Britaniya mətbuatı: Səudiyyə şahzadəsi qadınlara bikini icazəsi verən kurort yaradır

Fotonun müəllifi Getty Images
Image caption Məhəmməd bin Salman yeni sahil kurortunun yaradılması planlarını elan edib

Səudiyyə qadınlarına bikini icazəsi veriləcək...Xüsusi kurortda

"The Telegraph" və "Evening Standard" qəzetləri yazır ki, Səudiyyə taxt-tacının yeni vəliəhdi yeni sahil kurortunun yaradılması planlarını elan edib və bu dəbdəbəli istirahət mərkəzində fəaliyyət göstərən xüsusi qanunlar qadınlara çimərlikdə bikinidə görünmək icazəsi verəcək.

Səudiyyə iqtisadiyyatını modernizasiya etməyi qarşısına məqsəd qoymuş Məhəmməd bin Salman deyib ki, bu kurort ölkənin Qırmızı dəniz sahilində yaradılacaq.

Şahzadə turistlərin qadınların uzun çadraya bənzər əbalarda gəzişdiyi kurortlara çox da can atmadıqlarını bildiyindən, bu qərara gəlib ki, yeni kurortda "beynəlxalq standartlara uyğun yeni qanunlar" qüvvədə olacaq.

Səudiyyə Ərəbistanında qadınlara aid qanunlar bütün dünyada ən repressiv qanunları sayılır. Onlara maşın sürmək və kişi qohumlarının razılığı olmadan səyahət emək qadağan olunub.

Bu ölkənin qadınları evdən kənarda üzlərini və vücudlarını tamamilə örtən geyimdə olmalıdırlar. Ötən ay bir qadın kimsəsiz kənddə mini ətək geyindiyinə görə ifadə verib.

Alkoqollu içkilər krallıqda qadağandır və ona yeni kurortda icazə verilib-vetilməyəcəyi bilinmir.

Səudiyyə Ərəbistanının ictimai investisiya fondunun məlumatında deyilir ki, "lüks kurort şəbəkəsi 50-dək insan ayağı dəyməyən sahil adalarında qurulacaq".

Fondun saytında qeyd olunur ki, "Qırmızı dəniz kurortu layihəsi" Səudiyyəni dünya turizminin xəritəsinə gətirəcək.

Kurortun inşasına 2019-cu ildə başlanacaq və tikintinin birinci fazası 2022-ci ildə tamamlanacaq. Burada 2035-ci ilədək milyon turistin qəbul edilməsi gözlənilir.

Qırmızı dəniz layihəsi Məhəmməd bin Salmanın "2030-cu ilə baxış" proqramının tərkib hissəsidir.

Bu proqram kralllığın neftdən asılılığına son qoymalıdır.

Bəzi xarici investorlar adının baş hərfləri ilə "MbS" kimi tanınan şahzadənin planlarını alqışlayıblar, lakin bəziləri bu planların həyata keçəcəyinə inanmadıqlarını bildiriblər.

Səudiyyə Ərəbistanı Qırmızı dənizdə özünün kurort layihəsinə başladığı bir vaxtda qonşu Misir turistləri onun özünün elə həmin dənizin sahillərində yerləşən kurortlarının təhlükəsiz olduğuna əmin etmək istəyir.

Misirin turist məkanları son illərdə, Rusiya təyyarəsinin qəzası da daxil, bir neçə hay-küylü hücumlara məruz qalıb. Bu hadisələrin nəticəsində Misirə turist axını kəskin azalıb.

Səudiyyə isə bəyan edir ki, onun yaratdığı kurort kompleksində təhlükəsizlik ən yüksək beynəlxalq səviyyədə təmin olunacaq.

Səudiyyə şahzadəsinin planlarına görə əksər əcnəbilər yeni kurort zonasına birbaşa vizasız səfər edə biləcəklər.

İndi Trump-ı ruslar da istəmirlər

Fotonun müəllifi Scott Olson
Image caption Ruslar ara-sıra prezident Trump-ı "iqtidarsız" adlandırırlar, the İndependent qəzeti yazır.

"The Independent" yazır ki, nəhayət Donald Trump-ın tvitlərindən birində yazılanlar həqiqətdir. Prezident yazıb ki, hazırda, ən azı post-Sovet dövrü ərzində ABŞ-Rusiya münasibətləri özünün "ən aşağı səviyyəsindədir".

Redaksiya məqaləsində deyilir ki, Trump-ın azsaylı müsbət prezidentlik vədlərindən biri də Yer planetinin dağılmaqdan xilas etmək məqsədilə Rusiya ilə münasibətlərin yaxşılaşdırılması idi, lakin indi bu vədin icrasi da göyə sovrulub.

Ruslar ara-sıra prezident Trump-ı "iqtidarsız" adlandırırlar və onlar Konqresin yeni sanksiyalar barədə qanunu qəbul etməsilə bağlı ən kəskin ritorikadan istifadə edirlər.

Baş nazir Dmitri Medvedev Konqresin qanunu qəbul etməsini Rusiyaya qarşı "tammiqyaslı iqtisadi müharibə" adlandırıb və deyib ki, iki ölkə arasında münasibətlərin yaxşılaşacağına olan ümidlər sönüb.

