İngiltərədə dörd cihadçını necə tutdular? BBC müxbirinin araşdırması

Left to right: Naweed Ali, Tahir Aziz, Mohibur Rahman and Khobaib Hussain walk through Black Hall Park, August 2016 Fotonun müəllifi PA

Birmingham-da böyük terror hücumu hazırlayan dörd kişi, diqqətlə həyata keçirilmiş gizli əməliyyat nəticəsində həbs olunub.

Navid Əli, Xobaib Hüseyn, Mohibur Rəhman və Tahir Əzizin Old Bailey-də baş tutan məhkəməsi ötən on il ərzində yaşanan ən qəribə - və qəti etiraz olunan - terrorizm işlərindən biri olub.

Cümə günü - 26 avqust 2016-cı il işdəki adi günlərdən biri olacaqdı.

Vincent Birmingham-da yerləşən Hero Couriers kuryer xidmətinin direktoru idi. Şirkət, gecikən baqajın çatdırılmasını həyata keçirirdi. İnternet səhifəsində şirkətin böyük hava yolları ilə "işlədiyi" qeyd olunurdu.

Lakin, bütün şirkət - və onunla bağlı hər şey - saxta idi.

Şirkətin meneceri West Midlands Polis Xüsusi Layihələri Komandasının gizli məmuru idi. Hero Couriers-n əsas işi, cihadçıları izləməkdən ibarət idi.

Bu adi cümə günündə Vincent, şübhəlinin avtomobilini yoxlamaq üçün MI5 həmkarlarını gözləyirdi.

MI5 məmurlarının "texniki" adlandırdığı əməliyyat nəticəsində, Navid Əliyə mənsub maşından tapança, boru bombası və üzərinə "kafir" sözü oyulmuş böyük ət baltası tapılıb.

Fotonun müəllifi West Midlands Police
Image caption Navid Əliyə mənsub maşından üzərinə "kafir" sözü oyulmuş böyük ət baltası tapılıb

Əli, 2016-cı ilin əvvəlində MI5-n mütəxəssis detektivlər və həmkarlardan ibarət West Midlands Terrorla Mübarizə Bölməsinin diqqətini cəlb edib.

Əli və Xobaib Hüseyn şəhərin Sparkhill ərazisində qapı qonşu olublar.

Lakin, müstəntiqlər onları artıq yaxşı tanıyırdılar.

Cütlük, əl-Qaidənin Pakistandakı təlim düşərgəsində də birlikdə iştirak etdiyinə görə bir dəfə həbs həyatı yaşayıbmış. Onların düşüncəsinin dəyişmədiyi ilə bağlı şübhələr isə səngiməyibmiş.

Fotonun müəllifi West Midlands Police
Image caption Xobaib Hüseyn (solda) və Navid Əli qapı qonşu olublar

Onlar yenidən "maraq obyektinə" çevriliblər.

Hero Couriers-n şəhərin mərkəzində yerləşən ofisinin böyük qırmızı qapıları arxasında isə Vincent və həmkarları onları izləyirmiş.

Hero Couriers dörd ilə yaxın fəaliyyət göstərib. Şirkət əsl kuryer şirkətinin malik olduğu hər şeyə sahib olub: furqonlar, korporativ emblem və Wolverhampton yaxınlığında ofislərə çevrilən ev Hilton Hall-da yerləşən baş ofis.

Amma, bütün bunlar qurama olub. Şirkətin heç bir müştərisi olmayıb və heç bir həqiqi çatdırılma həyata keçirməyib. Yalnız şübhəliləri izləmək məqsədilə yaradılıb.

İnternet səhifəsində "Qoyun böyüyüb sizin Qəhrəmanınıza çevrilək!" yazılmışdı. "İşəgötürmə başlanıb!" Cihadçıları da tələyə salan elə bu elan olub.

Fotonun müəllifi West Midlands Police
Image caption Terrorizmlə mübarizə məmurları Əliyə maşınını Hero Couriers dayanacağında saxlaya biləcəyini deyiblər

Xobaib Hüseyn və Navid Əli iş axtarırmışlar. Əgər Hero üçün işləməyə başlasalar, polis və MI5 onların avtomobillərini yoxlaya biləcəkdi.

İşə ilk girən Hüseyn olur. 25 yaşlı Hüseynə günü 100 funt sterlinq olmaqla doqquz günlük iş təklif olunur: Manchester-ə dörd, Londona üç və Lutona iki səfər.

Əlinin ilk iş günü isə avqustun 26-ı idi.

Vincent, Lutona səfərə yollanan 29 yaşlı sürücünü maşınını şirkətin dayanacağında saxlaya biləcəyinə inandırır. O, yolda olarkən isə MI5 maşını yoxlayacaqdı.

Image caption Hero Courier-n internet səhifəsində böyük hava yolları ilə işlədiyi yazılmışdı

Amma, onlar gecikirdilər və bu Vincent-n xoşuna gəlmirdi.

"Beş dəqiqəyə çıxıram, dostum... onlar avaralanırlar," "Andy" adlı gizli polis ismarış atıb.

"Lənət şeytana," Vincent cavab verib.

"Bir də gəl məndən soruş!!!" Andy deyib.

MI5 komandası gələndə maşına səs borusu yerləşdirilib və axtarış aparılıb.

Heç kim cinayət dəlili gözləmədiyi halda, polislər sürücünün oturacağı altından JD Sports dükanlar şəbəkəsinə məxsus rəngarəng bazarlıq torbası tapıblar.

İçində isə böyük ət baltası, tapança, tüfəng patronları və hər iki tərəfdən qapaqla bağlı borudan hazırlanmış əldəqayırma partlayıcı qurğu (ingiliscə IED) aşkarlayıblar.

Fotonun müəllifi West Midlands Police
Image caption Navid Əlinin avtomobilində silahlarla dolu bağlama tapılıb

"Etiraf edirəm ki, gördüklərimdən qorxmuşdum və özümü ələ alıb, keçdiyim təlimləri davam etdirə bilmək üçün mənə bir az vaxt lazım gəldi," şəxsiyyəti gizli saxlanan MI5 zabitlərindən biri məhkəmə prosesi əsnasında pərdə arxasından deyib.

MI5 komandası getdikdən sonra, Vincent Ordunun bomba məhvi heyətini gözləməli olub.

Əli saat 11:25-də Florence Küçəsinə qayıdır və maşını saxlayar-saxlamaz terror şübhəsi ilə detektiv tərəfindən həbs olunur. Əli etiraz etmir.

Bir neçə saat ərzində Xobaib Hüseyn də gözaltına alınır. Onlarla yanaşı, Mohibur Rəhman və Tahir Əziz adlı daha iki nəfər həbs olunur. Onlar Stoke-dan idilər. Əziz həbs olunarkən polis, onun maşınında sürücünün oturacağı yanında samuraysayağı qılınc aşkarlayır.

Fotonun müəllifi West Midlands Police
Image caption Mohibur Rahman (solda) and Tahir Aziz

Ordu bomba məhvi heyəti isə artıq Florence Küçəsində idi.

Gizli polis komandasının meneceri Simon Hussey, artıq Vincent və həmkarlarına təbrik mesajı göndərmişdi.

"Komandan və sən bu gün əla bir iş bacardınız. Mükəmməl. Elə indicə dinləmədən çıxdım və hamı sevinir. Həftəsonunda pivə içib, əylənəcəyinizə ümid edirəm."

Vincet-n bomba ilə qaldığını və Andy-n ona silahları daşımaqda necə kömək etdiyini eşidən məmurlar da mesajlaşmağa başlayıblar. Bunlar da məhkəmədə təqdim olunub.

"Şəhər mərkəzinin yarısını bağlamışdınız, dostum - müsibət! " bir nəfər yazıb.

"Haha və heç biriniz də tərləməmisiniz. Əla! Ciddi deyirəm, Vincent, əla komandasınız : ))" digəri deyib.

"Bu inanılmazdı!" MI5 məmuru deyib. "Yüzlərlə həyatı xilas etdiniz. Çox sevincliyəm."

"Mən heç nə eləməmişəm, dostum - təsəvvür elə onlar silahlarla nə edəcəkdilər. Pivələr mənim boynuma."

"Əgər kameram işləsə idi, sənə iki boş şərab şüşəsinin şəkilini göndərərdim ... : )" Vincent Andy-ə deyib.

Tapança tam surət olsa da, boru bombası həqiqi olub. Tədqiqat göstərib ki, onun içində barıt var və hər iki başında tüfəng patronu yerləşir. Əgər qurğu tamamlanmış olsa idi partlayacaqdı.

Şübhəlilərin hər dördü terror aktı hazırlamaq ittihamı ilə həbs olundular. Həbsin müddəti isə ömürlükdür.

Onlardan yalnız biri ədalət sisteminə bələd deyildi.

2011-ci ildə Əli və Hüseyn Birmingham-dakı evlərini gizli tərk edib, Əl-Qaidənin Pakistan dağlarında yerləşən təlim düşərgəsinə yollanmışdı. Onların mücahid qəhrəman olmaq arzusu isə qaçılmaz fəlakətə çevrilmişdi.

Mobil telefonlarının batareyası azalıb, dağlarda şəbəkə itməyə başladıqda onlar analarına zəng vurublar.

Çaşqın və hirsli ailələr Pakistanda yaşayan bir qohum ilə əlaqə saxlayaraq ondan onları tapıb, geri göndərməyi xahiş edirlər. Geri qayıtdıqda isə birbaş West Midlands Polis dustaqxanasına yollanırlar.

Əli və Hüseyn terror aktı hazırlamaqda günahkar bilinirlər.

2013-cü ildə azadlığa buraxılan cütlüyün düşüncə tərzi isə dəyişməz qalır.

Londonun cənub-şərqində yerləşən və ölkənin ən ciddi həbsxanalarından biri olan Belmarsh-da, onlar Mohibur Rəhman ilə tanış olurlar.

O isə terrorizm üçün yararlı materiala sahib olduğu və London Birjasını partlatmağı planlayan qəsdçilərlə əlaqədə olduğu üçün həbs olunmuşdu.

Rəhman sonralar öz Birminghamlı dostları ilə Tahir Əzizi tanış edir.

Əvvəllər məhkum olmayan Əziz isə əl-Mühacirun şəbəkəsinin üzvü idi. Şəbəkənin başında vaiz Anjem Choudary dayanırdı.

Əli, azadlıq lisenziyasının qaydalarını pozduğuna görə daha iki dəfə həbs olunur. Nəhayət, 2016-cı ilin martında sərbəst buraxılır və Təhlükəsizlik Xidməti onu izləməyə başlayır.

2016-cı il yazın sonuna qədər müstəntiqlər Əli, Hüseyn və Rəhmanı diqqət mərkəzində saxlamaq qərarına gəlirlər. Onların davranışı qəribə idi və hiss olunurdu ki, nəzarətdən yayınmağa çalışırlar.

Ötən il mayın 26-ı Hüseyn və Rəhman Əli ilə görüşüb, Biringhamın müsəlman ərazisində yerləşən məşhur şirniyyat kafesi Small Heath-ə gedirlər. Onların hər üçü telefonunu söndürüb kənara qoyur.

Başqa bir səfər isə Hüseynin telefonunu oturub danışdığı yerdən bir az aralı ağacın altına qoyduğu görülür.

Fotonun müəllifi West Midlands Police
Image caption (Soldan sağa) Navid Əli, Xobaib Hüseyn və Mohibur Rəhmanın polis nəzarət dəstəsi tərəfindən Birminghamda çəkilmiş şəkili

Avqustun əvvəli onlar göldə qayıq üzmək üçün Birminghamda görüşürlər və eynilə telefonlarını kənara qoyurlar.

Rəhman məhkəmədə bildirib ki, 2015-ci ildən bəri "Rob" adlı MI5 məmuru ilə arabir əlaqə saxlayır. O, Rəhmanı xəbərverən qismində işə götürmək istəyirmiş.

Rəhmanın sözlərinə görə, Təhlükəsizlik Xidməti Əli və Hüseynlə maraqlanırmış və ona köməyə təşviq etmək üçün 200 funt sterlinq pul da təklif edib. Əliyə də ayrıca müraciət olunsa da, o bunu qəbul etməyib.

Rəhman iddia edib ki, telefonları özlərindən kənar tutmağın səbəbi, dostları ilə bu narahatedici vəziyyəti müzakirə etmək olub.

Prokurorluq bunun yalan olduğunu deyib. Onlar bu kişilərin həqiqətən nə danışdığını müəyyənləşdirmək istədiklərinə görə belə hərəkət etdiklərini söyləyiblər. Bu kişilərin sosial media hesablarından da göründüyü kimi, hücum planı hazırlamaq kimi fikirləri olub.

Eyni zamanda məhkəmədə, hər üç kişinin müsəlman dünyasına qarşı zorakılıq əks etdirən və Qərbə qarşı nifrətlə dolu məzmun paylaşdığı müəyyən olunub. Onlar, Allah yolunda aparılan döyüşlərdə canını qurban verən kişiləri tərifləyirmişlər.

Navid Əli, yəhudi və xristianlara qarşı nifrət mesajlarında 14-cü əsr aliminin sözlərindən istifadə edib: "Onlar, həqiqətən də kafirlərdir. Və biz, kafirlər üçün alçaldıcı cəza hazırlamışıq."

Fransanın Nice şəhərində iyulun 26-ı edilən ölümcül yük maşını hücumundan sonra, Hüseyn, başqalarını "Avropa ilə müharibəyə" hazırlaşmağa səsləyib.

Plan görüşlərində iştirak etməyən Əziz isə, gizli polisin "cəhənnəm atəşində" yanmağa məhkum olduğu ilə bağlı şərhlər yazırmış.

Fotonun müəllifi AFP
Image caption Cihadçılar Nice hücumundan sonra, müharibənin başlaması haqqında yazılar yazıblar

Avqustun 11-i Hüseyn Əliyə mesaj yazıb: "Yeni qrup yarat... mən, sən və Mohibdən ibarət."

Telegram tətbiqetmə proqramında Üç Müşketyor Qrupu adlı şifrələnmiş qrup yaradılır.

Müşketyorlar arasındakı söhbət isə olduqca ciddi imiş. Onlar, cənnətdən və başqaları "qurbanlar" verdiyi halda onların günahlarını yumaq üçün çox az iş gördüklərini müzakirə edirmişlər.

Keçən il avqustun ortalarında hər üçü Rəhmanın Stoke-da yerləşən evində qalmağı planlaşdırır. O, digər iki müşketyora mesaj yazaraq söyləyir ki, telefonlarını özləri ilə gətirməsinlər və eBay-dan aldıqları telefonları götürsünlər.

Fotonun müəllifi Reuters
Image caption Şəkil: Həbsdə olan vaiz Anjem Choudary-n başçılıq etdiyi əl-Mücahirun qrupun üzvü

Hüseyn Əliyə yazaraq təklif edib ki, onlar "şifrəli rejimə" keçsinlər. Məhkəmədə bunun səbəbi soruşularkən o deyib ki, qatar biletlərini müzakirə etmək üçün. Onların hər ikisinin maşını olsa da, evdə qoyublar.

Stoke-a çatandan sonra, onlar Tahir Əzizə gecə saat 1-dən sonra zəng vurublar. Müttəhimlər bildiriblər ki, bu onun soyuducusu ilə bağlı görüşü təxirə salması üçün olub. Prokurorluq isə bildirib ki, onlar gecə Əzizi plana daxil etmək qərarına gəliblər və növbəti gün görüşmək üçün ona zəng ediblər.

Az keçmədən müşketyorlar, internetdə 2006-cı ildə təyyarələri suyuq bombaları ilə partlatma üçün hazırlanan sənədli filmi axtarmağa başlayıblar.

Növbəti gün dördü bir yerdə parka görüşürlər. Onlar, artıq yaxından izlənirdilər. Əli tez-tez ətrafa baxaraq gizli polis olub-olmadığını yoxlamağa çalışırmış.

Görüşdən üç gün sonra - həbsdən iki gün əvvəl - Rəhmanın göndərdiyi bir ismarış, onların birlikdə nə düşündüyünü ortaya qoyub, müstəntiqlər deyiblər.

"Özümü günahkar hiss edirəm," o yazıb. "Hətta, PS4 (oyun konsolu) qədər qurban verə bilmirəm."

O, ekstremist bir vaizin cihada başlamamağın "təhqiredici" yanlarından danışan videosunu dostları ilə bölüşür.

