İtaliyada nadir ayını niyə öldürüblər?

Qonur ayı Fotonun müəllifi Alamy
Image caption Qonur ayıların Sloveniyadan İtaliyaya gətirilməsinə 1999-cu ildən başlanıb.

İtaliyada vilayət qubernatoru nadir dişi ayının Alp dağlarında öldürülməsini dəstəkləyərək, həmin heyvanın insanlara təhlükə yaratdığını qeyd edib.

Kj2 adlı 14 yaşı olan qonur ayı meşə gözətçiləri tərəfindən şənbə günü güllələnib.

Həmin ayı itini gəzdirməyə çıxaran yaşlı kişini parçaladıqdan sonra öldürülüb.

Trentino vilayətinin qubernatoru Ugo Rossi deyib ki, hadisə ayıların bölgəyə qaytarılması layihəsinin reallaşmasına təsir etməyəcək, lakin heyvanların sərbəst hərəkət etmək imkanı məhdudlaşdırılmalıdır.

Bu bölgədə hazırda 50-dək qonur ayının olduğu təxmin edilir.

Təbiəti mühafizə qruplarının fəalları ayının güllələnməsini pisləyiblər.

Ugo Rossi isə deyib ki, ayının öldürülməsi "ehtiyacdan doğub", çünki həmin ayı, turizm mövsümünün ən qızğın dövründə insanlara təhlükə yaradırdı.

Qonur ayıların Sloveniyadan İtaliyanın Trentino bölgəsinə gətirilməsinə 1999-cu ildən başlanıb.

Bu bölgədə ovçular ayıların kökünu kəsmişdi.

Beynəlxalq Təbiəti Mühafizə Fondunun (WWF) İtaliya şöbəsi bildirib ki, "ayılar insanın yol verdiyi səhvə görə cavabdeh tutulmamalıdır".

Xəbərlərə görə, dişi ayının iki və ya üç balası olubmuş.

Təbiəti mühafizə edənlər,dişi ayının balalarını müdafiə instiktinə uyğun hərəkət etdiyinin mümkünlüyünə diqqəti çəkiblər.

Şənbə günü baş vermis hadisədən sonra ayı balalarının aqibəti barədə xəbər yoxdur.

Əlaqəli mövzular

Bu barədə daha geniş