Britaniya mətbuatı: Evlənmək üçün internetdə tanış olmaq niyə daha çox şans verir?

Fotonun müəllifi Getty Images

İnternetdə evlənmək niyə daha asandır?

"The Daily Telegraph" qəzetində Eleanor Muffitt yazır ki, müasir zəmanəmizdə insanların romanlarda olduğu kimi göz-gözə vurulması müşkül məsələyə çevrilir.

Bir çox başqa həyat aspektləri kimi bu sahə də virtual dünyaya keçir. İndiki zamanda hər beş tanışlıqdan biri internetdə baş verir. Təkcə Tinder hər gün 26 milyon insanı "görüşdürür".

Ən maraqlısı isə budur ki, internet tanışlığı yaş hüdudu tanımır. Yaşı 50-dən çox olanlar üçün Senior People Meet və elə "The Telegraph" qəzetinin özünün Telegraph Dating tanışlıq saytı var.

Muffitt yazır ki, bir çoxları üçün internet ən münasib tanışlıq məkanıdır. Bəziləri isə düşünürlər ki, əslində internet tanışlığının öz üstünlükləri var.

1) Siz vəziyyətə nəzarət edirsiniz

İnternet tanışlığı zamanı siz özünüz haqqında özünüzün düzgün saydığınız informasiyanı, fotonu təqdim edirsiniz. Təkliflərə rahat, çəkinmədən cavab vermək imkanınız olur.

Tanış olduğunuz şəxs haqqında da məlumat ala bildiyinizdən onunla sükut buzunu sındırmaq daha asan olur.

2) Namizəd bankınızı genişləndirə bilirsiniz

Match.com tanışlıq saytının ekspertləri deyirlər: "Bizim üzləşdiyimiz əsas problem coğrafi məkanımızın məhdud olmasıdır. Yəni dostlarımızın və iş yoldaşlarımızın çevrəsi məhduddur. Belə mühitdə evlənmək üçün namizəd tapmaq asan olmur".

Əgər sevgili axtarmaq üçün yaxlınlıqdakı bara getsəniz, çox az sayda potensial yoldaşla rastlaşa bilərsiniz. Amma bununla müqayisədə sizin internetdə həyat yoldaşı tapmaq üçün minlərlə namizədlə tanışlıq imkanınız var.

3) Ehtiyat variantı

Tanışlıq saytında qeydiyyatdan keçməyiniz o demək deyildir ki, siz real həyatda axtarışınızı dayandırmalısınız. Əksinə internet tanışlıq saytı əlavə güvənc yeridir.

4) Sizin üçün vaxt məhdudiyyəti yoxdur

eHarmony tanışlıq saytı bu ilin əvvəllərində apardığı sorğudan belə bir nəticə çıxarıb ki, internetdə həftənin başqa günləri ilə müqayisədə çərşənbə axşamı günü, gündüz saat 2-də daha çox adamla tanış olmaq mümkün olur.

Adamlar indi daha uzun saatlar ərzində işləməli olurlar. Bu isə o deməkdir ki, belə sıx iş cədvəli ilə könül dostunu tapmaq elə də asan deyil. Amma internetdə bu axtarışla vaxtınız olan kimi məşğul olmaq imkanınız var.

5) Qapalı çevrədən çıxa bilirsiniz

Match.com tanışlıq saytının ekspertləri deyirlər ki, internet sizə real həyatda ağlınıza belə gəlməyən mükəmməl namizəd gətirə bilər.

Tanışlıq saytlarından bir çoxu maraq növləri üzrə işləyir. Məsələn, Equestrian Cupid atçılığa marağı olanları, Veggie Date isə vegetarianları bir araya gətirir. Gələcək həyat yoldaşınızı barda axtaranda sanki samanlıqda iynə axtarırsınız, amma internetdə axtarışınıza dəqiq istiqamət verə bilərsiniz.

6) Ən əsası budur ki, internet tanışlığı kara gəlir

Match.com saytında başlanmış hər 5 tanışlıqdan 3-ü 6 aydan çox sürən münasibətlə nəticələnir. ABŞ-da nikahların 5 faizi eHarmony saytından başlanır.

PEW Araşdırma Mərkəzinin tədqiqatı göstərib ki, Amerikada universitet məzunlarının yarısı öz ərini və ya arvadını internetdə tapan kimisə tanıyır.

Respondentlərin üçdə ikisi razılaşır ki, internetdə həyat yoldaşı tapmaq daha asan və daha səmərəlidir.

İnternetdə tanış olanların tanışlıqdan evliliyə keçməsi də daha tez baş verir.

Şimali Koreyaya raket mühərrikini ya Ukrayna, ya da Rusiya verib

Fotonun müəllifi Reuters
Image caption Şimali Koreya iyul ayında sınaqdan çıxardığı iki qitələrarası ballistik raketi (QBR) üçün mühərrikləri ya Ukraynadan, ya da Rusiyadan alıb, media yazır.

"The Guardian" bir təhqiqatın nəticələrinə əsasən yazır ki, Şimali Koreya iyul ayında sınaqdan çıxardığı iki qitələrarası ballistik raketi (QBR) üçün mühərrikləri ya Ukraynadan, ya da Rusiyadan alıb.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitunun (IISS) bazar ertəsi açıqladığı hesabatda deyilir ki, iki QBR-də istifadə olunan mühərriklər öz tipinə görə Şimali Koreyanın bu vaxtadək işlətdiyi mühərriklərdən köklü şəkildə fərqlənir və daha çox Sovet zəmanəsindən qalma mühərrikləri xatırladır.

