Hindistanda qadınlara hücum edərək saçlarını kəsənlər kimdir?

Sunita Dev
Image caption Sunita Devi deyir ki, hücumdan sonra hələ də özünə gələ bilməyib

Hindistanın şimalındakı Haryana və Racastan ştatlarında 50-dən çox qadın polisə bildiriblər ki, onlar huşsuz vəziyyətdə olarkən saçları kəsilib.

Qadınlar vahimə içində, polis bu təəccüblü hadisələrdən baş çıxarmağa çalışır, BBC-dən Vikas Pandey deyib.

"Güclü bir işıq parıltısı yadımdadır və mən huşumu itirdim. Bir saatdan sonra anladım kı, kimsə saçlarımı kəsib," - Haryananın Gurgaon dairəsindən olan Sunita Devi, 53-yaşlı evdar qadın deyir.

O, hələ də cümə günü baş vermiş "hücumun" təsirindən özünə gələ bilməyib.

"Yata bilmirəm, diqqətimi cəmləşdirə bilmirəm. Oxumuşam ki, belə hadisələr Racastanda da baş verib, lakin belə bir hadisənin mənim də başıma gələcəyini təsəvvürümə belə gətirə bilməzdim", - Sunita deyir.

"Kabus bərbərlər" haqqında xəbərlər ilk olaraq iyul ayının əvvəlində yayılmağa başlayıb.

Buna bənzər hadisələrin sonradan Racastanda, Haryanada və hətta paytaxt Dehlidə də baş verdiyi barədə xəbərlər gəlib.

Heç kim heç nə görməyib

Sunita Devi bir böyük ailə kimi olan fermer və tacirlərin icmasında yaşayır.

Qonşulardan bəziləri Sunita şokdan özünə gələnədək, növbə ilə onun yanında olur, ona baxır.

Sunitanın təbirincə, ona hücum edən, "əyninə əl-əlvan paltar geymiş" yaşlı kişi olub,

"Mən evin aşağı mərtəbəsində tək idim, gəlinim və nəvəm isə hücum baş verəndə yuxarıda idilər. Hücum 21:30 radələrində baş vermişdi", - o deyir.

Gəlini və nəvəsi heç nə eşitməyiblər və görməyiblər.

Image caption Muniş Devi bildirib ki, hücum edəni qonşular görə bilməyib

Sunita Devinin qonşusu Muniş Devi deyir ki, 20-dək evin yerləşdi dar döngə adətən 21:00-dən 22:00-dək qonşularla dolu olur.

"Camaat nahardan sonra bir araya gəlib söhbətləşir, dincəlir. Cümə günü də həmişəki kimi olub. Lakin bizlərdən heç kim heç nə görməyib, Sunitanın mənzilinə özgə kimsə gələn və ya oradan çıxan gözə dəyməyib", - Muniş deyir.

Əhvalatın davamı

Səhərisi gün buradan cəmi bir neçə metr aralıda, evdar qadın Aşa Devi bənzər hadisə nəticəsində saçlarının kəsilməsinə məruz qalır.

Bu dəfə, deyildiyinə görə, hücum edən qadın olur.

Aşa Devinin qayınatası Surac Pal deyir ki, bu insidentdən sonra o, Aşanı və ailədəki digər qadınları Uttar Pradeş ştatındakı qohumlarının evinə göndərir.

"Qadınlar vahimə içində idi, onları başqa yerə bir neçə həftəlik göndərdim", - o deyir.

Surac Pal deyir ki, Aşa Devi ev işlərini bitirmək üçün bayıra çıxanda saat 22:00 radələri idi.

"Artıq 30 dəqiqə keçmişdi, gəlb çıxmırdı, ona görə, getdim baxım haradadır. Biz onu hamamda huşsuz vəziyyətdə tapdıq. Kəsilmiş saçları döşəməyə səpələnmişdi", - Surac Pal deyir.

Fotonun müəllifi EPA
Image caption Hücumların Dehli şəhərində də baş verdiyi deyilir

Onun sözlərinə görə, Aşa bir saatdan sonra özünə gəlib və deyib ki, üstünə hücum edən qadın olub.

"Onun dediyinə görə, hər şey 10 saniyənin içində baş verib," - o bildirib.

Gurgaon-dan təxminən 70 km məsafədə yerləşən Revari bölgəsinin kənd ərazilərində mənə buna bənzər hadisələrin baş verdiyini danışdılar:

