Nişan üzüyünün bahalı olması nə dərəcədə mühümdür?

Nişan üzüyü - kim simicdir, kim nankor?

"The İndependnet" yazır ki, bir qadın nişanlısının ona veridiyi nişan üzüyüyün cəmi 1300 funt sterlinqə alındığını biləndən sonra pərt olub və pərtliyini Mumsnet sosial media platformasında paylaşıb.

"Onun maaşı az qala 6 rəqəmli məbləğdədir, amma belə ucuz üzük alıb, hərçənd o əslində xeyli əliaçıqdır…" - yazıb qadın. O gileylənib ki, belə yüksək maaşla sevgilisi ona daha qiymətli üzük ala bilərdi. Axı söhbət nişan üzüyü kimi mühüm zinət əşyasından gedir.

Qəlbiqırıq qadın yazırdı ki, onun ömür boyu barmağında gəzdirəcəyi üzük gərək 1300 funt sterlinqdən baha olaydı.

Amma qadının Mumsnet platforması istifadəçilərindən aldığı reaksiyalar onu daha da pərt edib.

İstifadəçilərdən biri rişxəndlə yazıb: "Səni Allah güldürsün. Yamanca nankormuşsan".

"1300 funt sterlinq əksər adamlar üçün bir aləm puldur. Mən hələ sənin kimi pis adam görməmişəm. Onun ağlı olsa, heç səninlə evlənməz də" - yazıb başqa biri.

İnsafən qadını dəstəkləyənlər də olub. Bəziləri isə faydalı məsləhət veriblər.

"Üzüyü birlikdə seçin"

Bir qadın yazıb ki, ən yaxşı variant nişan üzüyünü iki nişanlının birlikdə seçməsidir. Onda belə narazılıq da yaranmaz.

"The Independent" yazır ki, ümumən indi Britaniyada adamlar nişan üzüyünə 10 il bundan əvvəl olduğundan 19 faiz az pul xərcləyirlər.

Məqalədə deyilir ki, hazırda Britaniyada nişan üzüyünə orta hesabla 1080 funt sterlinq pul xərclənir.

1930-cu illərdə brilyant şirkəti De Beers-in apardığı kampaniyada deyilirdi ki, adamlar nişan üzüyünə bir aylıq maaşlarından bir qədər çox pul xərcləməlidirlər.

Nəzərə alınsa ki, indi De Beers şirkətinin buraxdığı üzüklərin orta qiyməti 20 min funt sterlinqdir, əlbəttə 1930-cu illərin ağlı ilə hərəkət etmək çətin olar.

Bu yaxınlarda isə bir amerikalı internetdə GoFundMe adlı səhifə açmaqla xəbər başlıqlarına çıxmışdı. O sevgilisinə 15 min dollarlıq nişan üzüyü almaq üçün adamlardan maliyyə dəstəyi istəyirdi. Hərçənd bir həftə ərzində cəmi 594 dollar yığa bilmişdi.

O bundan sonra özünə təskinlik verərək yazırdı: "Mən adamların səxavət və mərhəmətlərini göstərmələri üçün onlara yaxşı imkan yaratmışdım".

Bəs siz bu barədə nə düşünürsünüz?

YouTube "bığla saqqal arasında" qalıb

"Times" qəzeti yazır ki, YouTube saytı əvvəllər İŞİD-ə bağlı qüvvələrin potensial səfərbərləri radikallaşdıran videolarını yaymaqda ittiham edilib.

Lakin indi bu sosial video platformasını İŞİD-ə aid materialları senzura etməkdə günahlandırırlar.

Tənqidçilər deyirlər ki, bir çox videoların zorakılıq səhnələrinə görə avtomatik şəkildə silinməsi İŞİD-in Suriyada törətdiyi vəhşiliklərin sübutlarını məhv edir.

YouTube saytının qaydalarına görə zorakılığı görüntüləyən videoların bu platformada saxlanması o zaman məqsədəuyğun sayılır ki, belə videioların ilkin təyinatı "təhsil, sənədli və elmi materiallar və ya səhnə sənəti ilə bağlı olsun".

Amma indi tədqiqatçılar və müşahidəçilər deyirlər ki, münaqişəyə aid mühüm sənədli videolar yox edilir.

Məzmun avtomatik silinir?

YouTube saytı ötən ay bildirmişdi ki, zorakı ekstremizm və terrorla bağlı məzmunu aşkar edib avtomatik olaraq platformadan silən müasir texnologiya tətbiq edir.

Lakin Londondakı King's College Universitetindən araşdırmaçı və Bellingcat təhqiqat saytının qurucusu Eliot Higgins iddia edib ki, YouTube saytının haqqında danışdığı texnologiya münaqişəyə dair əvəzsiz videomaterialları da məhv edir.

Alim deyib ki, yeni sistem hətta illərdir bu saytda olan videoları da yoxlayırmış.

"Suriya müxalifəti üçün bu o deməkdir ki, onun son 5 ildə yüklədiyi az sayda videoya görə yüzlər və minlərlə videosu olan kanallar tamamilə pozulub" - deyib alim.

