Britaniya mətbuatı: Səudiyyənin İranla neft qiyməti davası Venesuelanın başında çatlayıb

Fotonun müəllifi JONATHAN NACKSTRAND
Image caption Venesuelada baş verənlər Səudiyyə Ərəbistanının siyasi səbəblərlə və bilərəkdən neft qiymətlərini aşağı həddə saxlaması ilə əlaqəlidir.

Səudiyyənin İranla neft qiyməti davası Venesuelanın başında çatlayıb

"The Independent" qəzeti Keele Universitetinin beynəlxalq münasibətlər professoru Bülent Gökayın məqaləsini dərc edib.

Məqalədə deyilir ki, Venesuela siyasi və iqtisadi fəlakətin dibinə yuvarlanır. İnflyasiya 700 faizə çatıb, ÜDM isə 2013-cü ildə olduğunun üçdə birindən də azdır. Dünyanın təsdiqlənmiş ən böyük neft yataqlarına malik ölkə, indi dünyanın ən böyük borclusudur.

Professor yazır ki, Venesuelanın hazırda içində olduğu böhranın bir çox səbəbləri var, lakin bunların içində ən əsas faktor neft qiymətlərinin düşməsidir. Bununla belə, Venesuelanın keçirdiyi böhranın əsas səbəbi onun ərazisindən minlərlə kilometr aralıda yer alır.

Venesuelada baş verənlər Səudiyyə Ərəbistanının siyasi səbəblərlə və bilərəkdən neft qiymətlərini aşağı həddə saxlaması ilə əlaqəlidir.

Məqalədə deyilir ki, bütün başqa xammal və materiallar kimi xam neftin qiymətini də tələb və təklif arasındakı balans müəyyən edir. Bazardakı neftin həcmləri ifrat olanda və ya tələbat yüksək olmayanda qiymət düşür.

2008-2009 və 2014-cü illərdə təklif və tələb kifayət qədər balanslı olub. O vaxt bazara gündə 80 milyon barrel neft çıxarılırdı. Lakin bunun ardınca hasilat artıb və 2015-ci ilin sonlarında günə 97 milyon barrelə çatıb. Halbuki bu vaxt tələbdə əhəmiyyətli dəyişiklik yaranmamışdı. Bu, öz növbəsində neft qiymətinin kəskin və davamlı düşməsinə səbəb olub.

Əlbəttə, hasilatın artmasında Amerikanın şist nefti də öz rolunu oynamışdı. Lakin əsas səbəb Səudiyyə Ərəbistanın siyasi səbəblərlə daha çox neft hasil etməsi idi. Səudiyyə dünyanın ən böyük neft hasilatçılarından biri olduğuna görə onun hasilat göstəriciləri bazarı bu və ya digər şəkildə dəyişir.

Lakin bir ara ABŞ nefti hasilatının düşməsinə baxmayaraq, Səudiyyə hasilatı artırmaqda davam edirdi.

Professor Gökay yazır ki, Səudiyyənin bu hərəkətinin iki məqsədi olmalıdır. Bunlardan birincisi Amerika şist neftçilərini oyundan çıxamaq və qlobal neft hegemonluğunu Körfəz ölkələrinə qaytarmaqdır. Şist neftinin hasil edilməsi baha başa gəlir. Onun bir barreli 60 dollara başa gəlir, halbuki təbii neftin bir barrelinin qiyməti 7 dollardan yüksək deyil.

Səudiyyə Ərəbistanı düşünür ki, neft qiymətlərinin bir barrelinin qiyməti 60 dollardan aşağı salınarsa, ABŞ neftini hasil etmək kommersiya baxımından mənfəətli olmayacaq.

Səudiyyənin ikinci məqsədi onun Yaxın Şərqdə əsas rəqibi olan İranın iqtisadiyyatını çökdürməkdir. İran iqtisadiyyatı çökərsə, təbii ki, o, Suriya rejiminə və ya İraq, Yəmən və başqa yerlərdəki şiə silahlı birləşmələrinə milyonlarla dollarlıq dəstək verə bilməz.

Gökay yazır ki, neft bazarları həmişə Səudiyyə və İran arasında regional hegemonluq uğrunda davanın meydanı olub. 1977-ci ildə İran ölkədə bir neçə nüvə stansiyası tikmək və təsirini Yaxın Şərq boyunca yaymağı planlaşdırarkən Səudiyyə rejimi dərhal neft hasilatını gündə 8 milyon barreldən 12 milyon barrelə qaldırmışdı. Bununla da neft qiymətləri kəskin düşmüşdü.

O vaxt İran milyardlarla dollarını itirdi, şah isə özünün nüvə ambisiyalarından geri çəkilməli oldu. İstehsal çökdü, inflyasiya raket sürətilə yüksəldi, işsızlık kütləvi şəkil aldı və İran şahının monarxiyası çökdü. Onun yerini ayətüllah Xomeyninin İslam Respublikası tutdu.

Gökay hesab edir ki, 2014-cü ilin əvvəllərində Səudiyyə müəyyən tərəddüd və müzakirələrdən sonra qiymət müharibəsinə ABŞ-la tandemdə başlayıb.

Amerika bu siyasəti dəstəkləyirdi, çünki neftdən asılı Rusiyanın təsir gücünün azalmasında maraqlı idi.

Belə başa düşmək olar ki, bu məqamda Amerika hətta özünün şist sənayesini də bu siyasətə qurban verməyə hazır idi.

Professor bu qənaətdədir ki, bu məsələdə Amerika və Səudiyyə arasında planlaşdırma və razılaşdırma olub. Çünki zərbəsi Rusiya və İrana dəyəcək bu siyasət Amerikanı da Səudiyyə qədər qane edirdi.

Amma bu dəfə Səudiyyənin eyni strategiyası nə Rusiyanın, nə də İranın iqtisadiyyatını çökdürə bilmədi. Əksinə aşağı neft qiymətlərinin ən ağır zərbəsi Afrika və Cənubi Amerikadakı ixracatçılara dəydi. Burada Liviya, Anqola və Nigeriya kimi petrodövlətlər neft ixracatından tam asılı idilər.

Lakin bütün bunların ən dağıdıcı zərbəsi, dünyada neftdən ən fəlakətli şəkildə asılı olan Venesuelaya dəydi. Neft Venesuelanın bütün ixracatının 96 faizni, hökumət gəlirlərinin isə 40 fazini təşkil edir.

Gökay yazır ki, hələlik Səudiyyə-ABŞ neft qiymətləri strategiyasının Rusiya və İranın qüdrət və təsirini yox edib-etməyəcəyi də bəlli deyil.

Lakin bir şey bəllidir: Dünya neft bazarı son dərəcə təlatümlü və kiçik olaraq qalacaq və daha az güclü ölkələr bu geniş toqquşmanın burulğanına düşəcək.

İsrailin birinci ledisinə qarşı cinayət işi qaldırıla bilər

Fotonun müəllifi Getty Images
Image caption Sara Netanyahu bundan əvvəl bir mərakeşli qulluqçunu onu "kökəldib eybəcərləşdirməyə çalışmaqda" ittiham edib.

"The Times" qəzeti yazır ki, İsrailin baş prokuroru baş nazir Binyamin Netnyahunun xanımına dövlət vəsaitindən sui-istifadə ittihamı ilə cinayət işi başlamağa hazırlaşır.

Məqalədə deyilir ki, İsrailin birinci ledisi bu il ərzində 4 epizod üzrə dəfələrlə dindirməyə çağırılıb.

O dövlət vəsaitindən atasının müalicəsi və başqa məqsədlər üçün istifadə etməkdə şübhəli bilinir.

İddia olunur ki, baş nazirin arvadı yüz minlərlə şekel dövlət pulunu mənimsəyib.

Xanım Netanyahu ittihamları rədd edir, lakin polis ona qarşı cinayət işi açılmasını istəyir və baş prokurorluq bunu etməyə hazırlaşır. Hərçənd Ədliyyə Nazirliyi bu barədə son qərarın hələ qəbul edilmədiyini bildirib.

"The Times" yazır ki, bu, Sara Netanyahunun qanunla çəp gəldiyi ilk hadisə deyil. Onun ərinin administrasiyasında böyük səhnəarxası rol oynadığı söylənir.

Ötən il Sara Netanyahu ona qarşı iki məhkəmə işində uduzub. Məhkəməyə baş nazirin rəsmi rezidensiyasında işləyən iki qulluqçu müraciət etmişdi. Qulluqçular xanım Netanyahunun onları təhqir etməsindən və sərxoş davranışından şikayətçi idilər.

Əslən Mərakeşdən olan qulluqçulardan biri iddia edib ki, xanım Netanyahu onu bilərəkdən çox yemək hazırlamaqda ittiham edib. Guya qulluqçu baş nazir arvadının kökəlib eybəcər olmasına çalışırmış.

