Niyə hamı Fransanın birinci ledisindən danışır?

Brigitte Macron Fotonun müəllifi Getty Images
Image caption Deyilənlərə görə, Brigitte Macron hər həftə 150 məktub alır

"Ölkə başçısının xanımının dövlət fondlarından maddi dəstək alması üçün heç bir səbəb yoxdur," fransalı fəal və rəssam Thierry Paul Valette yazır.

Valette, iki həftə ərzində 270 mindən çox insanın imza atdığı petisiyanın yaradıcısıdır. Burada göstərilir ki, Fransanın yeni liderinin xanımının "Birinci Ledi" kimi rəsmi vəzifəsi yoxdur.

Fransa konstitusiyasına əsasən, prezidentin xanımı (və ya əri) heç bir rəsmi status daşımır. Bununla belə, Yelisey Sarayında onlara bir və ya iki köməkçi və təhlükəsizlik işçiləri verilir.


Həmçinin oxuyun:


Onlar eləcə də, həyat yoldaşlarını rəsmi mərasimlərdə müşayiət etməli və xeyriyyə işləri ilə məşğul olmalıdırlar.

Bəzi fransızlar isə Brigitte Macron-a vəzifə təyin edilməsi uğrunda çalışırlar.

"Təyinat"

Seçki kampaniyası əsnasında verdiyi bir televiziya müsahibəsində Emmanuel Macron bildirmişdi ki, seçildiyi təqdirdə həyat yoldaşı ondan Birinci Ledi rolunun təsis edilməsini istəyib.

"Onun öz səsi (Brigitte Macron) və nə etmək istədiyi barədə seçimi olacaq", o, aprel ayında TF1 kanalına deyib.

"Mən Fransadakı riyakarlıqdan yayınmaq istəyirəm... Əgər insan səninlə yaşayırsa, onun rolu olmalıdır və bu rol tanınmalıdır."

Fotonun müəllifi Getty Images
Image caption Emmanuel və Brigitte prezident kampaniyası ərəfəsində fotoqraflara gülümsəyirlər

O, xanımının dövlət büdcəsindən məvacib almayacağını da dilə gətirmişdi.

Fəqət, Macron-n tənqidçilərinin yaratdığı bu səs-küyün səbəbi elə "riyakarlıqdır".

Nepotizm müzakirəsi

Kampaniyası zamanı Macron, nepotizmə son qoyacağını vəd etmişdi.

Onun mühafizəkar rəqibi François Fillon-un adı xanımı ilə bağlı qalmaqalda çəkilmişdi.

Fotonun müəllifi AFP
Image caption François Fillon-un xanımı Penelope qarışdığı qalmaqal, Macron-u nepotizm ilə bağlı vəd verməyə məcbur etmişdi

Zənn edilir ki, xanım Fillon-un az və ya heç bir iş müqabilində qazandığı yüz minlərlə avro ərinə prezidentlik bahasına başa gəlib.

İctimai qınaqdan ilhamlanan Macron, siyasətçilərə ailə üzvlərini işə götürmək qadağası tətbiq edəcəyini bildirmişdi.

"Mənim etdiyimi yox, dediyimi et," fransalı siyasətçi Thierry Mariani keçən ay Twitter hesabında yazıb.

Fillon-n müttəfiqi bu tvitini xanım Macron-un əldə edəcəyi rəsmi status və büdcə ilə bağlı söhbətlərlə əlaqəli yazıb.

Brigitte Macron, həm ölkəsində, həm də dünyada diqqət mərkəzindədir.

Fotonun müəllifi AFP/ Getty Images
Image caption Brigitte Macron iyul ayında Elisey Sarayında pop-ulduz Rihanna-nı qarşılayıb

"Fransızlar prezident kimi kişi seçsələr də, Yelisey Sarayında yaşayan cütlükdür," Voici jurnalı yazıb.

Əri may ayında prezident seçildikdən sonra, səhnəyə çıxarkən kütlələr onu səsləyirdi: "Brigitte! Brigitte! Brigitte!"

Dəb jurnallarında isə o, əynində ərinin adı yazılan köynəklərlə çıxırdı.

"Bizim yeni dəb sevdamız," Elle jurnalı yazıb.

Lakin əri ilə arasındakı 24 illik yaş fərqinə görə də Brigitte az qınanılmayıb.

Petisiyasında Valette, tənqidin şəxsi olmadığını önə çəkir.

"Biz, Birgitte Macron-a qarşı bütün seksual hücumları pisləyirik və onun qabiliyyətindən şübhə duymuruq,"o yazıb.

Rol rəsmiləşərsə

Fransız mediasına əsasən, qeyri-rəsmi Birinci Ledi həftədə 150 məktub alır. Yeni işçilər ona bu işdə kömək ola bilər.

Maaş haqqında heç bir məlumat olmasa da, xanım Macron, işçilər və onun xərcləri üçün maddi vəsait ala bilər.

Digər bir arqument isə, bununla yeni işlərin yaranacağı fikridir.

Fotonun müəllifi Getty Images
Image caption Birləşmiş Ştatlarda Obamalara tez- tez "Birinci Ailə" kimi müraciət olunurdu.

Brigitte Vanity Fair jurnalına deyib ki, o, ərinin vəzifəsi vasitəsilə "fiziki məhdudiyyətli insanlar və onların ailələrinin həyatını dəyişmək" istəyir.

Prezidentin məşhurluğu isə aşağı düşüb (son sorğuya əsasən, 36 faiz insan ondan razıdır). Tənqidçilər onun xanımı vasitəsilə imicini yaxşılaşdırmağa çalışdığını deyirlər.

Bəziləri onları ABŞ modelini təlqin etməkdə günahlandırır. Xanım Macron-u, xüsusilə də əri Ağ Evdə prezident olduğu müddətdə aktiv rolu ilə fərqlənən Michelle Obama ilə müqayisə edirlər.

Halbuki, Amerikada da Birinci Ledi vəzifəsi rəsmi deyil.

Nə dəyişib

"Bu heç bir məna vermir və yeni bir şey də yoxdur," siyasi təhlilçi Olivier Rouquan RMC radiosuna deyib.

O iddia edir ki, Xanım Macron sələflərindən artıq imicə sahib deyil.

O, Yvonne de Gaulle və Claud Pompidou kimi mühüm ictimai fiqur xanımları misal çəkib.

Fotonun müəllifi AFP / Getty Images
Image caption Keçmiş prezident Francois Hollande ilə partnyoru Valerie Trierweiler arasındakı münasibət, o prezident olarkən ortaya çıxmışdı

"Birinci xanım statusunun qanuniləşdirilməsini anlamıram. Bunun heç bir demokratik əhəmiyyəti yoxdur," o deyib.

"Biz, prezident cütlük seçməmişik."

Macron-un sələfinin bu barədə tamamilə fərqli profili var idi.

Jurnalist Valerie Trierweiler prezident François Hollande ilə ailə qurmayıb. Onların münasibəti eşq macərası kimi başlayıb və Cənab Hollande hələ prezident ikən ayrılıblar. Sonra isə Xanım Trierweiler, şəxsi həyatı haqqında ətraflı məlumat verən avtobioqrafik kitab yazır.

Daha əvvəlki prezident Nicolas Sarkozy-nin prezidentlik müddəti ərzində iki xanımı olub.

Sarkozy və xanımı Cecilia o, prezident seçildikdən az müddət sonra boşanmışdı. Az keçmədən prezident, ifaçı və model Carla Bruni ilə tanış olub evlənmişdi. Xanım Bruni-nin adı Forbes jurnalının dünyanın 50 ən güclü qadını siyahısına düşmüşdü (2010-u ildə bu siyahıya Michelle Obama başçılıq edib).

Fotonun müəllifi AFP
Image caption Nicolas Sarkozy-n ikinci xanımı Carla Bruni dünyanın 50 ən güclü qadını arasında olub

İctimaiyyətin tələbi ilə Fransa hökuməti, Brigitte-in rəsmi Birinci Ledi titulu və şəxsi büdcəsi ilə bağlı cavab verməlidir.

Lakin Yelisey Sarayı bu barədə heç bir rəsmi açıqlama verməyib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Fransa: "Birinci xanım" vəzifəsi əleyhinə onlayın petisiya

Əksəriyyət, qarşıdakı bir neçə gün ərzində təqdim ediləcək "şəffaflıq məruzəsini" gözləyir ki, əri prezident olduğu müddətdə xanım Macron-un nə vəzifə daşıyacağı aydın olsun.

Əlaqəli mövzular

Bu barədə daha geniş