Britaniya mətbuatı: Alimlər deyirlər ki, arıqlamaq istəyirsinizsə, hər gün tərəzidə çəkilin

Trump və Bannon Fotonun müəllifi Reuters
Image caption Steve Bannon elan edib ki, "onun uğrunda mübarizə apardığı Trump prezidentliyi başa çatıb", mətbuat yazır.

Vəzifəsini itirən strateq Trump-ın qızına və kürəkəninə "müharibə" elan edir

"The Telegraph" qəzetinin yazdığına görə, Ağ Evdəki vəzifəsini itirən baş strateq Steve Bannon elan edib ki, "onun uğrunda mübarizə apardığı Trump prezidentliyi başa çatıb".

O deyib ki, mübarizəsini bundan sonra da davam etdirəcək. Bannon Ağ Evi tərk edəndən bir neçə saat sonra köhnə işinə - ifrat sağçı Breitbart xəbər portalının direktoru vəzifəsinə qayıdıb.

Bannon vəd edib ki, o belə "sakitcə çıxıb getməyəcək". Keçmiş strateq deyib ki, Trump-ın dəstəkçisi olaraq qalır və hələ "bu prezidentlikdən hələ nəsə etmək olar".

"Amma o prezidentlik artıq başa çatıb, - deyib Bannon, - İndi başqa bir şey olacaq. Burada hər cür döyüşlər olacaq. Yaxşı günlər olacaq, pis günlər olacaq, amma o prezidentlik artıq qurtarıb".

"İndi mənim əlim yenə silahdadır" - deyə bəyan edib keçmiş Ağ Ev rəsmisi və vəd edib ki, "Barbar Bannon müxalifəti darmadağın edəcək".

Bundan əvvəl Ağ Ev Bannon-un vəzifəsindən öz xoşu ilə və qarşılıqlı razılıq əsasında çıxdığını bildirmişdi.

Amma Bannon bəyan edib ki, o bundan sonra da Trump uğrunda Konqresə, mediaya və korporativ Amerikaya qarşı mübarizə aparacaq.

Breitbart portalının sərbəst redaktoru Joel Pollack tvitində Bannon-un işdən çıxmasını bir sözlə ifadə edib: "Müharibə".

Amma belə görünür ki, bu müharibə həm də Trump-ın müşaviri və kürəkəni Jared Kushner-ə, prezidentin qızı İvankaya, milli təhlükəsizlik şurasının rəhbəri H.R. McMaster-ə qarşı olacaq.

Deyilənlərə görə, Bannon onları üstüörtülü "nyu-yorklular" və ya "qlobalistlər" adlandırır.

Şərhçilər bildirirlər ki, Bannon-un işdən azad edilməsinə elə onun Ağ Evdə başqaları ilə yola getməməsi, özündən razılığı səbəb olub.

Medianın yazdığına görə iş o yerə çatmışdı ki, Bannon artıq mətbuata müsahibələrində Ağ Ev siyasətinə əslində özünün rəhbərlik etdiyinə işarələr edirdi.

Şənbə günü efirə verilən Saturday Night Live yumoristik televiziya proqramında Bannon Əzrayıl şəklində təsvir olunurdu və o əlindəki iplərlə Trump-ı kukla kimi oynadırdı.

Bununla belə şərhçilərin fikrincə, Bannon-un vəzifəsindən getməsi məsələsi həftələrlə bundan əvvəl hazırlansa da, Charlottesville-də baş verən toqquşmalar həlledici amil sayıla bilər.

"The Telegraph" yazır ki, Trump-ın siyasətindəki ifrat-sağçı və populist meyllər həqiqətən də Bannon-dan qaynaqlanırdı və məhz bu siyasətlərə görə Trump son günlər millət vəkillərinin ağır ittihamları ilə qarşılaşmışdı.

Bu da qeyd olunurdu ki, Bannon-un davranışı artıq Trump-a birbaşa xətər yetirməyə başlamışdı. American Red Cross, Salvation Army və American Cancer Society kimi nüfuzlu təşkilatlar Trump-ın Mar-a-Lago kurortunda pultoplama mərasiminə qatılmaqdan imtina ediblər.

Bu arada Bannon elan edib ki, o, özünün telekanalını açacaq. Müşahidəçilrəin fikrincə, bu kanal böyük bir ehtimalla Trump-ı dəstəkləyəm Fox News telekanalı ilə rəqib olacaq.

Bannon hesab edir ki, Fox telekanalı həddən artıq mötədildir.

ABŞ 40 il əvvəl baş vermiş zorlamanı bağışlamır

Fotonun müəllifi Reuters
Image caption Hakimin hökmündə deyildiyinə görə, Polanski ədalətdən qaçaq olaraq qalır.

"The Guardian" yazır ki, hakim məşhur kinorejissor Roman Polanskinin zorladığı qadının xahişini rədd edib. Qadın məhkəməyə müraciətində rejissorun bağışlanmasını istəyirdi.

Lakin baş hakim Scott Gordon-un hökmündə deyilir ki, Polanski ədalətdən qaçaq olaraq qalır və ona qarşı cinayət işinin bağlanması qurbanın öz marağında deyil.

Polanski onu 1977-ci ildə Los Angeles-də zorlayanda Samantha Geimer-in 13 yaşı olub.

Geimer-i zorladığını etiraf edən Polanski 42 gün məhkəməyədək təcridxanada saxlanmışdı. Lakin bundan sonra rejissor Birləşmiş Ştatlardan qaçmış və müstəntiqlərlə dil tapmağa çalışmışdı. Hüquq-mühafizə orqanları onunla sövdələşməni rədd etmiş və bildirmişdi ki, əksinə indi qaçaq Polanskini daha ağır cəza gözləyə bilər.

