Britaniya mətbuatı: Baş yəhudi rahib yəhudilərə "Avropadan qaçın" dedi

Fotonun müəllifi Getty Images
Image caption Barselona şəhərindəki hücumdan sonra baş yəhudi rahibi yəhudiləri İsrailə köçməyə çağırıb.

Baş yəhudi rahib yəhudilərə "Avropadan qaçın" dedi

"The Independent" qəzetinin yazdığına görə, Barselona şəhərinin baş yəhudi rahibi yəhudiləri İsrailə köçməyə çağırıb. Rahib deyib ki, "Avropa artıq radikal İslama uduzub".

Meir Bar-Hen öz soydaşlarını İspaniyadan qaçmağa çağırıb və deyib ki, bu ölkə "bütün Avropa üçün islamçı terrorun qovşağına" çevrilib.

Baş rahibin bu çağırışı Barselonada və Kambrils şəhərində 13 nəfərin ölümünə və daha 120 nəfərin xəsarət almasına səbəb olmuş terror aktının dərhal ardınca səslənib.

Hər iki şəhərdə törədilmiş basqına görə məsuliyyəti öz üzərinə İŞİD götürüb. Hakimiyyət orqanları inanır ki, bu basqınları böyük bir terrorçu şəbəkə müəyyən müddət ərzində hazırlayıb.

JTA yəhudi xəbər agentliyinə müsahibəsində cənab Bar-Hen deyib: "Yəhudilər burada daimi sakin deyillər".

"Mən öz icmama deyirəm: Elə bilməyin ki, biz bura əbədilik gəlmişik. Mən soydaşlarımı İsraildə mülklər almağa çağırıram. Bu yer artıq itirilib. Əlcəzair yəhudilərinin, Venesuela yəhudilərinin səhvlərini təkrar etməyin. Buradan nə qədər tez tərpənsəniz, o qədər yaxşıdır" - deyib baş rahib.

O daha sonra qeyd edib ki, son hücumlar müsəlman icmasının içində "radikal pöhrələnmənin" olduğunu göstərib.

Rahib əlavə edib ki, bu, bütünlükdə Avropanın problemidir.

"Avropa itirilib" - deyib rahib.

Lakin baş rahibin çağırışı İspaniya Yəhudi İcmaları Federasiyasının mövqeyi ilə daban-dabana ziddir.

Bu təşkilat bildirib ki, İspaniya təhlükəsizlik qüvvələrinin radikal İslamdan qaynaqlanan hədələrə qarşı mübarizəsinin uğuruna inanır.

Bu dünyada "təmiz ağdərili irq" varmı?

Fotonun müəllifi MAURICIO LIMA
Image caption Son illərdə genetik əcdadlarının kim olduğunu bilmək istəyənlərin böyük əksəriyyəti ağdərili irqçilərdir.

"The New Statesman" jurnalı yazır ki, son illərdə genomika və genetika elmləri heyrətamiz inkişaf yüksəlişi keçirib.

İnsan Genomu Layihəsi (Human Genome Project) kimi təşəbbüslər bizə irsiyyətimizin köklərinə baxmaq imkanı verib. Bu isə öz növbəsində genetik əcdadlarının kim olduğunu bilmək istəyənlərin sayını xeyli artırıb.

Sifarişli DNT analizləri aparan məşhur 23AndMe agentliyinə 2017-ci ilin 6 aprelinədək olan müddətdə 2 milyon nəfər müraciət edib.

Məqalədə deyilir ki, müştərilərin böyük əksəriyyətinin ağdərili irqçilər olması da təəccüblü deyil. Onlar öz irqlərinin və "qanlarının təmiz" olduğuna əmin olmaq istəyirlər. Amma onların əksəriyyəti aldığı nəticələrdən məyus qalır.

Ağ millətçilərin ən tanınmış internet saytlarından Stormfront-un özlərini ağ hesab etmək istəyənlər üçün xüsusi kriteriyası var: "Əcdadı 100 faiz avropalı olan qeyri-yəhudilər".

Amma DNT analizi üçün nümunə göndərənlərin əksəriyyəti aldıqları nəticələri açıqlamağa tələsmirlər, çünki onlar damarlarında "bir damcı da" qeyri-ağ adam qanı daşımadıqlarını düşünsələr də, bizim əksəriyyətimiz kimi ən müxtəlif DNT-lərin qarışığından ibarətdirlər. Bura Afrika və Asiyaya aid olan DNT formaları da daxildir.

Bu yaxınlarda Los Angeles Universitetinin professorları Aaron Panofsky Joan Donovan Stormfront saytının formunuda gedən müzakirələrin təhlilini təqdim ediblər. Onlar forum müzakirələrindən 700 istifadəçini seçiblər. Onlardan yalnız 153-ü genetik analizlərinin nəticələrini paylaşmağa razılıq verib.

Professorlar bildirirlər ki, ağ millətçi hərəkatın genetik analizlərə münasibəti maraq doğurur.

