ABŞ müttəfiqləri niyə Putinə Trump-dan "çox etibar edirlər"?

Fotonun müəllifi Reuters
Image caption Sorğuya əsasən 37 ölkədən yalnız 13-də Trump Putindən daha çox etimad qazana bilib.

"The Independent" yazır ki, ABŞ-ın müttəfiqləri və daha bir neçə ölkə Vladimir Putini təhlükə hesab etsə də, ona Donald Trump-dan daha çox etibar edir.

Pew Center araşdırma mərkəzinin apardığı rəy sorğusundan məlum olub ki, Putinin xarici məsələlərdəki rolu bir çox ölkələri narahat etsə də, onların Putinə etibarı Trump-dan xeyli yüksəkdir.

Mərkəzin hazırladığı "Qlobal Yanaşmalar Sorğusu 2017-Bahar" adlı hesabatının tərtib edilməsi üçün bu ilin fevralından aprelinədək 37 ölkədə 852 ilə 2,464 arasında müsahibə keçirilib.

"Sorğunun keçirildiyi ölkələrin üçdə birində Rusiyaya təhlükə kimi baxılır. Lakin Çin və ABŞ-a olan münasibət də təxminən elə bu cürdür", Bloomberg yazır.

Bundan başqa ABŞ da daxil, rəyi soruşulan insanların 60 faizi bildirib ki, onlar dünya işlərinin aparılmasında Rusiya liderinə etibar etmirlər.

ABŞ və Kanadada Putini "xoşlamayanların" sayı başqa ölkələrdən üç dəfə çox olub.

Lakin Pew mərkəzinin iyun ayında dərc etdiyi eyni sorğudan cənab Trump-a aid olan hissədən görünür ki, rəyi soruşulanların yalnız 22 faizi Donald Trump-a beynəlxalq məsələlərdə etibar edir.

Yunanıstan və Almaniyada iki liderin qiymətləndirilməsində ən böyük fərq qeydə alınıb. Bu ölkələrdə rəyi soruşulanların 31 faizi Putinə və cəmi 14 faizi Trump-a etibar edir.

Xüsusilə də Almaniyada Trump-a olan etibar 11 faizdən az olub.

"The Independent" yazır ki, bəlkə də bu, Trump və xanım Merkel arasında NATO, ticarət və iqlim barəsində mövcud olan fikir ixtilafları ilə əlaqədardır.

Məqalədə deyilir xanın Merkel və bir neçə başqa Avropa lideri, xüsusilə də Trump-ın NATO nizamnaməsinin 5-ci maddəsinə etinasızlığından narazıdırlar.

Bu maddəyə görə alyansın bir üzvünün hücuma məruz qaldığı halda bütün başqa üzvlərin onun müdafiəsinə qalxması nəzərədə tutulur.

ABŞ üzərinə 11 sentyabr terror hücumları zamanı məhz 5-ci maddə hərəkətə gətirilmişdi.

Avropa liderləri habelə cənab Trump-ın ABŞ-ı Paris İqlim Razılaşmasından çıxarmasından narazıdırlar.

Bu razılaşma dünyanın 200 ölkəsi tərəfindən imzalanıb və planetdə istixana qazlarının emissiyasını azaltmaq məqsədi güdür.

Sorğudan bəlli olub ki, hətta Cənubi Koreyada rəyi soruşulanların 27 faizi Putinə etibar edirsə, yalnız 17 faizi Trump-dan arxayındır.

"The Independent" izah edir ki, ola bilsin, Cənubi Koreyada insanları Trump-ın Şimali Koreyanın raket sınaqları ilə bağlı səsləndirdiyi davakar bəyanatlar narahat edib.

Cənubi Koreyanın yeni hökuməti hazırda Şimali Koreya ilə "günəş parıltısı siyasətini" yürütdüyünü bildirir. Bu isə hərbi variantın deyil, iqtisadi təzyiq vasitələrinin dəstəklənməsini nəzərdə tutur.

Fotonun müəllifi Reuters
Image caption Rəy sorğusu Virginia ştatının Charlottesville şəhərində baş vermiş irqi zəminli zorakılıqlardan əvvəl keçirilib.

Associated Press xəbər verir ki, etibar məsələsində dünyanın başqa yerlərində də Putin Trump-ı geridə qoyur. Ona Trump-la müqayisədə Livanda 31 bal, Vyetnamda 21 bal, Meksikada isə 14 bal daha çox etibar edirlər.

Yalnız İsraildə Trump Putini 29 bal geridə qoyur.

Lakin unutmaq olmaz ki, bu rəy sorğusu Virginia ştatının Charlottesville şəhərində baş vermiş irqi zəminli zorakılıqlardan əvvəl keçirilib.

ABŞ lideri əvvəlcə ağ irqçiləri təqsirləndirməkdən çəkinsə də, sonradan bunu etməli olmuşdu.

Lakin hətta bunun ardınca da Trump irqçilərə dolayısı ilə dəstək verən yeni bəyanatlar səsləndirmişdi.

O demişdi ki, vətəndaş müharibəsinin generallarından Robert E Lee heykəlinin götürülməsi Amerika cəmiyyətini parçalayır və konfederatlara qoyulmuş bu kimi abidələri ölkənin "tarixi" və "mədəni" irsi kimi qoruyub saxlamaq lazımdır.

Vətəndaş müharibəsində konfederatlar quldarlığın saxlanması uğrunda döyüşürdülər.

Lakin Trump-ın bu bəyəntaları hətta İsraildə də pislənib.

Bununla belə etimad məsələsində Trump Avstraliya, Kanada, Polşa, Hollandiya və Britaniyada Putini kiçik fərqlə geridə qoyub.

Ümumilikdə isə 37 ölkədən yalnız 13-də Trump Putindən daha çox etimad qazana bilib.

Birinci ledinin ölkədən çıxmasına "stop qoyulub"

"The Telegraph" yazır ki, Cənubi Afrika Respublikasının polisi sərhəd postlarına Zimbabvenin birinci ledisi Grace Mugabe-nin ölkədən çıxmasına imkan verməməyi əmr edib.

Buna səbəb onun döydüyü yeniyetmə qıza rüşvət təklif etdiyi barədə iddialar olub.

Zimbabve birinci ledisinin hücumuna məruz qaldığı deyilən Gabriella Engels-in vəkili Gerrie Nel bəyan edib ki, əgər Cənubi Afrika polisi xanım Mugabeyə qarşı cinayət işi qaldırmasa, onun müştərisi prezident xanımını fərdi qaydada məhkəməyə verəcək.

Vəkil deyib ki, o üç ay ərzində ən azı məhkəmə tədbirinin görülməsini tələb edir.

Fotonun müəllifi Reuters
Image caption Nə Grace Mugabe, nə də Zimbabve hökuməti insidentlə əlaqədar açıqlama verməyiblər.

Vəkil Nel bundan əvvəl əlil qaçışçı Oscar Pristorius-un öz arvadını qətlə yetirməsi ilə bağlı mühakimədə iştirak edib.

Cənab Nel bildirib ki, fərdi qaydada məhkəmə mühakiməsi dövlət mühakiməsi ilə "tam eyni nəticələrə" səbəb ola bilər.

"Burada istənilən hökm, hətta azadlıqdan məhrumetmə hökmü də mümkündür" - deyib vəkil.

Vəkil bildirib ki, onun müştərisi ailəyə üçüncü tərəfin vasitəsilə təklif edilən "qanpulunu" rədd edib.

20 yaşlı model və gecə klubu hostesi Engels Zimbabvenin birinci ledisini, onu Yohannesburq otelində elektrik kabeli ilə döyməkdə ittiham edir. Xanım Mugabenin oğulları həmin oteldə qalırdılar.

Bazar günü gecə baş verdiyi iddia edilən insident iki ölkə arasında siyasi və diplomatik qalmaqala çevrilib.

CAR polisi xanım Mugabeni istintaqa ifadə vermək üçün çağırışa etinasızlıqda ittiham edir.

Bunun əvəzində xanım Mugabe Yohannesburq ətrafında bir malikanəyə sığınıb və diplomatik toxunulmazlıq statusu almağa çalışır.

Vəziyyəti qəlizləşdirən budur ki, xanım Engelsin ailəsi ziddiyyətli Afrikaner haqları qrupu AfriForum təşkilatından dəstək istəyib. Afrikanerlər 18-ci əsrdə burada məskunlaşmış hollandlardan törəyən etnik qrupun adıdır.

Burada keçirilən mətbuat konfransında Gabriella Engels başında sarğı ilə oturmuşdu. O xanım Mugabenin onun başını yardığını iddia edir.

Bundan əvvəl Cənubi Afrikanın polis naziri Fikile Mbalula bütün sərhəd məntəqələrinə bu məsələ həllini tapmadan Grace Mugabenin ölkədən çıxmasına imkan verməmək tapşırığı verib.

Lakin polisin sözçüsü bəyan edib ki, xanım Mugabe barədə həbs orderi verilməyib.

Toxunulmazlıq statusu

O bildirib ki, polis, xanım Mugabenin diplomatik toxulmazlıq statusu üçün müraciətinə nə cavab veriləcəyini gözləyir.

Lakin xanım Engelsin müdafiə komandası bildirib ki, onlar xanım Mugabeyə köhnə tarixlə verilmiş diplomatik toxunulmazlıq statusunu qəbul etməyəcəklər, çünki birinci ledi Cənubi Afrikaya alış-veriş və müalicə üçün gəlib.

AfriForum təşkilatına bağlı vəkil Willie Spies deyib ki, diplomatik toxunulmazlıq məsələsi böyük bir ehtimalla ən yüksəjk hökumət səviyyəsində həll olunacaq.

Başqa sözlərlə bu o deməkdir ki, bu məsələ CAR prezidenti Jacob Zuma və Zimbabve lideri Robert Mugabe arasında müzakirə olunur.

Spies deyib ki, belə görünür xanım Mugabe diplomatik toxunulmazlıq alan kimi ölkəni tərk edəcək.

53 yaşlı birinci ledinin əri, 93 yaşlı cənab Mugabe Cənubi Afrikaya cümə axşamı, regional liderlərin Pretoriyada keçirilən sammitində iştirak etmək üçün gəlib.

Nə xanım Mugabe, nə də Zimbabve hökuməti insidentlə əlaqədar açıqlama verməyiblər.

Bu barədə daha geniş