Məqalədə deyilir ki, ABŞ koalisiyasının Suriya, İraq və Liviyadakı hava zərbələrini kataloqlaşdıran QHT-nin rəhbəri Chris Woods təşkilata aid üç videonun YouTube-dan silindiyini deyib.

Fotonun müəllifi YouTube
Image caption Özünü İslam Dövləti adlandıran qruplaşma təbliğat üçün internetdən istifadə edir.

O "The Times" qəzetinə deyib ki, videolara şəxsən baxıb. Bu videolar yüksək məsafədən çəkilib və onlarda nə cəsəd, nə də qanlı səhnələr olub.

Bəzi "səhvlər olub"

"Bu, müharibənin tarixçəsidir. Münaqişə zonasında adi medianın olmadığına görə suriyalılar əllərindəki materialları sosial platformalara yükləyiblər" - deyib Woods.

YouTube zorakı videoların silinməsi prosesində bəzi səhvlərə yol verildiyini etiraf edib.

Şirkətin bəyantında deyilir: "YouTube dünya hadisələrinin sənədləşdirilməsi üçün çox güclü alətdir və bizim hansı məzmunun məqbul olduğuna dair aydın siyasətimiz var".

"Biz bir sıra yeni texnologiyalar tətbiq etmişik və onların daha da təkmilləşdirilməsi ilə məşğuluq. Əlbəttə, saytımızdakı videoların nəhəng sayına görə bu prosesdə səhvlərə də yol verilir" - deyib YouTube.

YouTube bildirib ki, əgər müraciət olarsa, səhvən silinmiş materialları bərpa edə bilər.

"The Times" yazır ki, o vaxtdan bəri Airways və Bellingcat tərəfindən postlanmış bir sıra videolar bərpa olunub.

Sahibinin adını daşıyan şirkətlər daha çox qazanc gətirir

"Economist" jurnalı yazır ki, hər hansı biznesdə ən böyük dəyərlərdən birini onun, yəni şirkət və ya firmanın adı daşıyır.

Məqalədə deyilir ki, bir çox biznesmenlər çox da baş işlətməyərək şirkətlərinə elə öz adlarını qoyurlar. Bunlardan biri də Amerikanın hazırkı prezidentidir.

North Carolina-dakı Duke Universiteti Fuqua Biznes Məktəbinin alimləri yazırlar ki, şirkətə öz adını verən biznesmen heç də təkcə pula qənaət etmir. Alimlərin fikrincə belə şirkətlər həm də daha çox gəlirli olur.

Alimlər Qərbi Avropanın kiçik biznesləri üzərində araşdırma aparıblar. Bu araşdırma zamanı Amadeus adlanan məlumat bankından istifadə olunub. Bu bankda 2 milyonadək şirkət və firma, onların menecmenti və maliyyə götəriciləri haqqında təfərrüatlı məlumat toplanıb.

Sözü gedən tədqiqatda firmaların 2002-2012-ci illərdəki fəaliyyəti və gəlirləri nəzərdən keçirilib.

Tədqiqatçılar aşkar ediblər ki, şirkətlərin 19 faizi sahiblərinin adını daşıyır.

Hesablamalar göstərib ki, sahiblərinin adını daşıyan şirkətlərin gəlirləri orta hesabla başqa cür adlanan şirkətlərdən 3 faiz çox gəlir əldə edib.

Adın göndərdiyi messaj

Amma burda bir məqam da var ki, söhbət təkcə sahibin adından getmir. Böyük gəlirləri o şirkətlər əldə ediblər ki, onların həm də ən böyük səhmdarları elə şirkət sahibləri olublar.

Alimlər bu nəticəyə gəliblər ki, şirkətinə öz adını verən şəxs siqnal göndərmiş olur. Bu o deməkdir ki, şirkət sahibi buraxacağı məhsulun reputasiyasına əmindir.

Bu həm də böyük riskdir. Müflis olub batan şirkət sahibinin də adını batırmış olur, məqalədə deyilir.

Alimlər bu qənaətdədirlər ki, müştərilər sahibkarın göndərdiyi zəmanət mesajını aldıqdan sonra pullarını məhz bu şirkətə qoyurlar.

Bu nəzəriyyənin isbat edilməsi üçün alimlər bir neçə tip adları müqayisə ediblər.

Onlar bu nəticəyə gəliblər ki, şirkətə qoyulan ad və ya soyad çox da ümumi və çox rast gəlinən ad olmamalıdır. Çünki belə adların göndərdiyi siqnal o qədər də güclü olmur.

Tədqiqatçılar qeyd edirlər ki, müştərilər şirkətin məhsulları və xidmətləri ilə şəxsən tanış olduqdan sonra adın göndərdiyi siqnal onlar üçün bir o qədər əhəmiyyət daşımır.

Məqalədə deyilir ki, biznesmenlər bu nəzəriyyəni olduğu kimi qəbul edib öz ad və soyadlarından istifadəyə tələsməməlidirlər.

Çünki bir çox hallarda ad və ya soyadla gələn qısamüddətli ilkin gəlir, sonrakı uzunmüddətli reputasiyasnı korlaya bilər.