Almanlar barədə yumorsuz xalq stereotipi haradan yaranıb?

Almaniya Fotonun müəllifi ES Germany / Alamy Stock Photo
Image caption Almanlarda yumor hissi olmadığı barədə stereotip sabun köpüyü kimidir

Gülməkdən gözlərimdən yaş axırdı, əl çalmaqdan əllərim qızarmışdı.

Berlindəki Quatsch Comedy Club klubunda alman gülüş ustasının məni güldürə bilməsinə özüm də təəccüblənmişdim, elə çoxları üçün də indi dediklərim ziddiyətli görünə bilər.

Almanlar yaxşı yumoru dəyərləndirir, Berlində komediya klublarının populyarlığının artması da bu fikri təsdiqləyir.

Əslində komediya janrı alman mədəniyyətində dərin kök buraxıb, siyasi satira xüsusi rəğbətlə qarşılanır, amma sadə təlxəklik səviyyəsində yumora da yer var.

Nədənsə, 2011-ci ildə Badoo.com-un keçirdiyi sorğuda, almanlar gülməyi ən az bacaran millət kimi müəyyən edilmişdi, bu isə öz növbəsində, onların qaraqabaq, yumorla arası olmayan xalq olması barədə stereotipi daha da möhkəmləndirib.

"Bu stereotip barədə eşitməmişdim. Yalnız ingilisdilli insanlarla söhbətlərdən bu mənə məlum olub, - Saarbrücken şəhərindən ingilis və fransız dilləri müəlliməsi Nicar Riplinger deyir. - Biz özümüzü yumorsuz xalq saymırıq".

"Mən həqiqətən, yumoru sevirəm, - o, fikrini davam edir, - xüsusilə, istehza və ictimai-tənqidi məsələlərə aid olanı".

Onun qeyd etdiyi məsələlərin Almaniyada komediya proqramlarının əsas mövzusu olması, tarixçəsi kifayət qədər uzun olan bir ənənə halını alıb.

Televiziyada komediya proqramları çərçivəsində hazırlanan satirik tokşou və estrada çıxışlarının ağırlıq mərkəzi siyasi və sosial baxımdan tabu sayılan mövzulara köklənir.

Əgər almanların yumor hissi bu dərəcədə inkişaf edibsə, onlar barədə yuxarıda qeyd olunmuş stereotip necə yaranıb?

Fotonun müəllifi ullstein bild
Image caption Dildən dilə fərq olduğu kimi, yumor hissi və zarafat etməyin yolları da fərqlidir.

Nicola McLelland, Britaniyada Nottingham Universitetinin Alman dilçiliyi üzrə professorudur.

Onun fikrincə, müxtəlif mədəniyyətlərin zarafat etmək və zarafatı başa düşmək üslubunu həmin dillərin fərqli konstruksiyaları təsirləndirir.

Nicola McLelland qeyd edir ki, yumor və gülüşün yaranmasına çox vaxt işlədilən söz və kəlmələrin ikili mənası səbəb olur.

Misal üçün, ingilis dilinin quruluşu və xüsusiyyətləri belə ikili məna və yozumlar üçün geniş imkan yaratdığı halda, alman dilində vəziyyət fərqlidir.

Alman dilinin konstruksiyasında cümlədəki sözlər, isim, fel, qrammatik cinslər arasında bağlılıq daha konkret forma aldığından, burada ikili məna, yozum müxtəlifliyi və ya digər növ qeyri-müəyyənliyə yer qalmır.

Nəticədə, almanca söz toqquşdurmaq, söz ilə oynamaq daha çətin məsələyə çevrilir.

Fotonun müəllifi Shotshop GmbH / Alamy Stock Photo
Image caption Bu lövhəcikdə yazılan söz "ayıb yer" mənasını verir, lakin xarici qonağın, çətin ki, bundan xəbəri olsun.

Lakin alman dilində mürəkkəb sözlər qurmaq imkanı var.

Bir neçə sözü birləşdirərək mürəkkəb yeni söz yaratmaq imkanı olan dillərin sayı çox deyil. Alman dili bellə dillərdən birdir.

