Britaniya mətbuatı: Henry Kissinger: İran yenidən böyük imperiya ola bilər

Fotonun müəllifi AFP/Getty
Image caption ABŞ-ın sabiq dövlət katibi Henry Kissinger iddia edir ki, İŞİD məğlub edildikdən sonra Tehran onun ərazilərinə nəzarəti ələ alarsa, nəticədə İran böyük imperiyaya çevriləcək.

Henry Kissinger: İran yenidən böyük imperiya ola bilər

"The İndependent" qəzetində dərc olunmuş məqalədə deyilir ki, keçmiş dövlət katibi Henry Kissinger "İranın yenidən radikal imperiya" ola biləcəyi barədə xəbərdarlıq edib.

Keçmiş diplomat iddia edir ki, İŞİD məğlub edildikdən sonra Tehran onun ərazilərinə nəzarəti ələ alarsa, nəticədə İran böyük imperiyaya çevriləcək.

Prezident Richard Nixon-un vaxtında dövlət katibi olmuş 94 yaşlı Kissinger habelə ABŞ-ın Yaxın Şərq münaqişələrində kiminsə tərəfini tutmasının təhlükəli ola biləcəyini deyib.

"Hazırkı şəraitdə ənənəvi "düşmənimin düşməni mənim dostumdur" düsturu işləmir. Müasir Yaxın Şərqdə "sənin düşməninin düşməni sənin də düşmənin" ola bilər. Yaxın Şərq dünyanı öz ideologiyalarının səbatsızlığı ilə yanaşı, həm də müəyyən hərəkətləri ilə təsirləndirir" - yazır Kissinger CapX portalında.

Keçmiş diplomat məqaləsinə belə davam edir: "Ətraf aləmin İŞİD-lə müharibəsi bunun parlaq nümunəsi ola bilər. Şiə İran və aparıcı sünni dövlətləri də daxil əksər qeyri-İŞİD ölkələr bu təşkilatın məhv edilməsinin zərurətini qəbul ediblər. Lakin bu təşkilatın itirdiyi ərazini hansı vahid nəzarətə götürəcək? Sünni koalisiyası? Yoxsa bu ərazilər İranın təsir dairəsinə düşəcək?"

"Cavab qeyri-müəyyəndir, çünki Rusiya və NATO ölkələri qarşıduran tərəfləri dəstəkləyirlər. Əgər İŞİD ərazisi İnqilab Keşikçiləri və ya onun tərəfindən təlimləndirilmiş şiə qüvvələri tərəfindən zəbt olunsa, nəticədə Tehrandan Beyrutadək uzanan ərazi qurşağı yaranacaq. Bu isə yeni radikal İran imperiyasının başlanğıcı olacaq" - yazır Kissinger.

"The İndependent" yazır ki, cənab Kissinger belə fikirlər ilk dəfə irəli sürmür.

Ötən il keçmiş Harvard professoru demişdi ki, "Yaxın Şərqin üzləşə biləcəyi ən böyük problem İranın potensial hegemonluğu ola bilər".

Fransızlar Macron-un xanımının birinci ledi olmasına etiraz edirlər

Fotonun müəllifi Getty Images
Image caption Fransızlar deyirlər ki, xanım Macron ictimaiyyət tərəfindən heç bir vəzifəyə seçilməyib, buna görə də o "Birinci ledi" ola bilməz.

"The Daily Mail" qəzeti yazır ki, Fransada prezident Emmanuel Macron-un xanımı üçün rəsmi "Birinci ledi" postunun yaradılması qərarına qarşı petisiyanı artıq 200 mindən çox insan imzalayıb.

İnternetdə yerləşdirilmiş petisiyada prezidentin administrasiyası tərkibində 64 yaşlı Brigitte Macron üçün "Birinci ledi" postunun yaradılması planlarının dayandırılması tələb olunur.

39 yaşlı Emmanuel Macron arvadı üçün "birinci xanım" vəzifəsini yaratmağı hələ may seçkisindən əvvəl apardığı kampaniya zamanı vəd etmişdi.

İki həftə bundan əvvəl change.org saytında yerləşdirilmiş petisiyada deyilir ki, "Birinci ledi" vəzifəsi üçün dövlət büdcəsindən pul ayrılması yolverilməzdir.

"Brigitte Macron-un hazırda üç köməkçi, iki katib və iki mühafizəçidən ibarət komandası var və bu onun üçün tamamailə kifayətdir" - deyilir 220 min insanın imzaladığı petisiyada.

Petisiyada bu da vurğulanır ki, xanım Macron ictimaiyyət tərəfindən heç bir vəzifəyə seçilməyib və millət vəkillərinə öz arvadlarını köməkçi kimi işə götürməyi qadağan edən hökumətin Brigitte Macron üçün vəzifə yaratması ikiüzlülükdür.

Lakin Macronbildirib ki, "Birinci ledi" postunun yaradılması bu vəzifə üçün büdcədən pul ayrılacağı demək deyildir.

Elə bu arada bəlli olub ki, prezident seçiləndən bəri qısa müddətdə Macron-un reytinqi sürətlə aşağı düşüb.

Fransanın Ifop rəy sorğusu agentliyinin məlumatında deyilir ki, 1995-ci ilin iyulunda prezident seçilmiş Jacques Chirac-ı çıxmaq şərtilə hələ heç bir fransız prezidentinin reytinqi belə sürətlə düşməyib.

Macron-un populyarlığının azalması onun büdcə ixtisarlarını, yeni əmək qanunu elan etməsi və hərbiyyə ilə zərərli mübahisəyə girişməsi olub.

Lakin ölkə daxilində populyarlığı düşsə də, Macron beynəlxalq aləmdə Fransanın diplomatik nüfuzunu xeyli yüksəldə bilib.

O seçiləndən az sonra iki supergücə başçılıq edən Trump və Putini qəbul edib, habelə Liviyaya dair danışıqların təşəbbüsçüsü olub.

Bu boşanma Abramoviçə çox baha başa gələ bilər

Fotonun müəllifi Getty Images
Image caption Roman Abramoviç və incəsənət kolleksiyaçısı və qalereya direktoru Jukova 2005-ci ildə tanış olmuşdular və bu evlilikdən iki uşaqları var.

"The Guardian" yazır ki, Rusiya milyarderi və Chelsea futbol klubunun sahibi Roman Abramoviç və onun xanımı Daşa Jukova boşanmaq barədə qərarlarını elan ediblər.

Abramoviç və incəsənət kolleksiyaçısı və qalereya direktoru Jukova 2005-ci ildə tanış olmuşdular və bu evlilikdən iki uşaqları var.

Onların birgə bəyanatında deyilir ki, "on il bir yerdə yaşadıqdan sonra biz ayrılmaq barədə çətin qərar qəbul etmişik, lakin biz yaxın dost, valideyn və birlikdə inkişaf etdirdiyimiz layihələrdə partnyor kimi qalmaqda davam edəcəyik".

50 yaşlı Abramoviçin sözçüsü bu bəyanatın xaricində hər hansı əlavə şərh verməkdən imtina edib.

Forbes jurnalının təxminlərinə görə Abramoviçin varidatı hazırda 9. 2 milyard dollar təşkil edir və o, dünya zənginləri siyahısında 139-cu yerdədir.

O həm də dəbdəbə aludəsi kimi tanınır. Onun yaxtası dünyada ikinci böyük yaxta sayılır.

Abramoviç bütün dünya boyunca böyük mülkiyyət portfelinə malikdir.

36 yaşlı Jukova isə Rusiyanın neft maqnatlarından birinin qızıdır və ABŞ-da təhsil alıb. O Moskvada Qaraj adlı qalereyanın açılışını edəndə, çoxları onun incəsənət aləmində hər hansı əhəmiyyətli rol oynayacağına o qədər də inanmırdılar.

O, 2008-ci ildə açılış ərəfəsində verdiyi müsahibədə bircə rəssamın da adını çəkə bilməmişdi.

Jukova 2014-cü ildə qara maneken qadın formasında düzəldilmiş kürsüdə oturub şəkil çəkdirməklə böyük qalmaqala səbəb olmuşdu.

Buna baxmayaraq Jukova varlı rusların həvəs göstərdikləri müasir incənət bazarında öz yerini tuta bilib.

Moksvadakı Qorki parkında açılmış Qaraj incəsənət qalereyası Rusiya paytaxtının ən yaxşı muzeylərindən biri sayılır.

Boşanma bəyanatında ər-arvad bildirirlər ki, onlar Qaraj və Sankt Peterburqun kimsəsiz adalarından birində yaradılmış Yeni Hollandiya kimi layihələrini birlikdə davam etdirəcəklər.

Abramoviç Yeni Hollandiyanın şəhərin ictimai-mədəniyyət mərkəzinə çevrilməsi üçün milyonlarca dollar xərcləyib.

Kremllə yaxşı münasibətlərdə qalmaq istəyən başqa oliqarxlar kimi Abramoviç də hökumət layihələrinə milyonlarca dollar pul xərcləməyə borcludur.

Jukova Abramoviçin üçüncü arvadıdır. O ikinci arvadı İrina ilə 2007-ci ildə, deyilənlərə görə, Jukova ilə yenicə başlanan eşq macərasına görə boşanıb.

O vaxt Vedomosti qəzetinin yazdığına görə İrinaya Abramoviçin varidatından çox kiçik bir hissə - 300 milyon dollar düşmüşdü.

Onlar Rusiyada boşanmışdılar və buna görə də Abramoviç yaxasını 300 milyon dollarla qurtara bilmişdi. Onlar 1990-cı ildə tanış olmuşdular. İrina Aeroflotun stüardessası idi. Roman Abramoviçin İrinadan 5 uşağı var.

"The Times" yazır ki, Abramoviç sonuncu boşanmada milyonlarını yox, milyardlarını itirə bilər.

Ötən gün Britaniya mətbuatı bunu yazırdı: Britaniya mətbuatı: Türkiyə səyahət üçün nə dərəcədə təhlükəlidir?