Britaniya mətbuatı: Amerikalılar "allahsız prezidentə" niyə səs verməzlər?

Fotonun müəllifi Justin Sullivan
Image caption "Mən yəhudi kimi böyümüşəm və sonralar bir çox şeyləri özümdən sual etmişəm. İndi isə inanıram ki, din çox mühümdür", prezident olmaq niyyətini açıqlayan Mark Zuckerberg bildirib.

Amerikalılar "allahsız prezidentə" niyə səs verməzlər?

"The Guardian" yazır ki, ötən ilin son günlərinədək bir çoxları Facebook-un yaradıcısı Mark Zuckerberg-in 2020-ci ildə prezident olmaq niyyətinə bir az zarafat kimi baxırdı.

Lakin o daha sonra belə bir post yazmışdı: "Miladınız mübarək və sizlərə xoşbəxt bir Hannuka. Priscilla (arvadı), Max (qızı), Beast (iti) və mən".

Amma bu posta şərh yazanlardan biri soruşmuşdu ki, axı onu uzun müddətdir ateist kimi tanıyırlar? Nə isə dəyişib?

Zuckerberg şərhə dərhal cavab yazmışdı: "Mən yəhudi kimi böyümüşəm və sonralar bir çox şeyləri özümdən sual etmişəm. İndi isə inanıram ki, din çox mühümdür".

Məhz bu cavabdan sonra aydın olurdu ki, texnologiyalar lideri gerçəkdən də Ağ Evin sahibi olmağı düşünür.

Çünki o Amerika siyasətinin qızıl qaydalarından birini qəbul etmişdi: Amerikalılar heç vaxt ateistin prezident olmasına səs verməzlər.

İndi isə bu postulatın həqiqiliyini yeni araşdırma da təsdiq edib. Araşdırmadan bəlli olub ki, dünya boyunca insanlar ateistlərə etibar etmirlər. Onların ümumi inamı belədir ki, "dinsizlər mənəviyyatsız hərəkətlərə daha çox meyllidirilər".

Kentucky Universitetindən professor Will Gervais bildirib ki, ABŞ-da ateistlərə, gey və müsəlmanlara daha az adam səs verməyə hazırdır.

Gervais deyib ki, adamların əksəriyyəti ateistlərə inanmır və onlara potensial baxımdan etibar etmir.

Məqalədə deyilir ki, ABŞ-ın siyasi əməliyyatçıları bu inancdan həmiçə faydalanmağa çalışıblar.

Məsələn, 2016-cı ilin seçki kampaniyasında internetə sızdırılmış Demokratik Partiya email-lərindən də görünür ki, Hillary Clinton-un rəqibi Bernie Sanders-i ateist kimi təqdim etməyə çalışıblar.

Siyasi texnoloqlar inanırdılar ki, allahsız kimi tanınması SandersKentucky West Virginia kimi dindar ştatlarda kifayət qədər səs toplamaq imkanı verməyəcək.

Buna görə də hətta mənəvi keyfiyyətləri şübhə doğuran namizədlər də özlərini dindar kimi göstərməyə can atırlar.

Məqalədə deyilir ki, Ağ Evin hazırkı sahibi buna parlaq misaldır. Dindar xristianlar bütün həyatını pul və sərvətə sitayişdə keçirmiş Donald Trump-ı kilsəyə gedən və ibadət edən Hillary Clinton-dan üstün tutublar.

Buradan belə nəticə çıxır ki, amerikalılar prezidentliyə namizədin Allaha inanmasıını əsas saysalar da, bu inamın nə dərəcədə güclü və gerçək olduğu ilə o qədər də maraqlanmırlar.

Fransa prezidentinin arvadı birinci ledi olmayacaq

Fotonun müəllifi Getty Images
Image caption Çoxsaylı etirazlar nəticəsində Fransa prezidentinin xanımı Brigitte Macron rəsmən ölkənin "Birinci ledisi" ola bilməyəcək.

"The Telegraph" yazır ki, Fransa prezidentinin xanımı Brigitte Macron rəsmən ölkənin "Birinci ledisi" ola bilməyəcək.

Bu barədə məlumatı hökumət rəsmiləri veriblər.

Məqalədə deyilir ki, belə bir qərarın qəbulu, özünün seçki kampaniyasında arvadı üçün rəsmi vəzifə yaradacağını vəd etmiş Emmanuel Macron-a pərtlik gətirəcək.

"The Telegraph" yazır ki, ictimaiyyət millət vəkillərinə öz xanımlarını köməkçi kimi işə götürməyi qadağan edən hökumətin, prezidentin xanımı üçün vəzifə yaradılması planlarına mənfi yanaşıb.