Misal üçün schadenfreude, sözü iki sözün birləşməsindən yaranıb - schaden (şər) və freude (ləzzət).

Çox vaxt belə mürəkəb sözləri digər dilə birbaşa tərcümə etmək mümkünsüzdür. Bu səbəbdən həmin mürəkkəb sözləri işlətməklə deyilən zarafat və ya lətifə qeyri-almana gülməli görünməyəcək.

Professor McLelland bir misal çəkir: "Əgər əlinizdən saat düşübsə, onu niyə qaldıra bilməzsiniz? Çünki sizdə "Urheberrecht" yoxdur".

Almanca "Urheberrecht" müəlliflik hüququ deməkdir, lakin bu söz mürəkkəb söz olduğundan, onun birbaşa tərcüməsi də var: "saatı götürmək hüququ".

Əslində, görünür, alman dilindən tərcümə edilən zarafatların o qədər də güldürücü olmaması bu dildə işlədilən cümlələrin aşırı dəqiqliyi ilə bağlıdır.

Fotonun müəllifi grzegorz knec / Alamy Stock Photo
Image caption Alman komediyaları əsasən siyasi satira və sadə estrada zarafatı tamaşasına köklənir

Nuremberg şəhərindən olan hüquqşünas Christian Baumann dünyanı çox gəzib, müxtəlif ölkələrdə olub, fərqli mədəniyyətlərlə tanış olub.

O razılaşır kı, almanların yumorsuz xalq olması barədə stereotip dilin xüsusiyyətlərinə görə yarana bilərdi.

Misal üçün, ABŞ-da olarkən, Christian Baumann fikirlərini alman dilində qurub ingilis dilinə çevirdiyi cümlələrlə bildirirdi. Nəticədə, həmsöhbətləri onu anlamağa çətinlik çəkirdi. Bəziləri isə onu hətta kobudluqda ittiham ediblər.

"Alman dilindən ingilis dilinə çevirəndə məna incəlikləri itir, nəticədə zarafatın duzu da gedir, - Baumann deyir. - Aydındır kı, məni dinləyənlər məndə yumor hissi olmadığını düşünəcəklər".

Eyni zamanda o düşünür ki, burada mədəniyyət fərqi də öz rolunu oynaya bilər.

"İngilislər, adətən, daha nəzakətli olur. Almanlar isə düşündüklərini birbaşa üzə deməyi adət ediblər. Nəticədə, belə bir fikir yarana bilər ki, almanlar daha kobuddur, yumordan məhrumdurlar", - Baumann qeyd edir.

Fotonun müəllifi INTERFOTO / Alamy Stock Photo
Image caption Berlində komediya tamaşaları verilən klublar populyarlaşmaqdadır.

Bu fikri Almaniya komediyaçısı Christian Schulte-Loh da bölüşür.

Onun yazdığı yeni kitabın adı belədir: "Zum Lachen auf die Insel" (İngiltərəyə gülüş ilə).

Müəllif, kitabında qeyd edir ki, "almanların nəzakətli olmasına onların düzlüyü manə olursa, ingilislərin də düz olmasına, onların nəzakətliyi əngəl yaradır".

Lakin Berlindəki Quatsch Comedy Club klubunda vaxtaşırı tamaşa verən Schulte-Loh deyir ki, sözügedən stereotipləri o, xarici turları zamanı öz xeyrinə də işlədə bilir.

Misal üçün Londonda çıxışları zamanı o, tamaşaçılara çıxışının lap əvvəlindən bildirir: "Salamlar, mən xristian və Almaniyadan olan komediyaçıyam".

Bu elanı gülüş və fitlə qarşılayan tamaşaçılarla sözünə Schulte-Loh bundan sonra belə davam edir: "Aha, görürəm ki, artıq məyus etdim sizi. Eybi yox, hər halda əlimdən gələni edəcəyəm!"

Bu yazının ingiliscəsini buradan, Dərgidəki bütün yazıları isə buradan oxuya bilərsiniz.

Bu barədə daha geniş