"Biz mədəni avropalılarıq. Biz siz mərakeşlilər qədər çox yemirik" - deyirmiş Sara Netanyahu. Məhkəmə hər iki qulluqçunun iddiasını qəbul edib və onlara on minlərlə dollar təzminat verilib.

"The Times" yazır ki, İsrailin birinci ailəsi bütövlükdə qalmaqal içindədir. Cənab Netanyahunun özünə dair rüşvət və dələduzluq ittihamları ilə təhqiqat aparılır.

Baş nazir biznesmenlərdən bahalı hədiyyələr almaqda və bir naşirə onun haqqında tənqidin yumşaldılması üçün rüşvət verməkdə ittiham edilir.

Nəyi nə qədər yemək adamı öldürə bilər?

Fotonun müəllifi Getty Images
Image caption Banan kaliumla zəngindir və bu element az miqdarda qəbul edildikdə sağlamlığa xeyirlidir.

"The Telegraph" yazır ki, hətta ən xeyirli qidaları da normasından artıq yemək insana ziyan vurur.

Məsələn şəkəri çox istehlak etsəniz artıq çəki, ən pis halda diabet qazanacaqsınız. Çox qəhvə içənlər gecələr yuxusuzluq bəlası çəkirlər. Çörəyi çox yemək köp verir.

Bəs görəsən hansı qidanın nə qədəri adamı öldürə bilər?

AsapSCIENCE bu mövzuda video da hazırlayıb. Bu videodan görünür ki, əksər ərzaqların adamı öldürən dozasını istehlak etmək fizioloji və ya texniki baxımdan mümkün deyil.

Şəkər

Şəkəri onsuz da "ağ ölüm" adlandırırlar. Britaniyada hətta ərzağın tərkibindəki şəkərə əlavə vergi də qoyulub ki, adamlar ondan çəkinsinlər.

Amma şəkərin insanı dərhal öldürməsi üçün bir oturuma 10 fincan şəkər qəbul etmək lazım gələrdi.

Portağal

Portağal dadlı olduğu qədər də xeyirli meyvədir. O insanın qan təzyiqini tənzimləyir, böyrək xəstəliklərinin qarşısını alır, xolesterolun miqdarını azaldır.

Amma vitamin C də adamı öldürə bilər. Di gəl bunun üçün 11 min portağal yemək lazım gələrdi.

Hind qozu

Hind qozu tozunun bir neçə qaşığı insanın həyatına son qoya bilər.

Beynəlxalq Kimyəvi Təhlükəsizlik Proqramının 2007-ci ildə hazırladığı hesabatda deyilir ki, bu ədvanın 5 qramı ölümcül doza sayılır.

12-ci əsrdə hind qozundan narkotik kimi istifadə olunarmış. Ekspertlər məsləhət görürlər ki, bu ədvaya çox da aludə olmamalısınız.

Gilas

Gilas ən şirin və ən ləzzətli meyvələrdən olsa da, onun içində ölümcül zəhər gizlənir.

Gilas yeyərkən onun bir neçə çəyirdəyini udmaq insana heç nə etməz, amma çəyirdəyin içərisindəki özəyi yemək təhlükəlidir.

Ekspertlər deyirlər ki, bircə gilas çəyirdəyinin toxumunda insanın nəfəsini kəsəcək qədər sianid var. Bu zəhərli maddə alma, şaftalı, ərik tumlarının tərkibinə də daxildir.

Şokolad

Şokolad hətta ona aludə olanları da öldürmür, hərçənd çox şokolad yemək ürək bulandıra bilər.

Şokoladın ölümcül dozası 85 plitədir. Bu qəsər şokoladı yemək hər adamın işi deyil.

Kartof

Çiy kartofu yemək təhlükəsiz deyil. Onun tərkibində solanin və xakonin kimi alkoloidlər var. Bu maddələr insan sağlamlığı üçün təhlükəlidir.

Təzə yaşıl kartofda zərərli maddələrin miqdarı daha çoxdur. Amma insanı bir oturuma 25 yaşıl kartof yemək öldürə bilər.

Banan

Banan kaliumla zəngindir və bu element az miqdarda qəbul edildikdə sağlamlığa xeyirlidir.

Amma banan da adamı öldürə bilər. Hərçənd məhz banan yeməkdən ölmək istəyən adam bir oturuma 480 banan yeməlidir.

Əlbəttə, 480 banan adamı zəhərləməkdən əvvəl onun qarnını partlada bilər, yazır "The Telegraph".

Ötən gün Britaniya mətbuatı bunu yazırdı: Amerikalılar "allahsız prezidentə" niyə səs verməzlər?