Britaniya mətbuatı: Türkiyə səyahət üçün nə dərəcədə təhlükəlidir?

Fotonun müəllifi Getty Images
Image caption Türkiyə terror təhlükəsinin olduğu siyahıda ilk yerlərdə olsa da, bundan ifrat vahimələnməyə dəyməz.

Türkiyə səyahət üçün nə dərəcədə təhlükəlidir?

"The Spectator" məcmuəsi yazır ki, Türkiyə özünün ecazkar sahilləri, muzey və memarlığı ilə zəngin olsa da, onun qədim Konstantinopol - İstanbul şəhəri Qərblə Şərq arasında körpü olmaqda davam etsə də və dünya standartlarına uyğun şəhər sayılsa da, son iki ildə baş verən təlatümlər real bir sual doğurur: Ölkə orada istirahət etmək üçün nə dərəcədə təhlükəsizdir?

Türkiyə son aylar ərzində bir çox ölümcül terror hücumlarına məruz qalıb. Siyasi sabitsizlik bu ölkədə özünün pikinə 2016-cı ildə, prezident Erdoğanı devirməyə yönəlmiş çevriliş cəhdi ilə çatıb.

Ötən dekabrda kürd yaraqlılar partladıcılarla dolu maşını İstanbulun əsas stadionlarının birinin yaxınlığındakı iğtişaş polisinin üzərinə sürüblər. Bundan bir neçə dəqiqə sonra parklardan birində itiharçı partlayışı törədilib. Həmin partlayışda əksəriyyəti polis olan 50 nəfər həyatlarını itirib.

"The Spectator" yazır ki, bu hadisələr baş verəndə, əksər otellərdəki turistlər gəzintiyə çıxmaq əvəzinə saatlarla foyedəki televizorlarda son xəbərlərə baxırdılar. Bu vahiməni Amerika səfirliyinin bağlanması daha da artırmışdı.

Ötən il mətbuatda gedən bir çox yazılarda Türkiyə turizminin tənəzzülündən söz açılırdı.

Çevriliş cəhdindən bu yana Türkiyə fövqəladə vəziyyətdə yaşamaqda davam edir. Fövqəladə vəziyyət şəraitində Erdoğanın opponentlərinə qarşı geniş repressiya kampaniyası aparılıb.

Britaniyanın Xarici İşlər Nazirliyinin internet saytında Türkiyədə terror hücumları ehtimalının hələ də yüksək olduğu qeyd edilir.

Lakin "The Spectator" yazır ki, bütün bu xəbərlərdən ifrat vahimələnməyə dəyməz. Son bir neçə ildə terrorizm bütün Avropada reallığa çevrilib. Paris, Brüssel, Nitsa, London, Mançester, Stokholm, Berlin terror hücumlarına məruz qalıb. Əlbəttə, Türkiyə bu siyahının başında gəlir, lakin buna baxmayaraq ölkənin geniş əraziləri turistlər üçün salamat olaraq qalır.

Təsadüfi deyildir ki, ötən həftə Türkiyənin turizm rəqəmləri də dirçəlməyə başlayıb.

Britaniya XİN-in məlumatına görə britaniyalılar 2016-cı ildə Türkiyəyə 1, 7 milyon səfər ediblər.

Bu səfərlərin əksəriyyəti xatasız keçib. Buna görə də Britaniya XİN Diyarbakır və Suriya ilə sərhədə yaxın Şırnak, Mardin, Şanlıurfa, Qaziyantep, Kilis və Hatay kimi yerlərə səyahət etməyi məsləhət görmür.

Britaniya XİN öz vətəndaşlarına bunu da tövsiyə edir ki, Türkiyəyə səyahət zamanı izdihamlı yerlərdə ayıq-sayıq olsunlar. Söhbət xüsusilə də xarici turistlərin sevdikləri yerlərdən gedir.

Bu da məsləhət görülür ki, Britaniya vətəndaşları Türkiyədə bütün müddət ərzində pasport və başqa sənədlərini özləri ilə gəzdirsinlər.

Time jurnalının Yaxın Şərq redaktoru Jared Malsin "The Spectator" məcmuəsinə deyib ki, sabitsizlik İstanbulun mənzərəsini azacıq dəyişib.

"Bəzi yerlərin indi daha seyrək olduğunu görürsünüz. Adamlar müəyyən məkanlara getməməyə çalışırlar" - deyib Malsin.