İndi isə son iki həftədə internetə qoyulmuş petisiyaya 280 min adam imza atdıqdan sonra hökumət xanım Macron üçün maaşlı vəzifə postu yaratmaq planlarından geri çəkilib.

Fransa hökumətinin sözçüsü Christophe Castaner Twitter postunda yazır ki, xanım Macron-un rəsmi vəzifəsi olmayacaq.

"Brigitte Macron-un rolu və vəzifələri var. Biz onun ixtiyarında olan vəsaitlər barədə son dərəcə şəffaf olacağıq" - yazıb sözçü.

Sözçü vurğulayıb ki, xanım Macron üçün konstitusiyaya dəyişiklik edilməyəcək, ayrıca fond yaradılmayacaq, ona maaş verilməyəcək".

39 yaşlı prezident Macron özünün seçki kampaniyasında xanımı Brigitte üçün birinci ledi postunun yaradılacağını vəd etmişdi.

Amma o vaxt da Macron demişdi: "Ona Respublikadan maaş ödənəcəkmi? - Yox! Onun rolu, real status və hərəkət imkanı olacaqmı? - Bəli".

Hökumət mənbələrindən France Press agentliyinə bildirilib ki, qarşıdan gələn günlərdə xanım Macron-un roluna aydınlıq gətiriləcək, lakin birinci ledi postunun yaradılması məqsədilə konstitusiyaya düzəliş edilməyəcək.

Buna baxmayaraq, Fransa hökuməti Brigitte Macron-un vergiödəyənə neçəyə başa gələcəyi barədə dəqiq məlumat verməyi planlaşdırır.

Hazırda Brigitte Macron-un sərəncamında üç köməkçi, iki katib və iki mühafizəçi var.

Keçmiş prezident Francois Hollande-ın xanımı Valerie Trierweiler vergiödəyənə təkcə 2013-cü ildə 400 min avroya başa gəlmişdi.

İndiyədək heç bir Fransa prezidentinin arvadı rəsmən "birinci ledi" adlandırılmayıb.

ABŞ-ın Rusiya sanksiyaları Qazaxıstan neftini təsirləndirməyəcək

Fotonun müəllifi STF
Image caption ABŞ-ın yeni sanksiyaları əsasən Gazprom və onun ŞimalAxını2 kəmər layihələrini hədəfləyir.

"Financial Times" yazır ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Qazaxıstanda Chevron, ExxonMobil və başqa iri neft şirkətlərinin iştirak etdiyi çoxmilyardlıq layihələrin işini təsirləndirməyəcək.

Prezident Donald Trump tərəfindən imzalanmış sanksiyalar qanunu Qazaxıstanda narahatlıq yaratmışdı, beləki bu sanksiyalar Rusiyanın neft kəmərlərini də hədəfləyir.

Qazaxıstan öz neftini Rusiyadan keçən Xəzər Kəməri Konsorsiumunun kəməri ilə Qara dəniz sahilinə nəql edir.

"Bizim neftimizi dənizlərə, xüsusilə də Novorossiyskə nəql edən kəmər sanksiyalara daxil edilməyib. Chevron kimi Amerika şirkətləri Xəzər Kəməri Konsorsiumunun üzvüdürlər və öz parlamentlərindən xahiş ediblər ki, belə tranzit kəmərlər sanksiyalardan istisna edilsin. Buna görə də neftimizin xarici bazarlara çıxarılması təsirlənməyəcək" - deyib milli iqtisadiyyat naziri Timur Suleymenov.

FT yazır ki, Chevron ötən il Qazaxıstanın Tengiz yataqlarına qoyulmuş 37 milyard dollarlıq investisiyaya başçılıq edib. Bu yataqlarda Chevron şirkətinin payı 50 faizdir. Bundan başqa Tengiz yatağında Qazaxıstan Dövlət Neft şirkətinin, Exxon-un, Rusiyanın Lukoil şirkətinin də payı var.

İtaliyanın Eni, Fransanın Total, habelə Exxon Royal Dutch Shell şirkətlərinin Qazaxıstanın Kaşağan yatağında da payları var. Tengiz və Kaşağan yataqlarından hasil olunan neft Xəzər Kəməri vasitəsilə Rusiya ərazisindən keçərək nəql olunur.

ABŞ-ın yeni sanksiyaları əsasən Gazprom və onun ŞimalAxını2 kəmər layihələrini hədəfləyir.

Bu layihə qismən də Avropa İttifaqının Shell, Engie, Wintershall, Uniper OMV şirkətləri tərəfindən maliyyələşdirilir.

Ötən gün Britaniya mətbuatı bunu yazırdı: Henry Kissinger: İran yenidən böyük imperiya ola bilər.

Əlaqəli mövzular