Məqalədə deyilir ki, ruslar açıq-aşkar Trump-ın fəaliyyətindən narazıdırlar və onun Moskvadakı reytinqi ABŞ-dakı reytinqi kimi sürətlə enir.

Trump özünün təmtəraqlı tvitlərində Rusiya ilə birlikdə necə nəhəng işlər görə biləcəyindən dəm vursa da, Moskva az qala özünün müttəfiqi saydığı bu adamdan söz yox, əməl gözləyirdi.

Prezident Putin başa düşüb ki, Trump Moskva üçün Obama və ya George W Bush -dan heç də daha yaxşı deyil.

Putin indi düşünür ki, bəlkə də Clinton-un prezidentliyi Rusiya üçün daha yaxşı ola bilərdi.

"The Independent" yazır ki, əgər rusların Trump-a Ağ Evə gəlməkdə kömək etdikləri barədə iddialar doğrudursa, onda Kreml innən belə ABŞ prezidenti üçün daha təhlükəli olacaq.

Medvedev artıq öz çıxışında prezident Trump-ın impiçmentə yaxınlaşdığından, Amerika Konstitusiyasının "25-ci maddəsindən" və "hökumət çevrilişindən" söz açıb.

Məqalədə deyilir ki, böyük bir ehtimalla Rusiya hökumətində Donald Trump-a dair "çirkli" kompromat var və bu informasiya Trump-ın Ağ Evdən getməsini daha da sürətləndirə bilər.

Belə bir cəfəng vəziyyət yarana bilər ki, Kreml Ağ Evə gətirdiyi adamı oradan çıxarmağa çalışar.

Ötən il bəzi şərhçilər deyirdilər ki, Trump-ın prezidentliyi dövründə Üçüncü Dünya Müharibəsi ehtimalı, Clinton-un prezidentliyində ola biləcəyindən dəfələrlə azdır. Lakin indi bu kimi şərhlər o qədər də ağıllı səslənmir.

Trump hazırda respublikaçılardan o qədər aralanıb ki, innən belə nəinki ruslara, heç özünə də kömək edə bilməz.

"The Independent" prezident Trump-ı əl-qolu "Konqres cırtdanları" tərəfindən kəndirlənmiş Lemuel Gulliver-ə bənzədir.

Məqalədə deyilir ki, Trump-ın əl-qolunu bağlayan digər faktor Rusiyada ona dair kompromatın olduğuna dair iddialardır.

Bununla belə, qəzet yazır ki, Trump-ın belə zəif və xaotik vəziyyətə düşməsinin əsas səbəbi onun özünün yetkin şəxsiyyət olmamasıdır.

Məqalədə deyilir ki, ruslar bunu çoxdan dərk ediblər, respublikaçılar və Amerika xalqı isə indi-indi dərk etməyə başlayır.

Ən qəribəsi isə budur ki, indi həm amerikalılar, həm də ruslar Trump daha böyük ziyan vurmadan onun divanə prezidentliyinin bitməsini istəmək kimi ortaq marağa malikdirlər.

Qurbanlara abidə lazımdırmı?

Fotonun müəllifi Getty Images
Image caption Utoya meşəsinin dərinliklərində qurbanların adları yazılmış gümüş həlqə artıq mövcuddur

"The Times" qəzetində Janice Turner yazır ki, o, Norveç hökumətinin kütləvi qatil Anders Breivik-in qətlə yetirdiyi 77 nəfərə xatirə abisədi qoymamaq qərarını bəyənir.

Məqalədə deyilir ki, qətllərin baş verdiyi Utoya yarımadasının bir guşəsində planlaşdırılan bu abidə kağız üzərində çox təsirli və romantik görünürdü.

Lakin övladlarını itirmiş valideynlər də daxil bir çox norveçlilər təbiətin bu dilbər guşəsində turist izdihamı yaradacaq abidənin qurulmasına qarşı çıxıblar.

Burada, Utoya meşəsinin dərinliklərində qurbanların adları yazılmış gümüş həlqə artıq mövcuddur.

Turner sual edir ki, qatili məşhurlaşdırmadan qurbanların xatirəsini əbədiləşdirmək mümkündürmü?

Məsələn, New Yorkdakı Ground Zero parkındakı hovuzlar boz və hüznlüdür.

Lakin eyni sözləri buranın qonşuluğunda yerləşən 9/11 muzeyi barədə demək olmaz. Burada terror hücumun qurbanlarına aid əşyalar nümayiş etdirilir.

Amma jurnalistin sözlərinə görə bu eksponatlar yeni heç nə öyrətmir, ölənlərin ruhunu isə şad etmir.

Turner yazır ki, qurbanlara həsr edilmiş abidələr Berlindəki Holokost memorialı və ya Londondakı 7/7 abidəsi kimi sadə olmalıdır.

Norveçdə yaradılacaq xatirə abidəsinin adı Yaddaş Yaraları olmalıydı.

"Amma belə bir abidə Breivik-in öz xatirəsini də əbədiləşdirməklə qatili həyacana gətirməzdimi?" - yazır jurnalist.

Əlaqəli mövzular