Hesabatda bildirilir ki, bu mühərriklər naməlum sayda və qanunsuz yollarla Ukrayna və ya Rusiyadan alına bilərdi.

Şimali Koreyanın ötən ay buraxdığı iki raket Washington və Pxenyan arasında gərginliyi son həddinə çatdırıb. Şimali Koreya bəyan edib ki, onun hazırlamağa müvəffəq olduğu çoxpilləli qitələrarası raket texnologiyası Pxenyanın Birləşmiş Ştatların ərazisini vurmasına imkan yaradır.

Expertlər 4 və 28 iyulda buraxılmış raketlərin həqiqətən də ABŞ ərazisini vura biləcək ağırlıqda nüvə başlığı daşıması barədə müxtəlif rəy verirlər. Lakin getdikcə artan dəlillər göstərir ki, Pxenyan raketlərə yerləşdirilə biləcək miniatür ölçüdə nüvə başlıqları yarada bilib.

Ötən həftə prezident Donald Trump xəbərdarlıq etmişdi ki, Şimali Koreya ABŞ-a "nəsə etsə", "atəş və qəzəblə" qarşılaşacaq.

Şimali Koreya isə bu xəbərdarlığı rədd edərək bildirmişdi ki, Sakit Okeanda ABŞ ərazisi olan Quam adası istiqamətində raket zərbələri endirəcək.

Bunun cavabında Trump Amerikanın silahının "dolu və ayaqda" olduğunu bildirmişdi.

Bazar ertəsi müdafiə naziri James Mattis və dövlət katibi Rex Tillerson Trump-ın davakar bəyanatlarına toxunmadan Wall Street Journal qəzetində yazıblar ki, bu administrasiya Şimali Koreyaya münasibətdə əvvəlki administrasiyadan fərqli siyasət yürüdür.

Mattis Tillerson yazırlar ki, biz uğursuz "strateji səbir" siyasətini yeni "strateji cavabdehlik" siyasətinə dəyişirik.

Onlar izah edirlər ki, "yeni" siyasət diplomatik və iqtisadi təzyiq vasitələrinin kombinasiyasından istifadə deməkdir.

IISS-nin raket eksperti Michael Elleman tərəfindən yazılmış hesabatında deyilir ki, Şimali Koreya özünün yeni raketlərində böyük bir ehtimalla sovetdən qalma RD-250 mühərrikindən istifadə edib, lakin qoşa daxiliyanma kamerasından bir kamera düzəldərək motoru modifikasiya edib.

Hesabatda qeyd olunur ki, belə bir modifikasiyanın həyata keçirilməsi üçün bu mühərriklərə yaxşı bələd olan ekspertlərin iştirakı lazım gəlməli idi.

Michael Elleman bildirib ki, belə mütəxəssislər yalnız Rusiyanın Enerqomaş və Ukraynanın KB Yujnoye zavodlarında var.

Ekspert güman edir ki, modifikasiya məhz bu iki zavoddan birində edilib.

Yujnoye Ukraynanın daha böyük silah istehsalçısı Yujmaşın dizayn qoludur.

Bundan əvvəl Yujnoye-dən Şimali Koreya üçün silahların oğurlanması barədə BMT-nin hesabatında söz açılırdı.

2011-ci ildə Ukrayna bildirmişdi ki, Yujnoyenin bir işçisinə yaxınlaşan iki şimali koreyalını həbs edib.

Şimali koreyalıların casusluq etdiklərini Kiyevə həmin işçi xəbər vermişdi.

Bazar ertəsi Kiyev Şimali Koreya raketləri üçün mühərriklərin Ukrayna zavodlarından qaynaqlandığını inkar edib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksandr Turçinov deyib ki, bu barədə söz-söhbəti öz cinayətini ört-basdır etmək istəyən Rusiyanın xüsusi xidmətləri dövriyyəyə buraxıb.

Çin ekspertləri isə mühərriklərin Şimali Koreyada hazırlandığına inanırlar.

Email-lərinizi emojilərlə doldurmayın

Fotonun müəllifi Getty Images
Image caption Bir çox adamlar yazışmalardakı smiley işarəsini səmimiyyət yox, qeyri-peşəkarlığın göstəricisi kimi qəbul ediblər.

"The Independent" yazır ki, iş yoldaşınıza göndərdiyiniz email-in sonunda "smaylik" qoymazdan əvvəl yaxşı-yaxşı düşünməlisiniz. Çünki bu emoji sizin düşündüyünüzdən də çoxmənalı ola bilər.

Bura "smiley" (təbəssüm) emojisinin əksər variantları daxildir. İsraildəki Ben-Qurion Universitetində aparılmış araşdırma göstərib ki, emojilər məktublardakı məsələlərin ciddiliyinə şübhə kölgəsi salır.

Professor Ella Gilkson bu qənaətdədir ki, yazışmalarda smileylərin işlədilməsi heç də səmimilik və mehribançılığı əks etdirmir.

Gilkson deyir ki, rəsmi yazışmalarda smiley - gülüş demək deyildir.

Amsterdam Universitetində 29 ölkədən olan 549 nəfərin iştirakilə xüsusi araşdırma aparılıb.

İştirakçılara işlə əlaqədar eyni məzmunlu email-lər paylanıb və məktublardakı səmimiliyi müəyyən etmələri istənib. Bunların bəzilərində smiley emojisi də vardı.

Araşdırmadan bəlli olub ki, bir çox adamlar yazışmalardakı smiley işarəsini səmimiyyət yox, qeyri-peşəkarlığın göstəricisi kimi qəbul ediblər.