Trump-Rusiya istintaqı: andlılar heyəti çağrılır

Mueller Fotonun müəllifi Reuters

ABŞ-da Rusiyanın seçkilərə mümkün müdaxiləsini araşdıran prokuror andlılar heyəti çağırıb.

Media ehtimal edir ki, prokuror Robert Mueller cinayət məsuliyyətinə cəlb etmək istiqamətində ilk addım atıb.

Reuters yazır ki, andlılar heyəti prezident Donald Trump-ın oğlunun rusiyalı hüquqşünasla 2016-cı ilin iyununda görüşünə görə çağrılıb.

Prezident, Hillary Clinton-a qalib gəlmək üçün Kremllə gizlicə sövdələşməni ehtimal edən hər kəsə hücum edib.

Andlılar heyəti nəzərdən keçirilən sübutların cinayət işi açmaq üçün yetərli olub-olmamasına qərar verməlidir. Onlar potensial cavabdehi təqsirləndirmir.

Sadə vətəndaşlardan ibarət bu qrup prokurora, həmçinin sənədləri əldə etmək, şahidləri dindirmək və ya məhkəmə əmrləri verə bilməyə imkan yaradır.


İndi məsələ çox ciddidir

Anthony Zurcher, BBC Şimali Amerika müxbiri

Robert Mueller-in xüsusi müşavir araşdırması Trump administrasiyası üçün həmişə narahatlıq doğurub. İndi isə bu daha ciddi məsələdir.

Vaşinqtonda andlılar heyətinin çağrılması və bunun oğul Donald Trump-ın Rusiya vətəndaşı arasında görüşünə aid edilməsi istintaqın prezidentin daxili çevrəsində cəmləşdiyini göstərir.

Cənab Mueller-in ətrafınaveteran prokurorları və müstəntiqləri topladığından bu, böyük şok kimi qəbul edilməməlidir. Lakin bu, cinayət ittihamları ilə nəticələnə biləcək zəruri bir addımdır. Ən azından bu, cənab Mueller-in keçmiş Milli Təhlükəsizlik Müşaviri Michael Flynn və onun lobbiçiliyi barədə şübhələrdən daha böyük işin izində olduğunun əlamətidir. Bu onu da göstərir ki, istintaq yaxın vaxtlarda bitməyə bilər.

Bundan əvvəl, Rusiya istintaqı haqqında böyük informasiyalar üzə çıxarkən cənab Trump rəqiblərini kəskin tənqid edib. İndi o necə cavab verəcək?


Prezident Trump və Rusiya indiyədək bütün sövdələşmə barədə iddiaları rədd ediblər.

Cənab Trump cümə axşamı günü Qərbi Vircinayada, Huntington-da tərəfdarları ilə keçirdiyi nümayişdə deyib ki, Rusiyanın seçkilərə müdaxiləsinə dair şübhələr ABŞ-ı aşağılayan "saxta" və "uydurma" məlumatdır.

"Rusiya hekayəsi - tamamilə uydurmadır- Sadəcə ABŞ siyasət tarixində ən böyük uduzmanı necəsə izah etmək lazımdır", o bildirib.

Prezident əlavə edib ki, "prokuror yaxşı olardı ki, Hillary Clinton-un silinmiş 33 min email-ləri ilə məşğul olsun".

Hansı məsələlər araşdırılır?

Andılar heyətinin işi məxfi olduğuna görə onun fəaliyyəti açıqlanmayacaq.

Robert Mueller-in özü də bu barədə təfərrüatlara varmayıb.

Aydın olan budur ki, cənab Mueller oğul Trump və prezidentin kürəkəni Jared Kushner-lə rusiyalı vəkil arasında ötən ilin iyun ayında yer alan görüşü təhqiq edir.

Oğul Trump daha əvvəl deyib ki, ona Hillary Clinton-a qarşı materialın veriləcəyi vəd edilmişdi. Hərçənd ki, onun sözlərinə görə, bu vəd özünü doğrultmadı.

İstintaq prezident Donald Trump-ın bu görüş barədə öncədən xəbəri olub-olmadığını öyrənmək istəyir.

Media daha bir məsələyə diqqət yetiriləcəyini yazır. Belə ki, istintaq müəyyənləşdirmək istəyir ki, prezident Trump əvvəlki FTB direktorunu işdən kənarlaşdırmaqla Rusiyanın seçkilərə iddia edilən müdaxiləsilə bağlı aparılan təhqiqata müdaxilə edib ya yox.

Cənab Mueller həmçinin Trump-ın seçki qərargahının rəhbəri olmuş Paul Manafort və Rusiyalı təmasları barədə məlumatları açıqlamadıqdan sonra işdən çıxarılan prezident müşaviri Michael Flynn-in maliyyə sövdələşmələrini nəzərdən keçirməlidir, məlumatlarda deyilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş