Əfqanıstan: qadın pop ulduzu Kabulda konsert verib

concert
Image caption Əfqanlı qadın pop ulduzu Kabulda konsert verib

Əfqanıstanın pop ulduzu Əryanə Səidin paytaxt Kabulda verdiyi konsertdə yüzlərlə gənc kişi və qadın tamaşaçı iştirak edib.

Yerli mühafizəkarların konsert əleyhinə olması və onların hücum hədələrinə baxmayaraq, qadın müğənninin Kabulda konserti baş tutub.

Əryanə Səidin konserti Əfqanıstan paytaxtında, Intercontinental Hotel mehmanxanasında sərt təhlükəsizlik tədbirlərinin görülməsi şəraitində keçib.

Konsert ərəfəsində Əryanə Səid, onun geyim üslubu və tamaşalarının əfqan mədəniyyətinə zidd olduğunu deyənlər tərəfindən ölümlə hədələnib.

Kabulda son aylar ərzində silsilə intiharçı hücumlar törədilib.

Ölkənin Müstəqillik Günü bayramına həsr olunmuş konsert tədbiri şənbə günü axşam keçirilib.

Əryana Səidin konserti, ilk olaraq, Kabulun Ğazi stadionunda təşkil olunmalı idi.

Bu konsertə baha qiymətə 3000-dən artıq biletin satılması tədbirə marağın yüksək olduğunu təsdiqləyib.

Rəsmilər stadionda təhlükəsizliyə təminat verə bilməyəcəklərini bildirsələr də, Əryanə Səid təslim olmayıb və konserti başqa yerdə keçirmək qərarına gəlib.

Müğənni bildirib ki, konsertdən əldə edilən gəlir islamçı silahlıların hücumları nəticəsində həlak olanların ailələrinə çatdırılacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş