Venesuela: şiddətli toqquşmadan sonra qiyamçılar axtarılır

Prezident Nicolas Maduro Fotonun müəllifi EPA
Image caption Dövlət televiziyası ilə çıxış edən prezident Maduro ordunu, "hadisələrə dərhal reaksiya göstərərək" hücumun qarşısını aldığına görə alqışlayıb.

Prezident Nicolas Maduro-nun bildirdiyinə görə, hərbi bazaya hücumdan sonra yoxa çıxmış 10 silahlının axtarışı aparılır.

Ölkənin şimal-qərbində yerləşən Valencia şəhərində ordu bazasına hücum 20 nəfər tərəfindən həyata keçirilib, o deyib.

Hücum nəticəsində 2 nəfər öldürülüb, bir nəfər yaralanıb və 7 nəfər həbs olunub.

Bundan əvvəl, sosial mediada yerləşdirilmiş videoda hərbi geyimli kişilər "qanlı tiranlığa" qarşı mübarizəyə qalxdıqlarını bildirmişdilər.

İnsidentə baxmayaraq, ölkədə əmin-amanlıq vəziyyəti müşahidə edilir.

Dövlət televiziyası ilə çıxış edən prezident Maduro ordunu, "hadisələrə dərhal reaksiya göstərərək" hücumun qarşısını aldığına görə alqışlayıb.

O, insidentin muzdlular tərəfindən törədildiyini bildirib və qeyd edib ki, hadisə yerindən qaçan hüçumçular təhlükəsizlik qüvvələri tərəfindən axtarılır.

"Onlar yaxalanacaq", - prezident Maduro deyib.

Valencia şəhərində hərbi texnika küçələrdə keşik çəkməkdədir.

Əməliyyatda ordu tərəfindən azı bir helikopterdən istifadə olunub.


Təhlil: Ordu diqqət mərkəzində

Katy Watson, BBC Cənubi Amerika müxbiri

Venesuelada son 4 ayın zorakı etirazları zamanı, ölkə ordusu bir neçə dəfə prezident Maduroya şərtsiz sadiqliyini təsdiqləyib.

Müxalifət bu sadiqliyi sınamağa cəhd edib.

Ordu indiyə qədər Maduronun tərəfini saxlayıb, lakin bazar günü, iddia edildiyi kimi Valenciada yerləşən 41-ci briqadadan yayılmış videoda, ölkədə qayda-qanunun bərpa edilməsi üçün hərbi və mülki vətəndaş aksiyalarının başlanmasına çağırış edilib.

Maduro administrasiyası hərbçilərin qiyam qaldırdığını inkar edərək sözügedən videoda görüntülənənlərin, fərarinin başına toplaşdığı mülki vətəndaşlar olduğunu vurğulayıb.

Lakin iqtisadiyyatın çökmə həddinə yaxınlaşdığı bir dövrdə ordu prezidenti nə vaxtadək dəstəkləyəcək?

Hərbçilərin də ailələri var, ərzaq qıtlığı və inflyasiya hamıya təsir göstərir.

Maduronun opponetlərinin tənqidi güclənməkdədir, onlar ölkənin diktaturaya yuvarlandığını qeyd edir.

Belə bir şəraitdə, sualı yaranır: Qırılma nöqtəsi nə vaxt olacaq? Əgər bu artıq baş verməyibsə.


Əlaqəli mövzular

Bu barədə daha geniş