bəhs edir.
  • Şahzadə Diana şahzadə Charles-ın məşuqəyə sahib olmaq istədiyini danışır. Onun sözlərinə görə Charles bütün Uels şahzadələrinin məşuqəsi olduğunu deyib və "məşuqəsiz yeganə Uels şahzadəsi" olmaq istəmədiyini bildirib.
  • İntim həyatları ilə bağlı sualı cavablayan Diana onun "6-7 il əvvəl tamamilə sona çatdığını və daha əvvəl 3 həftədə bir dəfə sekslə məşğul olduğunu" deyir.

Şahzadə Diana 20 il əvvəl baş verən avtomobil qəzasında həlak olub.

Böyük Britaniyada ilk dəfə yayınlanacaq görüntülər daha əvvəl ABŞ-ın NBC kanalında yayınlanmışdı.

Diana-nın ölümünün 10-cu ildönümü münasibətilə BBC tərəfindən hazırlanan sənədli film şəxsi həyata müdaxilə barədə mübahisələrdən sonra göstərilməmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş