Britaniya Mətbuatı: İran Suriyada "sovet raketləri" buraxan zavod tikir

Fotonun müəllifi Getty Images
Image caption Bu Skad tipli raket sistemi Sovet Ittifaqın ən tanınmış uzaqmənzilli raket sistemilərindən biri olub (şəkil Əfqanıstanda çəkilib)

İran Suriyada "sovet raketləri" buraxan zavod tikir

"The İndependent" yazır ki, İsrailin EROS-B peykini idarə edən imageSat agentliyi Suriya ərazisində Sovet tipli Skad raketləri zavodunun tikildiyini göstərən görüntüləri yayıb.

İsrail mediası xəbər verir ki, Latakiya yaxınlığında Suriya hökümətinin nəzarətində olan sahil zolağında tikilməkdə olan bu zavod Tehrandakı raket zavoduna bənzəyir.

Ekspertlər bildirirlər ki, belə bir mükəmməl zavod İran mütəxəssislərinin iştirakı olmadan heç cür tikilə bilməzdi.

Onlar inanırlar ki, tikintisinə ötən il başlanmış zavod İsraili vurmağa qabil olan uzaqmənzilli raketlərin həm istehsalı, həm də yeraltı anbarlanması imkanlarına malikdir.

Ekspertlərin fikrincə, bu zavod 2017-ci ilin sonlarınadək tikilib başa çatdırılacaq.

İsrail 6 ildir ki, davam edən münaqişənin gedişində İranın Bəşər əl-Əsəd hökuməti üzərində artan təsirindən narahatdır.

Münaqişə əsnasında İsraillə qonşu olan Suriyadakı münaqişədə İranın İnqilab Keşikçiləri Korpusu, Hizbullah və şiə yaraqlıları iştirak edirlər.

İran və onun müttəfiqi olan Livan Hizbullah təşkilatı yəhudi dövlətini yer üzündən silməyə and içiblər.

İsrailin baş naziri Binyamin Netanyahu ötən həftə etdiyi çıxışında deyib ki, onun ölkəsi İranın və onun müttəfiqlərinin qonşu Suriyada möhkəmlənməsinə qarşıdır.

Ötən həftə bəlli olub ki, İsrail Suriyada ABŞ və Rusiya arasında razılaşmaya uyğun olaraq yaradılan atəşkəsi pozmağa cəhd göstərib. İsrail bu atəşkəsin İran üçün geniş meydan açacağından narahatdır.

Bəzi xəbərlərə görə, İsrail dünya güclərinin müharibədən sonrakı Suriyada İranın malik ola biləcəyi hegemonluğa biganəliyini tənqid edib.

İsraillilər Moskva və Washington-dan münaqişə bitdikdən sonra kənar qüvvələrin Suriyanı tərk etməsinə nail olmağı tələb edirlər.

Yəhudi rəsmilər bildirirlər ki, Livan İsrailə tuşlanmış raketlər üçün baza ola bilər.

ABŞ Dövlət katibi Rex Tillerson bu ayın əvvəllərində bildirib ki, Washington Suriya müharibə səhnəsində Rusiya ilə əməkdalığı davam etdirəcək, lakin İran qüvvələri tədricən bu bölgədən çıxarılmalıdır.

İsrailin kəşfiyyat rəsmiləri bu məsələni gələn həftə Washington-da amerikalı həmkarları ilə müzakirə edəcəklər.

Fotonun müəllifi Getty Images

Şimali Koreyada lideri daha "Allah" saymırlar

"The Telegraph" yazır ki, Şimali Koreyada hər hansı dinə sitayiş qəti qadağan olsa da, ABŞ-ın apardığı bir araşdırma ölkə əhalisinin getdikcə daha çox dindarlaşmasını aşkar edib.

Hesabatda deyilir ki, Şimali Koreya rejimi dindarları həbs, işgəncələr və hətta edamla cəzalandırır.

ABŞ Dövlət Departamentinin bugünlərdə açıqlanmış din azadlığı hesabatında deyilir ki, Şimali Koreya öz əhalisini din azadlığından tamamilə məhrum edib.

Bu da bildirilir ki, ölkədə 80 və 120 min arasında təxmin edilən siyasi məhbus arasında dini səbəblərlə məhkum edilənlər də var.

Bu iddiaları bu yaxınlarda Şimali Koreyadan qaçaq düşərək cənuba gəlmiş bir nəfər də təsdiq edib.

O hazırda Seuldakı Şimali Koreyada Soyqırıma qarşı Ümumdünya Koalisiyası təşkilatının üzvüdür.

Həmin şəxs "The Telegraph" qəzetinə bildirib ki, Şimali Koreyada dini səbəblərlə həbsxanalara atılanların sayı çoxdur.

Qaçaq kimliyinin açıqlanmasını istəməyib, lakin bildirib ki, Şimali Koreyada gizli kilsələr fəaliyyət göstərir.

"Keçmişdə adamlardan Kim ailəsinin üzvlərinə Allah kimi sitayiş etmək tələb olunurdu, - deyib qaçaq, - Amma indi orada adamlar Kim Jong-un-a hörmət etmirlər".

Həmin şəxs bunu da qeyd edib ki, Şimali Koreyada ənənəvi şamanizm fəaliyyətdədir, eyni zamanda kilsənin də təsiri artır.

"Adamlar əgər tutulsalar həbs və hətta edam ediləcəklərini bilsələr də, müxtəlif dinlərə sitayiş etməkdə davam edirlər" - deyib qaçaq.

Fotonun müəllifi Getty Images
Image caption Seul şəhərində Yaponiya səfirliyinin önündəki heykəlin yanında hər həftə etiraz aksiyaları keçirilir

Cənubi Koreya və Yaponiya arasında da heykəl davası var

"The Guardian" isə Cənubi Koreya paytaxtı Seulun bir neçə avtobus marşrutlarında "rahatlıq qadınlarının" və ya seks kölələrinin fiqurları yerləşdirildiyindən yazıb.

Avtobus salonlarında oturdulmuş qadın fiqurları ayaqyalındır və əyinlərində ənənəvi habok əbaları görünür.

Avtobus salonlarının qabaq oturacaqlarında əyləşdirilmiş fiqurları Dong-A Transit şirkəti yerləşdirib.

Bu fiqurlar 1910-1945-ci illər arasında ölkənin Yaponiya tərəfindən işğalı zamanı əsgərlər üçün zorla seks köləsinə çevrilmiş yerli qadınların xatirəsinin yad edilməsi üçün hazırlanıb.

"Rahatlıq qadınları" termini müharibə illərində cəbhə xətti boyunca yaradılmış fahişəxanalarda saxlanan 200 min qız-gəlini bildirir. Bu qadınların əksəriyyəti zorla Koreya yarımadasından gətirilmişdi.

Dong-A Transit avtobus şirkətinin başçısı Rim Jin-Vuk deyib ki, fiqurlar Şimali Koreyalılara qadınların müharibə illərində çəkdikləri məşəqqətləri anlatmalıdır.

Bu kampaniya paytaxt avtobuslarının bir sıra marşrutlarında sentyabrın sonunadək davam edəcək.

Lakin "mübahisəli tarixi məsələnin qabardılması" üçün ictimai nəqliyyatdan istifadə edilməsi Yaponiyada əsəbiliklə qarşılanıb.

Yaponlar deyirlər ki, "rahatlıq qadınları" məsələsi 2015-ci il razılaşmasına görə "birdəfəlik və həmişəlik" həll olunub.

Razılaşmada qadınların müsibətlərinə görə üzrxahlıq edilsə də, Yaponiya bu məsələyə görə hüquqi məsuliyyətini qəbul etmir. Belə bir məsuliyyətin qəbul edilməsi Yaponiyadan təzminatın tələb edilməsinə yol açardı.

Tokio bildirir ki, bütün təzminat tələbləri 1965-ci ilin sülh sazişi ilə həll olunub. Bu sazişə görə Yaponiya sayları getdikcə azalan "rahatlıq qadınlarına" kompensasiya üçün 9 milyon dollar vəsait ayırmışdı.

Bu sazişə əsasən tərəflər beynəlxalq meydanda bir-birlərini seks quldarlığında ittiham etməmək barədə razılığa gəliblər.

Lakin sazişin tamamilə icra edilməsi qarşısında ən böyük maneə Yaponiyanın Cənubi Koreyadan bütün ölkə boyu ucaldılmış seks köləsi heykəllərini yığışdırmasını tələb etməsidir.

Bu heykəllərdən ən qalmaqallısı 2011-ci ildə Seuldakı Yaponiya səfirliyinin düz qarşısında ucaldılıb.

Heykəltəraşlar Kim Seo-kyunq and Kim Eun-sunq CNN telekanalına deyiblər ki, bu heykəli hazırda sağ olan seks kölələrinin 1000-ci etiraz nümayişinə həsr ediblər. Bu nümayişlər 1992-ci ildən bəri hər çərşənbə günü keçirilir.

İnsan haqları fəalları həmin vaxtdan etibarən bütün ölkə boyunca seks kölələrinin heykəllərini ucaldırlar. Bunlardan biri xüsusilə diqqətəlayiqdir. 2016-cı ildə seks köləsi heykəllərindən biri də liman şəhəri Busanda, Yaponiya konsulluğunun qarşısında qurulmuşdu.

Sonradan yerli hakimiyyət bu heykəlin götürülməsinə sərəncam vermişdi. Lakin izdihamlı etirazların ardınca, iki gün sonra heykəli yerinə qaytarmalı olmuşdular.

Cənubi Koreya hökuməti bildirir ki, seks kölələrinə ictimai rəğbət qarşısı alına bilməyəcək dərəcədə güclüdür.

Bəzi xəbərlərə görə "rahatlıq qadınları" ilə bağlı məsələ yenidən siyasi gündəmə qayıda bilər, beləki ölkənin yeni prezidenti Mun Jay-in keçmiş insan haqları fəalıdır. O bildirib ki, Yaponiya ilə imzalanmış 2015-ci il sazişinə yenidən baxılacaq.

Mun bu yaxınlarda Yaponiyanın baş naziri Şinzo Abe ilə telefon söhbətində deyib ki, Koreya cəmiyyətinin ovqatı onun bu sazişi qəbul etmədiyini göstərir.

"The Guardian" yazır ki, ən ziddiyyətli "rahatlıq qadını" heykəli 2013-cü ildə California-nın Glendale şəhərində ucaldılıb. Bu ilin aprelində ABŞ-ın Ali Məhkəməsi bu heykəlin götürülməsinə dair iki yapon əsilli sakinin iddiasını rədd edib.

Məqalədə deyilir ki, hazırda yaşayan "rahatlıq qadınlarının" sayı heykəllərin sayından iki dəfə azdır.

Ölkədə seks köləliyini yaşamış 37 canlı şahid qalır, lakin xatirə heykəllərinin sayı 80-ə çatıb.

Cənubi Koreya fəalları 2020-ci ilədək "rahatlıq qadınlarının" xatirəsinə həsr edilmiş muzeyin yaradılması barədə qərar qəbul ediblər.

Bu barədə daha geniş