84 yaşlı rejissor o vaxtdan bəri heç vaxt ABŞ-a qayıtmayıb.

Geimer Los Angeles-in Ali Məhkəməsinə müraciətində bildirib ki, rejossuru bağışlayıb və ailəsi ilə birlikdə mərhəmət zəminində onun barəsində işə xitam verilməsini istəyir.

Hazırda Havayda yaşayan üç uşaq anası Geimer iyun ayında demişdi ki, Polanski ondan illər öncəsi üzr istəyib, lakin o, özünü medianın diqqətinə görə qurban hesab etməyə məcburdur.

"The Guardian" yazır ki, Birləşmiş Ştatların bu yaxınlarda Polanskinin ekstradisiyası üçün Polşa və İsveçrəyə müraciəti cavabsız qalıb.

Polanskinin vəkilləri deyirlər ki, rejissor ABŞ-a baş çəkərək arvadı, aktrisa Sharon Tate-in məzarını ziyarət etmək istəyir.

Sharon Tate 1969-cu ildə Charles Manson təriqətçiləri tərəfindən qətlə yetirilib.

Onun barəsində cinayət işinin olmasına baxmayaraq Polanskinin rejissor kimi karyerası həmişə yüksəlişdə olub.

O 2003-cü ildə Holokostdan bəhs edən "Pianoçu" filminə görə Oscar mükafatına layiq görülsə də, mükafatı almaq üçün Birləşmiş Ştatlara səfər edə bilməyib.

Polanskinin vəkilləri təəccüblərini gizlədə bilmirlər:

"Bu işin 40 illik tarixi var və həm 84 yaşlı cavabdeh, həm də 50 yaşlı zərəçəkmiş işə xitam verilməsini istəyirlər. Məsələ bu qədər bəsitdir…"

Hər gün tərəzidə çəkilsəniz arıqlayarsınız

Fotonun müəllifi Science Photo Library
Image caption Bəzi alimlərin bildirdiyinə görə, tərəzidə çəkinizin artdığını görəndə həyəcanlanır və narahat olursunuz.

"The Independent" yazır ki, bir çoxlarına xoşladığı yeməklərdən məhrum olmamaqla arıqlamaq qeyri-mümkün görünə bilər.

Lakin alimlər bunun çox bəsit bir həllini tapıblar: Sadəcə olaraq hər gün tərəzidə çəkilin.

Drexel və Pennsylvania Universuitetlərinin apardığı təcrübədə 294 qadın tələbə iştirak edib.

Təcrübə göstərib ki, iki il müddətində hər gün tərəzi üstünə çıxan qadınlarda, bunu etməyənlərlə müqayisədə həm BKİ (bədən kütləsi indeksi), həm də bədən piyi kütləsi xeyli azalıb.

Bədən Kütləsi İndeksi insanın boyu və çəkisi əsasında hesablanır. BKİ-nin hesablanması üçün bədən çəkisi boy hündürlüyünün kvadratına bölünür. İndeks vahidləri kq/m2-lə hesablanır.

Ən maraqlısı budur ki, təcrübədə iştirak edən müxtəlif çəkili qadınlara arıqlamaq tapşırığı verilməmişdi, onlar sadəcə olaraq hər gün tərəzidə çəkilməli idilər.

Alimləri məhz tələbələr ona görə maraqlandırırdılar ki, insan məhz universitet illərində izafi çəki yığmağa başlayır.

2009-cu ildə aparılmış başqa bir təcrübədən isə aşkar olub ki, tələbələr əsasən də birinci kursda kökəlməyə başlayırlar.

Amma özlərini hər gün tərəzidə çəkən qadınlar nəinki kökəlməyiblər, hətta çəki itiriblər.

Özlərini çəkməyənlərdə BKİ dəyişməz olaraq qalıb.

"Bu təcrübə zamanı BKİ-nin və bədən piyinin azalması dramatik dərəcədə olmasa da, əhəmiyyətli kəmiyyətdə idi və nəzərə alın ki, qadınlara məxsusi olaraq arıqlamaq komandası verilməmişdi" - deyib tədqiqatın aparıcı alimi professor Diane Rosenbaum.

Professor deyir ki, nəticə onların özü üçün də gözlənilməz olub.

Alimlər tərəzidə gündəlik çəkilmənin çəki azalması ilə nəticələnməsinin səbəbini tam dəqiqliklə izah edə bilmirlər, lakin güman belədir ki, adamın hər gün öz çəkisini görməsi onda arıqlamaq motivasiyası yaradır.

"Özünüzü müntəzəm qaydada tərəzidə çəkməklə, siz istər-istıəməz daha sağlam qidalanmaya və həyat tərzinə can atırsınız, çünki bunun çəkinizin azalmasına təsirini əyani şəkildə görürsünüz" - deyib Drexel Universiteti İncəsənət və Elm Kollecinin professoru Meghan Butryn.

Alim bildirir ki, əksinə siz tərəzidə çəkinizin artdığını görəndə həyəcanlanır və narahat olursunuz.

Tədqiqatçıların fikrincə insan çəkisinin hər gün müəyyən qədər artıb-azalması tam normal bir prosesdir. Bu, qəbul edilən qidadan, hətta ayaqyoluna dəyişən fasilələrlə gedilməsindən, gecə saatlarında yeməkdən asılı ola bilər.