Britaniya mətbuatı: Məscidlərin hədələnməsi “transatlantik miqyas” alır

Fotonun müəllifi Getty Images
Image caption London şəhərinin Hackney rayonunda yerləşən Forest Gate məscidi hədələnmiş məscidlərdən biri olub

Məscidlərin hədələnməsi "transatlantik miqyas" alır

"The Independent" yazır ki, Britaniyada antiterror polisi Birləşmiş Krallıqda və Birləşmiş Ştatlarda məscidlərə və başqa siyasi hədəflərə nifrəti qızışdıran məktublar və şübhəli bağlamalar göndərməkdə şübhəli bilinən ifrat sağçı ekstermistin axtarışına başlayıb.

"The Independent" qəzetinin tanış olduğu məktublardan birində Londondakı Forest Gate məscidi hədələnir. Məktubda deyilir ki, "çox tezliklə" və məsciddə "çox sayda müsəlman olanda" orada bomba partladılacaq.

Başqa bir məscidə göndərilən məktubda isə deyilir ki, "siz parazitlər tezliklə cavab verməli olacaqsınız".

Londonun Hackney rayonundakı məscidə göndərilmiş məktubda isə paytaxtın müsəlmanlardan "təmizlənməsinə" çağırış edilir.

"The Independent" yazır ki, bütün zərflərin üstündəki poçt indeksi məktubların Sheffield bölgəsindən göndərildiyini göstərir. Məktubların bir-birinə oxşar xətlə yazıldığı da diqqəti çəkir.

Məktubların sonunda imza əvəzinə qoyulan işarə də eynidir.

İslamofobiya hallarını monitorinq edən Tell Mama xeyriyyə qrupu bu qənaətdədir ki, məktublar ötən il Birləşmiş Krallıqda və ABŞ-da bir neçə məscidi təhdid edən kampaniyanın davamına bənzəyir.

Cəmiyyət diqqəti buna çəkir ki, hədələnən məscidlər bir-birinin yaxınlığında yerləşir.

Məqalədə deyilir ki, ötən il hədələyici məktubların məscidlərə göndərildiyi eyni gündə parlamentin lordlar palatasının müsəlman üzvü lord Əhməd irqçi məzmunlu məktub və içində ağ toz olan bağlama alıb.

Eyni məzmunlu məktub İngiltərə bankına və Newham şəhərində məktubların yoxlanışı məntəqəsinə də göndərilib.

Bələdiyyə polisinin kimyəvi laboratoriyası ağ tozun zərərəsiz maddə olduğunu aşkara çıxarıb.

"The Independent" yazır ki, bu ilin fevralında nifrət kampaniyası ABŞ ərazisinə keçib. Virginia-dakı Dar əl-Hicrə İslam Mərkəzinə ölüm hədələri edən məktub və əllə çəkilmiş şəkil göndərilib. Şəkildə məscidi murdarlayan donuz təsvir olunub.

Bundan bir neçə həftə sonra Sheffield-dən Jersey City-dəki Məscid əl-İmana göndərilən məktubda müsəlmanlar başlarının kəsiləcəyi ilə hədələnirlər.

Rəsmi məlumatlara görə son dörd ildə Britaniyada məscidlər üzərinə 167 hücum olub.

Hədələyici məktublara gəlincə isə polis onların bir nəfər və ya bir qrup tərəfindən yazıldığını ehtimal edir.

Fotonun müəllifi Getty Images
Image caption Donald Trump Charlottesville şəhərində baş vermiş toqquşmaları pisləsə də, "bütün tərəfləri" günahlandırdığına və ağ millətçiliyi pisləməkdən çəkindiyinə görə tənqid olunur

Trump niyə "ağa ağ" demədi

"The Daily Mail" yazır ki, ABŞ prezidenti Donald Trump Charlottesville şəhərində baş vermiş toqquşmaları pisləsə də, "bütün tərəfləri" günahlandırdığına və ağ millətçiliyi pisləməkdən çəkindiyinə görə tənqid olunur.

Virginia ştatında ağdərili millətçilərin yürüşü zamanı azı bir nəfərin öldüyü xəbər verilib.

Prezident öz çıxışında deyib: "Biz çox tərəflərdən qaynaqlanan fanatizmin və zorakılığın rüsvayçı nümayişini pisləyirirk. Bu hal bizim ölkəmizdə bir müddətdir ki, davam edir".

NBC telekanalının müxbiri Hallie Jackson Ağ Evdən dəqiqləşdirməyə çalışıb ki, Trump "çox tərəflərdən" deyəndə nəyi nəzərdə tutub. Jurnalist Ağ Evdən aldığı izahatı Tvitterdə yayıb:

"Prezident bütün mənbələrdən və bütün tərəflərdən gələn nifrət, fanatizm və zorakılığı pisləyib. Bu gün etirtazçılar və antietirazçılar arasında zorakılıq olub".

"The Mail" yazır ki, baş prokuror Jeff Sessions da "ağdərilililərin ağalığına" tərəfdar olanları pisləməkdən çəkinib.

Trump həmçinin "qanun-qaydanın tezliklə bərpa olunmasına" çağırıb. O deyib ki, "bu gün uşaqlar həyətdə oynamaqdan qorxmamalıdırlar".

Prezident deyib ki, elə indicə Virginia qubernatoru Terry McAuliffe-la danışıb və onların ortaq rəyi zorakılığın dərhal dayandırılmasının vacibliyi olub.

Bunun ardınca prezident onun başçılığı ilə ölkədə baş verən müsbət işlərdən, işsizliyin azalmasından və şirkətlərin ölkəyə "axınından" danışmağa başlayıb.

"Mən Charlottesville şəhərində baş verən hadisələrə baxanda çox kədərləndim - deyib Trump, -Hər şeydən əvvəl biz belə bir həqiqəti yadda saxlamalıyıq ki, rəng, din və siyasi partiyadan asılı olmayaraq biz ilk növbədə amerikalıyıq".

"Biz ölkəmizi sevirik, Allahımızı sevirik, bayrağımızı sevirik, ölkəmizlə fəxr edirik, kimliyimizlə fəxr edirik" - deyib prezident.

"The Mail" diqqəti belə bir məqama çəkir ki, Trump öz çıxışında ağ millətçilərin və KKK-in adını çəkməyib.

KKK lideri David Duke bundan əvvəl, şənbə günü demişdi ki, ağların ağalığını dəstəkləyən nümayişçilər Trump-ın vədlərini yerinə yetirirlər.

"Bizim inandığımız budur və biz Donald Trump-a buna görə səs vermişik" - deyib Duke.

"The Mail" yazır ki, baş verən hadisələrlə bağlı bir çox siyasətçilər Trump-ı kəskin tənqid ediblər.

Senantor Patrick Leahy Trump-ı irqçilərin nümayişini pisləməkdə lənglik göstərdiyinə görə tənqid edib.

"Prezident Trump-ın sükutu utancverici və məsuliyyətsizdir" - deyib senator.

Trump-dan fərqli olaraq Arkansas qubernatoru Mike Hucakbee millətçiləri tənqid etməkdən çəkinməyib.

"Ağ irqçilik irqçiliyin ən pis formasıdır, şərdir, Allahın həqiqətinə həqarətdir. Allah hamını bərabər yaradıb" - deyib qubernator.

Polisin həbslər həyata keçirdiyi xəbər verilir, lakin bildirilir ki, küçələrdə irqçilər və onlara qarşı çıxanlar arasında toqquşmalar davam edir.

Bu barədə daha geniş