Avstraliya: podiuma şişman modellərin buraxılması mübahisələrə səbəb olub

Moda nümayişi Fotonun müəllifi Getty Images
Image caption Çimərlik dəstini nümayiş etdirən modellərin bədən ölçüləri müxtəlif olub.

Avstraliyada modellərin podiuma çıxması və beləliklə köklüyün təşviq edilməsi mübahisələrə səbəb olub.

Mübahisə Sports Illustrated jurnalının təşkil etdiyi çimərlik geyimi modası nümayişində podiuma şişman modellərin də çimərlik dəstində çıxmasından sonra yaranıb.

Sidney Daily Telegraph nəşrində bir məqalə kök modellərin podiuma buraxılmasını "məsuliyyətsizlik" adlandırıb, sağlamlıq mütəxəssisləri isə bunu "təhlükəli" bir mesaj kimi dəyərləndiriblər.

Lakin digər ekspertlər hesab edir ki, podiumda bütün bədən ölçülərinin təmsilçiliyinə yer olmalıdır.

Mübahisəyə təkan verən köşə yazarı Soraiya Fuda-nın yazısı olub: "Moda industriyası aclıq çəkərək özünü sür-sümük dərəcəsinədək arıqladan modellərdən imtinanı nəzərdə tutursa, onda onlar qeyri-sağlam bədən ölçülərinin təşviq edilməsinə də yol verməməlidir".

Lakin yerli televiziya verilişində çıxış edən Sports Illustrated-in redaktoru MJ Day fərqli fikir söyləyib: "Gözəllik heç də hamının eyni ölçüdə olması demək deyil."

Fotonun müəllifi Getty Images
Image caption "Gözəllik heç də hamının eyni ölçüdə olması demək deyil."

Debata sağlamlıq mütəxəssisləri də qatılıb.

Avstraliyanın Yeni Cənubi Uels ştatının Təbiblər Birliyinin prezidenti, doktor Brad Frankum piylənmə və artıq çəkililiyi siqaret çəkməyə bənzədib.

"Kimsə podiuma siqaretlə çıxsa, dərhal hay-küy qalxacaq, çünki bu qeyri-sağlam bir mesaj olardı, - doktor Frankum deyib. - Eynilə, şişman model podiumda moda geyimini nümayiş etdirəndə, belə çıxır kı, biz köklüyü, piylənməni təşviq edirik. Lakin artıq çəki sağlamlığa təhlükə yaradır".

Dr Frankum-un fikrincə, Sports Illustrated tərəfindən təşkil olunan şouda bəzi modellərin piylənməyə məruz qaldıqları aydın idi.

Lakin Baker IDI Ürək və Şəkər Xəstəliyi İnstitutunun klinik piylənmə tədqiqatı şöbəsinin rəhbəri, professor Djon Dixon hesab edir ki, podiumdakı modellər cəmiyyəti necə var, bütövlükdə təmsil etməlidi.

"Cəmiyyətimizdə köklük normal qarşılanır, avstraliyalıların 28 faizi kökdür, belə olan halda, demək ki, artıq çəkili modellər podiuma buraxılmamalıdır - bu, təhqiramiz səslənir," - profesor Dixon deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş