İtaliyanın iki rayonu arasındakı “tiramisu müharibəsinə” nazirlik müdaxilə edib

Tiramisu Fotonun müəllifi Getty

İtaliyanın dünyada ən tanınmış desertlərindən olan tiramisu şirniyyatının ana vətəni olmaqla öyünən Veneto rayonu bu adı qonşu Friuli Giulia Venezia rayonuna verməli olub.

Ölkənin şimalındakı Veneto və Friuli Venezia Giulia rayonları arasındakı "tiramisu müharibəsi" uzun illərdir ki, davam edirdi.

Kənd təsərrüfatı, Qida və Meşəçilik Siyasətləri Nazirliyi tərəfindən yayımlanan "ənənəvi kənd təsərrüfatı və qida məhsulları" siyahısına isə tiramisu Friuli Venezia Giulia-nın "ənənəvi qənnadı məhsulu" kimi daxil edilib.

Lakin Veneto rayonunun başçısı Luca Zaia məğlubiyyəti qəbul etməyərək "tiramisu müharibəsini" davam etdirəcəyi barədə xəbərdarlıq edib.

"Nazirliyin verdiyi qərarın qarşısında çaşqın vəziyyətindəyəm", deyən Zaia tiramisunun qonşu rayonun məhsulu olaraq tanınmasına etiraz etməyə hazırlaşdıqlarını söyləyib. Tiramisunun Veneto rayonunun Treviso şəhərində hazırlandığını müdafiə edən Zaia sözlərinə belə davam edib:

"Nazirlik bu qərarı imzalamaqla başda Treviso şəhəri olmaqla 5 milyon venetolunun tiramisu ilə tanınmasını, bizim rayonda hər yerdə tiramisunun yeyilməsini, bu şirniyyat ətrafında inkişaf edən bir sektorun olmasına əhəmiyyət vermədiyini göstərir."

İtaliyada böyük əks-səda doğuran bu xəbər, yerli qəzetlərdə bu başlıqlarla yer alıb:

  • "Tiramisunu kim icad edib? Şimal-şərq üçün siyasi bir hadisə" (Corriere della Sera)
  • "Tiramisu hadisəsi. Friuli, qaşıq döyüşlərini qazanıb" (Il Giornale)
  • "İki rayon arasında getdikcə qızışan döyüşün yeni epizodu" (La Repubblica).
Fotonun müəllifi Getty

Maskarpone incəliyi

Venetolular tiramisu şirniyyatının ilk dəfə olaraq bu rayondakı Treviso şəhərində yerləşən Le Beccherie restoranında hazırlandığını söyləyirlər.

Ötən il yayımlanan "Ən sevilən italyan şirniyyatının tarixi" adlı kitabda isə tiramisunun əslində ilk dəfə Venotoda deyil, qonşu Friuli Venezia Giulia rayonunda hazırlandığı iddia edilirdi.

Tiramisunun həqiqi vətənin hara olması barədə mübahisələrin yaxın gələcəkdə sona catacağı gözlənilmir.

Bəzi mənbələrdə bu günkü reseptdə olduğu kimi maskarpone pendiri ilə hazırlanan tiramisunun 1970-ci ildə Trevisoda hazırlandığı söylənilir.

Digər mənbələrdə isə bu tarixdən əvvəl, 1959-cu ildə Friuli Venezia Giulia rayonunda maskarpone-siz "tirime su" adlı bir şirniyyatın hazırlandığı göstərilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş