Britaniya mətbuatı: Millət vəkili müsəlman kişiləri ağ qız uşaqlarına təcavüzdə ittiham edir

Fotonun müəllifi NORTHUMBRIA POLICE
Image caption Newcastle şəhərində qız uşaqlarına qarşı təcavüzü törədənlərin 18 nəfərindən 17-si asiyalıdır.

Millət vəkili müsəlman kişiləri ağ qız uşaqlarını pozmaqda ittiham edir

"The Telegraph" qəzetində tanınmış Britaniya jurnalisti Trevor Phillips yazır ki, BBC nəhayət ki, ən böyük tabuların biri üzərindən rəsmən aşıb. Korposrasiyanın proqramlarından birində İngiltərə şəhərlərində yetkinlik yaşına çatmamış qızlara qarşı dəstə ilə törədilən seksual təcavüzün "Asiya" mənşəli kişilərlə bağlı olduğu etiraf edilib.

Məqalədə deyilir ki, BBC-nin ölkə xəbərləri redaktoru Mark Easton Ten O'Clock News (Axşam saat 10 xəbərləri) proqramında "əksəriyyəti ağdərili qız və qadınların - əksəriyyəti asiyalı olan kişilər tərəfindən cinsi istismar edildiyi" barədə ürək ağrısı ilə danışıb.

Müxalif Leyborist Partiyasından millət vəkili Sarah Champion "cinayət törədənlərin bütün icmalardan çıxdığına dair" şablon ifadədən qaçaraq, baş verənləri "ağ qız uşaqlarına qarşı spesifik etnik azlıqdan olanların təcavüzü" adlandırıb.

Phillips yazır ki, qız uşaqlarına qarşı cinayətlər sənaye miqyasını alıb. Rotherham şəhərində 1,400-dən çox uşaq dəstə ilə zorlanıb, başqa uşaqların zorlanmasına tamaşa etməyə məcbur olunub, narkotiklərə alışdırılıb və trefikinqə məruz qalıb.

12 yaşlı qızlar zorlama nəticəsində uşağa qalıb, onlardan bəziləri abort olunub, bəzilərinin isə uşaqları onlardan alınıb.

Xanım Champion deyib ki, hakimiyyət orqanları bu cinayətlərə uzun müddət göz yumub, çünki rəsmilər "irqçilikdə" ittiham edilməkdən qorxublar.

Northumbria polis idarəsinin rəisi Steve Ashman mediaya deyib ki, " biz bu cinayətlər barədə həqiqəti demədikcə onlar davam edəcək".

Polis rəisi aydınlıq gətirib ki, uşaqlara qarşı cinsi təcavüzdə ittiham edilərək həbs olunanların əksəriyyəti pakistanlı olsa da, onların arasında iraqlılar, əfqanlar, türklər və başqaları da var.

Trevor Phillips əvvəlcə müsəlman sözünü açıq yazmasa da işarə edir ki, burada "asiyalı" sözü qətiyyən uyğun gəlmir, çünki belə dedikdə hindistanlılar, Şərqi Asiyadan olan və bu cinayətlərlə əlaqəsi olmayan insanlar təhqir edilmiş olur.

Məqalədə deyilir ki, "bu cinayətləri törədənlərin bir ortaq cəhəti var. Bu da onların dinidir. Onlar müsəlmanlardır…"

Phillips yazır ki, "biz ağa ağ, qaraya qara deməliyik və bunu cəkinmədən etməliyik…"

Jurnalistin fikrincə, BBC islamofobiyada ittiham olunmaqdan qorxmadığına görə cəsarətli addım atıb.

"The İndependent" qəzeti də eyni mövzuya müraciət edib.

Məqalədə deyilir ki, millət vəkili Champion BBC Radio 4-ün Today proqramına faktları açıq deməyin vaxtının çatdığını söyləyib.

Millət vəkili bildirib ki, Newcastle şəhərində qız uşaqlarına qarşı təcavüzü törədənlərin 18 nəfərindən 17-si asiyalıdır. Britaniya şəhərlərində belə əməllərlə məşğul olanların əksəriyyəti britaniyalı pakistanlılardır.

Xanım Champion deyib ki, bu tip cinayətlərdə ittiham edilən yüzlərlə pakistanlı kişi var.

"Biz bu məsələni ciddi təhqiq etməliyik ki, görək nə baş verir" - deyib deputat.

"The İndependent" yazır ki, böyük bir ehtimalla millət vəkilini müəyyən cinayət növünü müəyyən etnik qrupla bağlamaqla irqçi münasibətlərə rəvac verməkdə ittiham edənlər olacaq.

İran futbolçuları israillilərə qarşı oynadıqlarına görə millidən qovulub

Fotonun müəllifi Getty Images
Image caption 33 yaşlı Məsud Şocayi və 27 yaşlı Ehsan Hacısəfi israillilərə qarşı Yunanıstanın Panionios komandasının tərkibində oynadıqları üçün İran millisindən qovulub.

"The Telegraph" qəzetində dərc olunmuş başqa bir məqalədə deyilir ki, İran milli futbol yığmasının iki oyunçusuna, İsrailin Maccabi klubuna qarşı matçda oynadıqlarına görə ömürlük qadağan qoyub.

İki yarımmüdafiəçi - 33 yaşlı Məsud Şocayi və 27 yaşlı Ehsan Hacısəfi israillilərə qarşı Yunanıstanın Panionios komandasının tərkibində Avropa Liqası seçmə oyunlarının üçüncü dövrəsində oynayıblar.

İran idman nazirinin müavini Məhəmmədrza Dəvarzani televiziya ilə çıxışında deyib ki, "Şocayi və Hacısəfi bundan sonra heç vaxt milli komandada oynamayacaqlar, çünki onlar qırmızı xətti keçiblər".

Nazir müavini deyib ki, bu iki oyunçunun yunan klubunda oynadıqlarını və ordan maaş aldıqlarını başa düşür, lakin onların "niftrət doğuran rejimin komandası" ilə oynaması İran xalqı üçün qəbulolunmazdır.

"The Telegraph" yazır ki, İran hökuməti İsrail dövlətini tanımır və İran idmançılarına bu ölkənin idmançılarına qarşı yarışmaq belə qadağan edilib.

Nazir müavini bunu da etiraf edib ki, Şocayi və Hacısəfi "təzyiqlərə" və "pul cəriməsinə" baxmayaraq İsraildə keçirilən birinci matçda oynamayıblar.

Buna baxmayaraq hər iki futbolçu avqustun 4-də keçirilən cavab matçında meydançaya çıxıb.

Bu da bildirilir ki, Panionios həmin oyunu 0-1 hesabı ilə uduzub. Yunanlar bundan əvvəlki oyunu da eyni hesabla uduzmuşdular.

İran Futbol Federasiyasının vise-prezidenti Əli Kafəşiyan Mizan saytına deyib ki, bu iki oyunçu hətta onların kontraktları ləğv olunsaydı belə israillilərlə eyni oyunda iştirakdan imtina etməliydilər.

İran parlamentinin xarici siyasət komitəsinin sözçüsü Hüseyn Naqəvi-Hüseyni isə Mehr agentliyinə deyib: "Bəşəriyyətə işğal, qətl, təcavüz və xəyanətdən başqa bir şey verməyən rejimin idmançılarına qarşı oynamaq, minlərlə şəhidin ruhuna və sionist rejimin işğalçılığına görə yurdlarından didərgin düşənlərə hörmətsizlik kimi qiymətləndirilməlidir".

İsrailin Xarici İşlər Nazirliyi isə hadisə ilə əlaqədar tvit yazıb: "İsrail idmançılarına qarşı matçlarda oynamamaq tabusunu pozmuş Məsud Şocayiyə və Ehsan Hacısəfiyə əhsən!"

Manchester United komandasının keçmiş məşqçi köməkçisi Carlos Queiroz-un başçılıq etdiyi İran milli yığması gələn il Rusiyada keçiriləcək Dünya Çempionatında iştirak edəcək.

"The Telegraph" yazır ki, bu iki yarımmüdafiəçinin çempionatda oynamaması İran yığmasının şanslarını xeyli azalda bilər.

Onlar ötən iyulda Panionios komandasına gələndə, Hacısəfi 84 oyunda 6, Şocayi isə 71 oyunda 7 qol vurmuşdu.

Məqalədə deyilir ki, İran rəsmilərindən fərqli olaraq futbol azarkeşləri sosial mediada hər iki futbolçuya geniş dəstək verirlər.

Donuz orqanlarının insana köçürülməsi gerçəkləşir

Fotonun müəllifi Getty Images
Image caption 2015-ci ildə donuzun ürəyi paviana köçürülüb və meymun bu əməliyyatdan sonra 136 gün yaşayıb.

"The İndependent" yazır ki, alimlər təhlükəli virusları donuzların DNT-sindən təmziləməyə nail olduqdan sonra bu heyvanların orqanlarının insanlara köçürülməsi yolunda son maneəni də aradan qaldırıblar.

Beləliklə, donuzlar məxsusi olaraq donor kimi yetişdirilə bilər.

Bəzi etik maneələr qalsa da, alimlərin fikrincə irəliyə doğru böyük addım atılıb.

Alimlər bildirirlər ki, hazırda insanlara köçürmək üçün lazım olan toxumaların ciddi çatışmazlığı var.

Bu toxumaların donuzlardan alınması mümkündür, çünki fizioloji baxımdan insan və donuzun toxumaları arasında uyğunluq mövcuddur.

İndiyədək donuz orqanlarının insanlara köçürülməsi bir sıra retroviruslara yoluxma təhlükəsinə görə problemli idi. Donuzlarda tapılan bəzi viruslar insanlar üçün ölümcül təhlükə yarada bilər.

Üstəlik donuzlarda bu viruslar artıq genlərin bir hissəsinə çevrilib.

İndi isə alimlər həmin virusları donuzların genomundan xaric etməyin yollarını tapıblar. Beləliklə donuz orqanlarının insanlara köçürülməsi yolundakı bu böyük maneə aradan qalxıb.

Bəzi təcrübələr göstərib ki, donuz ürəyi iki heyvan arasındakı ciddi fərqlərə baxmayaraq primatlara köçürülə bilər.

2015-ci ildə donuzun ürəyi paviana köçürülüb və meymun bu əməliyyatdan sonra 136 gün yaşayıb.

Məqalədə deyilir ki, donuz orqanlarının birbaşa köçürülməsi ilə yanaşı, donuzlarda məxsusi olaraq insana köçürülmək üçün orqanların yetişdirilməsi elmi də inkişaf etdirilir.

Bu yolla yetişdirilmiş orqan donuzun bədənində inkişaf etdirilsə də, əslində insan ürəyi olacaq.

Alimlər bildirirlər ki, ürəkdən başqa donuz orqanizmində insanlar üçün mədəaltı vəz və böyrəklər də yetişdirilə bilər.

Ötən gün Britaniya mətbuatı bunu yazırdı: Səudiyyənin İranla neft qiyməti davası Venesuelanın başında çatlayıb