  • 28 yaşlı Rina Devi Conavasa kəndindən deyir ki, cümə axşamı günü hücuma məruz qalıb. Dediyinə görə, ona hücum edən pişik olub. "Ev işlərini yerinə yetirirdim. Birdən, pişiyi xatırladan yekə bir fiquru gördüm. Sonra kimsə çiynimə toxundu, yadımda qalan elə budur," - o deyir. O anlayır kı, "onun əhvalatına inanmaq çətindir." "Bilirəm ki, inanılmaz kimi səslənir. Lakin gördüyümü deyirəm. Bəziləri deyir ki, saçlarımı özüm kəsmişəm, amma mən bunu niyə etməliyəm ki?" - Rina sual edir.
  • Qonşuluqda yerləşən Xarxarra kəndində, 60 yaşlı Sundar Devi, şənbə günü hücuma məruz qaldıqdan sonra yatağından qalxmır. "Qonşu gilə gedirdim, birdən kimsə arxadan çiynimə toxundu. Dönüb arxaya baxdım, heç kim yox idi. Başqa nə isə yadda qalmayıb", - o deyir.
  • 28 yaşlı Rima Devi deyir ki, cümə günü telefonunda oyun oynayanda saçları kəsilib. "Ərim və uşaqlarım da otaqda idi. Saçımın dartıldığını hiss etdim, arxaya baxanda saçlarım döşəmədə idi", - o deyir.

"Kütləvi isteriya"

Gurgaon polisinin sözçüsü Ravinder Kumar deyir ki, şikayətlər araşdırılır.

"Bu hadisələr təəccüb doğurur. Hadisə yerlərində şübhəli bir şey aşkar olunmayıb, hücuma məruz qaldıqlarını deyənlərin tibbi müayinəsi anormallıq sayıla biləcək nə isə aşkar etməyiblər," - o deyib, Sözçü əlavə edib ki, iddia edilən hücumçuları görən olmayıb.

Ravinder Kumarın sözlərinə görə, nəyin baş verdiyini anlamaq məqsədilə müxtəlif dairələrin polis qurumları bu istiqamətdə səylərini əlaqələndirirlər.

"Yalnız hücuma məruz qaldıqlarını iddia edənlər hücum edəni gördüklərini deyirlər. Biz bu məsələni axıradək araşdırıb, həqiqəti üzə çıxarmaq niyyətindəyik. Lakin ona qədər hamını şayiələrə uymamağa çağırırıq", - o qeyd edib.

Image caption Sundar Devi hadisədən sonra yatağından qalxmadığını deyir
Fotonun müəllifi EPA
Image caption Dehlidə bəzi qadınlar saçlarını qorumaq üçün tanrı şəkli təsvir olunmuş sancaqlar taxırlar

Şayiələr isə kəsilmək bilmir.

Bir kənddən o birisinə gedərkən, baş verənlərin fərqli izahatını eşidirdim.

Kəndlərdən birində, ağsaqqal bir kişi mənə dedi ki, bu işdə mütəşəkkil dəstələrin barmağı var. Digər birisi isə dedi ki, onun qənaətincə, bu hücumların arxasında falçılar, cadugərlər və ya türkəçarə üsullarla camaata təbiblik edənlər durur, çünki belə hadisələrdən sonra camaat məhz onlara müraciət edir.

Bir qadın təkid edirdi ki, məsələyə"fövqəltəbii" qüvvələr qarışıb. Digərləri isə, "qurbanları" özlərinə diqqəti cəlb etmək üçün saçlarını kəsməkdə ittiham edirdi.

Yazıçı-rasionalist Sanal Edamaruku BBC-ə bildirib ki, onun fikrincə, bütün bu hallar "kütləvi isteriyanın" klassik nümunəsi sayıla bilər.

"Heç bir möcüzədən söhbət gedə bilməz. Hücuma məruz qaldıqlarını iddia edən qadınlar, görünür, hansısa daxili psixoloji ixtilafdan əziyyət çəkirlər, - o deyir. - Onlar belə əhvalatları eşidəndə, özlərinin də xəbəri olmadan həmin situasiyaları təkrarlamağa çalışırlar".

Lakin Rina Devi məsələnin belə qoyuluşu ilə razılaşmır.

"İllərlə saç uzatmışam, saçlarımdan zövq alırdım. İndi isə. Saçlarım kəsildikdən sonra, nə çəkdiyimi heç təsəvvür belə etmək mümkün deyil. Qadınların, saçlarını özləri kəsdiyini demək cəfəngiyyatdan başqa bir şey deyil", - o deyir.


Hindistanda digər kütləvi isteriya halları

Fotonun müəllifi Getty Images
  • 1990-cı illərin ortalarında bütün dünya boyu milyonlarla hindistanlı Dehlidə müqəddəs abidələrin süd "içdiyi" barədə xəbərdən məəttəl qalmışdı. 1995-ci il 25 sentyabrın səhər saatlarından Qaneşa fil başlı tanrı abidəsi qaşıqla süd içməyə başlayıb. Yemək və içki nəzirləri Hinduizmdə dini mərasimlərin tərkib hissəsidir
  • 2001-ci ildə xəbər verilmişdi ki, Dehli şəhərində yüzlərlə insan "meymun adamın" hücumuna məruz qalıb. Sonradan həmin hadisə kütləvi isteriya halı kimi təsvir olunub.
  • 2006-ci ildə Mumbayın populyar çimərliyinə minlərlə insan toplaşıb. Buna səbəb dəniz suyunun guya möcüzəvi şəkildə şirinləşdiyi barədə şayiələr səbəb olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş