Britaniya mətbuatı: Efiopiyalı idmançı Azərbaycanda aldadıldığını deyir

Fotonun müəllifi Getty Images
Image caption Lily Abdullayeva Azərbaycanı təmsil edərkən ona vəd edilən pulların yalnız bir qismini aldığını deyib

Efiopiyalı idmançı Azərbaycanda aldadıldığını deyir

Az yatmaq qarın qurşağını böyüdür"The Guardian" yazır ki, Lily Abdullayeva, 2009-cu ildə türk məşqçinin təlqinləri ilə Azərbaycana gətirələndə öz vətəni Efiopiyada orta məsafələrə qaçışlarda ümidverən yeniyetmə idmançı idi.

Hazırda 26 yaşı olan Lily Əddis-Əbəbədəki evində "The Guardian" müxbirinə deyib ki, "onlar mənə əgər yarışlarda qalib gəlsəm, yaxşı maaş, ev və bahalı maşın vəd etmişdilər…"

"Amma mükafat pullarım oğurlandı, məni aldadıb dərman həbləri qəbul etdirdilər…" - deyib idmançı.

Məqalədə deyilir ki, bu mənada Lily tək deyil. Rioda keçirilən Olimpiya Oyunlarında Atletika Federasiyalarının Beynəlxalq Assosiasiyasına komandalarının dəyişdirilməsi üçün 25 idmançı müraciət etmişdi.

Bunların əksəriyyətini Qətər, Bəhreyn və Azərbaycan kimi ölkələr öz olimpiya göstəricilərini yaxşılaşdırmaq üçün dəvət etmişdilər.

Təsadüfi deyildir ki, ötən ay Amsterdamda keçirilmiş Avropa çempionatlarında Türkiyə ən uğurlu çıxışını edərək 12 medal qazanıb.

Bunlardan 6-nı ölkəyə keniyalı idmançılar gətiriblər. Qazaxıstan da çempionatlarda onu təmsil etmək üçün çox sayda afrikalı idmançı dəvət edib.

Lakin "The Guardian", Almaniya teleradio yayınçısı ARD və Holland Media Combination media qurumunun araşdırması göstərib ki, bu idmançılardan bir çoxlarını aldadıb pullarını verməyiblər, onlarla pis rəftar ediblər, yarasız mənzillərdə yerləşdiriblər.

Azərbaycanı təmsil edərkən Layeş adını daşıyan Lily iddia edir ki, ona ayda 300, əgər idman nəticəsi əldə edərsə 1000 dollar maaş vəd etmişdilər. O iddia edir ki, Azərbaycanda olduğu bir neçə ayda Avropanın gümüş medalçısı olmasına baxmayaraq ona ayda 150 dollar ödəyirmişlər.

"Səkkiz aydan sonra mən məşqçimdən soruşdum ki, mənə niyə 1000 dollar ödəmirlər. Mən hədə-qorxu gəldim ki, federasiya prezidentindən pulumun hara getdiyini soruşacağam. Mən bunu deyən kimi, o mənə pulu dərhal öz cibindən ödədi. Belə çıxırdı ki, o, üçüncü aydan etibarən mənim pulumu özündə saxlayırmış" - deyib Lily.

"The Guardian" yazır ki, Lily son illərdə Avropa Oyunları və Formula 1 kimi yarışlarla ölkəni dünyanın idman xərirtəsinə yerləşdirməyə çalışan Azərbaycan hökumətinin maraqları üçün çalışmaqda davam edirdi.

Fotonun müəllifi Getty Images
Image caption Lil Azərbaycanı bir çox beynəlxalq yarışlarda təmsil edib

Lakin idmançı iddia edir ki, 2012-ci ilin London Olimpiadası ərəfəsində məşqçiləri ona həblər verməyə başlayıblar.

O deyir ki, 2011-ci Stockholm Diamond League yarışında zədələnsə də, məşqçisi ona yarışı davam etdirməyi əmr edib. İdmançının iddiasına görə məşqçisi Mitin Sesak ona həmin yarışda bir həb verib. O deyirmiş ki, bu həb qorxuları aradan qaldırmaq üçündür.

Lily bildirir ki, o həblərin olduğu qutunun üstünü oxuyub və orada tribulus testosterone yazıldığını görüb.

İdmançı bildirir ki, bundan sonra dərmanın yan fəsadları barədə internetdə oxuyub. Onun dediyinə görə bu preparatın fəsadlarından biri də fertilliklə əlaqəli idi.

Lily iddia edir ki, məşqçisi ona preparatları iynə ilə də vurub.

"The Guardian" yazır ki, hazırda Sesakaya Türkiyənin antidopinq orqanları tərəfindən məşqçilik fəaliyyəti qadağanı olunub.

Lily deyir ki, 4 ildən sonra, 2013-cü ildə Azərbaycanı tərk edəndə hökumət ona yarışda qalib gəldiyinə görə 25 min dollar verib.

Lakin idmançı iddia edir ki, Azərbaycan Atletika Federasiyasının prezidenti həmin pulun 7 min dollarını götürüb və bundan sonra onun maaşları dayandırılıb.

"O mənim mükafat pulumun qalanını mən Efiopiyaya qayıdandan sonra göndərəcəyini vəd etdi, lakin vədini yerinə yetirmədi" - deyib Lily.

"The Guardian" yazır ki, Azərbaycan Atletika Federasiyası Lili Abdullayevanın 2009-2013-cü illərdə Azərbaycanı təmsil etdiyini təsdiqləsə də, bildirib ki, o, federasiya ilə heç bir kontraktda olmayıb.

Azərbaycan tərəfi bunu da qeyd edir ki, Abdullayeva fərdi idman klubunu təmsil edib və ona düşən bütün pulları alıb.

Federasiya Abdullayevaya pul borclu olduğu barədə iddiaları rədd edir.

Azərbaycan Atletika Federasiyası Lily Abdullayevaya hər hansı preparatların verilməsi iddialarını da rədd edib və bildirib ki, Abdullayeva da bütün başqa idmançılar kimi antidopinq testindən keçib və nəticə mənfi olub.

"Biz onun atletika federasiyasının və keçmiş məşqçilərinin reputasiyasına ziyan vuran ittihamlar irəli sürməsini tamamilə qeyri-məqbul hesab edirik" - deyilir Azərbaycan tərəfinin rəsmi cavabında.

"The Guardian" yazır ki, belə ittihamlarla üzləşən təkcə Azərbaycan deyil.

Keniyalı qaçışçı Leonard Mucheru hazırda Bəhreyni təxminən Lily kimi ittiham edir və maraqlıdır ki, Bəhreynin rəsmi cavabı Azərbaycanın rəsmi rekasiyasına bənzəyir.

İdmançılar və fəallar belə hadisələrin baş verməsinə görə ilk növbədə Beynəlxalq Artletika Assosiasiyaları Federasiyasını günahlandırırlar.

Bu təşkilat isə artıq bu ilin fevralında bildirib ki, yeni qaydaların tətbiqinə başlayır. Bu qaydalar idmançıların vətəndaşlıq dəyişdirməsini qadağan edir.

Lakin "The Guardian" yazır ki, Lily üçün bunun artıq çətin, xeyri olsun.

O Belarusdakı soyuq təlim bazasında dabanını dondurub.

Lily artıq yenidən Efiopiya vətəndaşlığına qayıdıb və bu yaxınlarda ilk övladı dünyaya gəlib. İdman karyerasını davam etdirmək niyyətindədir.

"Mən Azərbaycan üçün əlimdən gələni etməyə çalışdım, amma axırda onlar mənimlə zibil kimi davrandılar" - deyib idmançı.

Fotonun müəllifi Getty Images
Image caption Sigmar Gabriel Aİ-dən Türkiyəyə pul yardımının qismən dayandırılmasını tələb edib

Almaniya Türkiyəyə pul yardımının dayandırılmasını tələb edir

"Express" qəzetinin məqaləsində deyilənlərə görə , Almaniyanın xarici işlər naziri Sigmar Gabriel Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini-yə yazıb ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan çevriliş cəhdinin ardlınca apardığı repressiya kampaniyası, prezidentlik referendumu və edam hökmünün bərpası planları ilə Avropa dəyərlərinə arxa çevirib.

Nazir yazıb: "Recep Tayyip Erdoğanın siyasəti Avropanın dəyərlər sisteminə açıq-aşkar ziddir və buna aydın reaksiya verilməlidir".

Bu məktubda təklif olunur ki, Türkiyəyə Aİ-yə giriş öncəsi verilən 5, 8 milyard dollarlıq yardım vəsaiti azaldılsın. Gabriel-in təklifinə görə Türkiyəyə bu vəsaitin yalnız demokratiya və qanunun aliliyinin bərqərar edilməsi üçün verilən hissəsi verilməlidir.

Onun sözlərinə görə belədə, verilən pullar hökuməti yox, cəmiyyəti mənfəətləndirər.

Həm də Almaniya vise-kansleri olan cənab Gabriel bir qədər də uzağa gedərək yazır ki, Avropanın İnvestisiya Bankı Türkiyə ilə heç bir biznes sazişinə daxil olmamalıdır.

Avropa İttifaqının qanunlarına görə bloka daxil olmaq istəyən hər hansı bir ölkəyə siyasi və iqtisadi islahatların keçirilməsi üçün yardım pulu verilir. Bu, ölkənin öz qanunlarını Aİ qanunlarına uyğunlaşdırması üçün təqdim olunur.

İslahatlar vətəndaşlara Avropa ölkələrində mövcud olan azadlıqların və biznes imkanlarının yaradılması məqsədini güdməlidir.

Türkiyədə ötən ilin iyulunda baş vermiş uğursuz çevriliş cəhdindən sonra Erdoğanın fövqəladə vəziyyət elan etməsi Aİ tərəfindən kəskin tənqid olunur.

Xanım Mogherini və Aİ-nin genişlənmə üzrə komissarı Johannes Hahn bundan əvvəl bəyan ediblər ki, Türkiyədə minlərlə müəllim, hakim və jurnalistlərin saxlanması "qeyri-məqbuldur".

Onlar bildiriblər ki, cənab Erdoğan son illərdə davranışının yaxşıya doğru dəyişdirilməsi üçün az iş görüb və əslində aprel referendumu ölkəni prezident sisteminə keçirməklə geriyə doğru addım olub.

Bundan başqa son üç ayda Erdoğan bir sıra çıxışlarında çevrilişçiləri cəzalandırmaq məqsədilə ölüm cəzasının bərpasına tərəfdar olduğunu dilə gətirib.

Almaniyanın bütün siyasi partiyaları da Türkiyəyə giriş öncəsi maliyyə yardımının dayandırılmasına çağırıblar.

"Express" yazır ki, indiyədək 5, 8 milyard dollarlıq yardımın yalnız cüzi bir hissəsi Ankaraya verilib.

Bu barədə daha geniş