Model qadın 'Yaxın Şərqə satılacaqdı"

Chloe Ayling
Image caption 20 yaşlı Chloe Ayling-ə Yaxın Şərqə "seks üçün" satılacağı deyilib

Britaniyalı model İtaliyada, deyildiyinə görə, quldur dəstə tərəfindən oğurlanaraq girov saxlanılıb.

Vəkilinin bildirdiyinə görə, girovluqda saxlandığı müddətdə 20 yaşlı Chloe Ayling-ə Yaxın Şərqə "seks üçün" satılacağı deyilib.

Francesco Pesce BBC-ə deyib ki, dustaqlıq dövründə qadın məcburiyyət qarşısında qalaraq onu oğurlayanla birgə bazarlıq etməyə çıxıb.

Deyildiyinə görə, Chloe Ayling özünü "Black Death" (Qara Ölüm) adlandıran bir cinayətkar qrup üzvləri tərəfindən oğurlanıb.

Milana fotoçəkilişə gedən qadın evinə 26 gündən sonra, ötən bazar günü qayıdıb.

Qadın oğurlanan zaman əlləri qandallanıb və ona uyuşdurucu dərman yeridilib.

Deyildiyinə görə, qadını oğurlayanlar modelin menecerindən 300 min dollar pul tələb ediblər, əks halda gənc qadını internetdə hərraca çıxarıb satacaqları ilə hədələyiblər.

Chloe Ayling-in vəkili deyib ki, dustaqlıqda olarkən, gənc qadın onu tutanlarla nəzakətli davranmağa çalışıb.

Vəkilin sözlərinə görə, Londonun cənubundakı Coulsdon rayonunun sakini Chloe Ayling-ə bildirilib ki, o, "seks üçün Yaxın Şərqdə kiməsə satılacaq".

Francesco Pesce deyib ki, model qadın ölümlə hədələndiyindən onu tutanla birgə bazarlığa çıxmağa məcbur olub.

"Ona deyilib ki, onu güdürlər və yanlış addım atsa öldürülə bilər,- vəkil qeyd edib. - belə vəziyyətdə o düşünüb ki, yaxşısı budur ki, vəziyyətlə barışsın və onu tutanlarla nəzakətlə davransın, çünki ona nə vaxtsa azad oluna biləcəyi də vəd edilmişdi".

Bazar günü danışan Chloe Ayling deyib ki, keçdiyi dəhşətli təcrübə müddətində həyatı üçün qorxub.

"Mən İtaliya və Britaniya rəsmilərinə sağ-salamat azad edildiyim üçün hədsiz dərəcədə minnətdaram", - girovluqdan yaxa qurtaran model qadın bildirib.

Əlaqəli mövzular