Burka qadağasını istəyən deputat Avstraliya senatında burka geyinib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Senator Pauline Hanson Avstraliyada burkanın qadağan edilməsini istəyir

Avstraliyanın ifrat sağçı One Nation (Vahid Xalq) partiyasının lideri, Pauline Hanson Avstraliya senatına burka geyinərək gəlib.

Pauline Hanson-un senatın iclas zalına girişi digər senatorların şoka düşməsinə səbəb olub. Xanım Hanson-un partiyası Avstraliyada burkanın qadağan edilməsi üçün qanun layihəsi təklif edir.

Dövlət naziri Geroge Brandis xanm Hanson-un hərəkətini tənqid edib və ona dini qrupları təhqir etməməyi "tövsiyə və xəbərdarlıq" edib.

Cənab Brandis-in çıxışı müxalif partiya üzvlərinin alqışını qazanıb.

Çıxışında, o, xanım Hanson-un hərəkətinin Avstraliyanın təxminən 500 minlik müsəlman əhalisini təhqir etdiyini vurğulayıb.

"Bir icmanı ələ salmaq, onları küncə sıxmaq, onun dini geyimlərini lağa qoymaq dəhşətli bir hərəkətdir və mən sizdən hərəkətiniz barədə dərindən düşünməyi xahiş edirəm", Avstraliyanın Baş Prokuroru vəzifəsini yerinə yetirən cənab Brandis deyib.

"Xeyr senator Hanson, biz burkanı qadağan etməyəcəyik", o, əlavə edib.

Fotonun müəllifi EPA
Image caption Xanım Hanson, adətən geyindiyi paltarlarda

Avstraliyanın ictimai televizya kanalı xanım Hansonun senat iclas zalına girdiyi an digər senatorların eşidiləsi səslə qəfildən nəfəs aldıqlarının və hətta bir senatorun "bu nədir belə" dediyini bildirib.

Senatın prezidenti Stephen Parry xanım Hansonun iclas zalına girməsindən əvvəl şəxsiyyət yoxlamasından keçdiyini təsdiqləyib. Daha sonra, o, geyindiyi burkanı əynindən çıxarıb.

Onun burkanın qadağan edilməsi üçün təklif etdiyi layihə cümə axşamı günü senatda müzakirə ediləcək.

İnternetdə yaydığı bəyanatda, xanım Hanson deyib ki, "bütün sifəti örtən [geyimlərin] qadağan edilməsinə ehtiyac müasir Avstraliyanın üzləşdiyi mühüm bir zərurətdir".

Onu tənqid edən cənab Brandis çıxışı ilə senatda hökumət üçün nadir görünən müxalif Leyborist və Yaşıllar partiyalarının dəstəyini qazanıb. Müxalif partiya üzvləri ayağa qalxaraq onu təbrik edib və alqışlayıblar.

"Dini geyimi səmimi inan nümayişi olaraq geyinmək ayrı, zalda oyun oynayaraq geyinmək ayrıdır", Leyboristlərin senatoru Penny Wong deyib.

Yaşılların lideri Richard Di Natale cənab Brandis-in "güclü və səmimi bir cavab" verdiyini deyib.

Parlamentdə ilk dəfə 1996-cı ildə seçilən xanım Hanson dəfələrlə qalmaqala səbəb olub.

2016-cı ildə, o, dərindən tənqid edilmiş bir çıxışında Avstraliyaya "həddindən artıq müsəlmanların dolduğunu " deyib.

İki ay əvvəl isə, o, autizmi olan uçaqların məktəblərdən çıxarılmasını təklif etdiyinə görə bir daha tənqidlərlər üzləşmişdi.

Bu barədə daha geniş