Lakin Malsin bunu da əlavə edib ki, bütün deyilənlərə baxmayaraq, İstanbul 17 milyon insanın yaşadığı şəhərdir.

"Bu şən bir şəhərdir…Təhlükəsizlik eksperti deyiləm, amma dostlarıma və qohumlarıma məsləhət görürəm ki, bu ecazkar şəhərə gəlsinlər. Bu, dünyanın ən gözəl şəhərlərindən biridir və səyahət üçün fövqəladə bir yerdir" - deyib Malsin.

Necə oldu ki, Rusiya və Çin BMT qətnaməsinə səs verdilər?

Fotonun müəllifi Reuters
Image caption Rusiya və Çinin Şimali Koreyaya dair qətnaməni dəstəkləməsi təəccüb yaradıb

"The Guardian" qəzetində təhlilçi-jurnalist Mary Dejevsky BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya dair qətnaməsinin yekdilliklə qəbulundan təəccübünü gizlədə bilmir.

Necə oldu ki, Şimali Koreya üzərinə, kömür, dəmir filizi və qurğuşun ixracının qadağanı da daxil, ağır cəzalar qoyan 2371 nömrəli qətnaməni Rusiya və Çin də dəstəklədilər?

Ən böyük sual Çinin səsvermədə necə hərəkət edəcəyi idi. Əlbəttə, veto ağlabatan görünmürdü, lakin Pekin onun iqtisadiyyatını az da olsa təsirləndirəcək sənədin səsverməsində bitərəf qala bilərdi.

Amma sonunda Çin bu qərara gəldi ki, Şimali Koreyadan qaynaqlanan nüvə silahı təhlükəsi bütün başqa mülahizələrin üstündən xətt çəkir.

Burası da var ki, Çin bu qətnaməyə səs verməməklə özü qəzəb və qınaq hədəfinə çevrilə bilərdi. Digər tərəfdən qətnaməyə səs verməklə Pekin beynəlxalq konsensusa qoşulmuş olacaqdı.

Rusiyanın da bu qətnaməyə səs verməsinə elə-belə baxmaq olmaz. Moskva Şimali Koreyanı nüvə təhlükəsi hesab etsə də, o çox nadir hallarda "beynəlxalq yoldaşlığı" özünün prioriteti edir. Üstəlik də ABŞ Rusiyanın üzərinə yeni, daha sərt sanksiyalar qoyan qanunu təzəcə qəbul etmiş və Moskvanı qəzəbləndirmişdi. Amma buna baxmayaraq Rusiya diqqətini daha böyük təhlükəyə yönəltməyə üstünlük verdi.

Dejevsky yazır ki, nəticədə beynəlxalq sistemin əslində necə işləməli olduğu nümayiş etdirildi. Bu isə son illərdə çox nadir hallarda baş verib. Bu nəticə həm də Trump administrasiyası üçün diplomatik zəfər sayıla bilər.

Elə ABŞ-ın özü də xarici siyasətində BMT-yə elə də böyük əhəmiyyət vermir, amma bu dəfə o da beynəlxalq qaydalarla oynamağa üstünlük verdi.

Dejevsky-nin fikrincə, bu, dövlət katibi Rex Tillerson-un tədbirliliyi sayəsində mümkün olub. O bu səsvermədən əvvəl Dövlət Departamentində etdiyi çıxışında Şimali Koreyanın birbaşa qonşularına aydın mesajlar verib.

Tillerson deyib: "Biz rejim dəyişikliyinə çalışmırıq. Biz rejimin çökməsinə çalışmırıq. Biz yarımadanın birləşdirilməsinə də tələsmirik. Biz qoşunlarımızı 38-ci paralleldən şimala göndərmək üçün bəhanə də gəzmirik".

Bununla da Tillerson ilk növbədə Çin və Rusiyanı sakitləşdirmiş olub.

Dejevsky yazır ki, bu çıxışla Tillerson Çin və Rusiyanın ürəyindən olan başqa mesaj da verib. O işarə edib ki, Şimali Koreyanın nüvə proqramı barədə danışıqlar mümkündür.

Məqalədə deyilir ki, belə görünür, Rusiya və Çinin qətnamənin leyhinə səs verməsi onun mətninin güzəştlilik ruhunda yazılması olub. Bu qətnamədə altıtərəfli formatda danışıqların keçirilməsi nəzərdə tutulur.

Necə olursa, olsun bu qətnamənin qəbulu beynəlxalq birlik üçün yaxşı xəbərdir, Dejevsky yazır.