"Bəs biz nə edirik, əxi (qardaş)? Oturub işləyirik, vəssalam," o əlavə edir. "Heç nə baş vermir - ancaq danışırıq. Nə isə etməliyik."

Bundan sonra nə baş verdiyini müttəhimlərdən başqa, heç kim bilmir. Prokurorluğa əsasən, avqustun sonuna qədər silahlar müəyyənləşdirilib. Çox güman ki, hədəf qeyri-müəyyən imiş.

Əziz Stoke-da avtomobilinə qılınc yerləşdirir və Əli Birminghamda maşınına silah dolu torba qoyur.

Amma, heç kim bunu görməyib.

Gizli polis də silahlarla dolu rəngarəng JD Sports torbasını görməyib. Detektivlər CCTV görüntülərində Hüseynin idman dükanına girdiyi görülsə də, oradan əlində başqa torba ilə çıxıb.

Fotonun müəllifi West Midlands Police
Image caption CCTV görüntüləri Hüseynin JD Sports idman dükanına girdiyi və çıxdığını göstərib

Məhkəmə boyuna Navid Əlinin hüquq müdafiəçisi Stephen Kamlish, müttəhimləri silahla bağlayan heç bir dəlil olmadığını göz önünə çəkib. O bildirib ki, silahların kişilərə mənsub olduğunu göstərən heç bir sübut yoxdur və hər şey qurmadır.

İddiaya əsasən, Vincent-n Hero Couriers-dəki avtomobilə sübut yerləşdirə bilməsi və qeydlər aparması üçün kifayət qədər vaxtı olub. Cənab Kamlish təkidlə hakimə söyləyib ki, zabitin növbə jurnalı sanki bir qələmlə və bir dəfəyə yazılıb.

Əməliyyatla məhkəmə prosesi arasındakı zaman ərzində təqaüdə çıxan Andy, Vincent-ə dəstək mesajları yazıb.

"Sən öz ağlına hakimsən," o yazıb. "Bunun fərqinə varsan, güc tapacaqsan. Marcus Aurelius."

Vincent cavabında: "Marcus A... isə bunları şirlərə yedirərdi."

Onun dəlili ortaya çıxarması üçün iki həftə vaxt çəkib. Bu isə son dərəcə uzun müddətdir. Cənab Kamlish tez-tez Vincent-n keçmişi və digərləri ilə əlaqəsi haqqında ətraflı açıqlama tələb edirmiş.

Ona qarşı edilən korrupsiya ittihamlarından Vincent qəzəblənir.

Qərar verilmədən öncə Navid Əli şahid kürsüsünə getməkdən imtina edir və öz müdafiəsi üçün çıxış etməkdən boyun qaçırır.

Image caption Müttəhimlər məhkəmədə: (soldan sağa) Navid Əli, Xobaib Hüseyn, Mohibur Rəhman, Tahir Əziz

Bundan başqa, çox vacib bir dəlil var idi.

Silahlarla dolu çantanın içində yapışqan lent rulonu olub. Onunla saxta silahın üzərinə jurnal yapışdırlıbmış.

Rulon yenidən DNT analizi üçün göndərilir və məhkəmə alimləri Xobaib Hüseyn və bacısının əl izlərini aşkarlayır.

Prokurorluq rulonun Hüseynin evindən gəldiyini güman edirmiş.

Dəlil aydın idi, Hüseyn silahların hazırlanmasında əsas rolu oynadığı barədə şübhə qalmırdı.

O, boru çəkmək kursu keçmişdi və maşında tapılan aləti hazırlamışdı.

Polisin Pesage Əməliyyatı adlandırdığı bu gizli plan, ötən dörd il ərzində qarşısı alınan 18-ci hücum planıdır.

Digərləri kimi burada da bir qrup yaxın dostun sadə üsulla hazırladıqları silahlar və onlarla nə edə biləcəyindən gedirdi söhbət.

Amma, Navid Əli və dostlarının təkcə cihadçılarla əlaqəsi olduğu yox, eləcə də, Britaniya küçələrində təhlükə törədə biləcəklərini hakimə sübut etmək üçün dərin düşünülmüş bir əməliyyat lazım gəldi: saxta biznes və yüksək texnologiyalı DNT yoxlaması.

Bu barədə daha geniş