Panofsky deyir ki, ağ millətçilərin bir xeyli hissəsi analizdən sonra bir-birlərinə təskinlik verməklə məşğuldur. Bəzən qanı "təmiz" çıxmayanlara bu forumda Stormfront-u tərk etmək, "zəhər içib özünü öldürmək" və ya bundan sonra pis qanı yaymamaq üçün doğub-törəməmək məsləhət görülür.

Ümumilikdə isə DNT analizlərinin nəticələrinə iki əsas yanaşma olub. Nəticələr döşünə yatmayanlar DNT analizini yalançı elm adlandırırlar. Onlar deyirlər ki, elmsiz də "təmiz ağ adama" baxan kimi onun kimliyi bilinir.

İkinci qrup millətçilər isə DNT analizlərinin mübahisəli olduğu barədə başqa alimlərin yazdıqlarına istinad edirlər. O alimlərin ki, bu məsələlərə ağdərili millətçi prizmasından baxır.

Məsələn bəzi şərhçilər deyirlər ki, burada qeyri-Avropa DNT-nin faizini əsas götürmək lazımdır. Belələri inanırlar ki, "təmiz ağ adamlarda" qeyri-ağ DNT-nin aşkar edilməsi qədimlərdə həmin adamların ulu nənələrinin qeyri-ağlar tərəfindən zorlanması ilə bağlı ola bilər. Onların fikrincə buna həm də yad torpaqlara basqınlar edən ağ vikinqlərin oralardan qeyri-ağ qadınları gətirməsi də səbəb ola bilərdi.

Məqalədə deyilir ki, genetik tədqiqat nəticələrini tam inkar etməyin qeyri-mümkünlüyünü başa düşən bəzi ağ millətçilər kompromis kriteriya təklif edirlər. Onlar deyirlər ki, ağ adamlarda "ağlığın faizi" əsas götürülməlidir və "100 faiz ağ və bir damcı da natəmiz qan" konsepsiyası artıq köhnəlib.

Ağdərili millətçilərin üçüncü bir kəsimi də var ki, bunlar genetik analizləri yəhudilərin qəsdi adlandırırlar.

Amma alimlər etiraf edirlər ki, genetik analizin özü də elmi baxımdan qüsursuz deyil.

Bununla belə, Panofsky əmindir ki, heç bir elmi nəticə ağ millətçilərin öz saflıqlarına inamını sındıra və baxışlarını dəyişə bilməz.

Adamöldürən robotların yaradılması qadağan edilməlidir

Fotonun müəllifi Getty Images
Image caption 116 texnologiya eksperti BMT-ni qatil robotların inkişaf etdirilməsi və yaradılmasını qadağan etməyə çağırıb.

"The Guardian" yazır ki, robotika və süni zəka sahəsində çalışan yüzədək ekspert BMT-ni qatil robotların inkişaf etdirilməsi və yaradılmasını qadağan etməyə, habelə bu cihazları, kor edən lazer və kimyəvi silahlarla yanaşı "mənəviyyatsız" silahlar siyahısına salmağa çağırıb.

"Avtonom silahların" qadağanına çağıran məktubu imzalamış 116 texnologiya ekspertinin arasında Google-un başçısı Mustafa Suleyman və Tesla-nın rəhbəri Elon Musk da var.

"The Guardian" yazır ki, 2016-cı ilin dekabrında BMT tanklar, dronlar və avtomatik tüfənglər də daxil belə silahların qadağanı üçün danışıqlara başlanmasına səs verib.

İndiyədək 123 üzv ölkədən 19-u ölümcül avtonom silahların tam qadağanına çağırıb.

Bu məktubun təşəbbüsçülərindən biri - Avstraliyadakı New South Wales Universitetinin süni zəka professoru Toby Walsh məktubu Melburnda keçirilən Birgə Beynəlxalq Süni Zəka Konfransının açılışında oxuyub.

Məktubda deyilir: "Ölümcül avtonom silahlar, silah sənayesində üçüncü inqilaba səbəb ola bilər".

"Əgər belə silahlar yaradılarsa, onlar münaqişənin indiyədək olduğundan daha geniş ərazidə və insanın ağlına gəlməyəcək sürətlə yayılmasına səbəb ola bilər" - deyilir məktubda.

Bu sənəddə daha sonra qeyd olunur ki, bu silahlardan zülmkarlar və terrrorçular günahsız adamlara qarşı istifadə edə bilərlər.

"Bizim hərəkət üçün çox da vaxtımız qalmayıb. Elə ki, Pandoranın mücrüsü açıldı, onu bağlamaq çox çətin olacaq" - deyilir çağırışda.

Professor Walsh deyib: "Demək olar hər bir texnologiyadan həm xeyir, həm də şər işlər üçün istifadə oluna bilər. Süni zəka da bu mənada fərqli deyil. Süni zəka bu gün cəmiyyəti əzən bərabərsizlik, yoxsulluq, iqlim dəyişikliyindən qaynaqlanan təhlükə və qlobal maliyyə böhranı kimi problemləri həll edə bilər. Lakin bu texnologiyadan müharibəni sənayeləşdirəcək müstəqil silahların yaradılması üçün də istifadə olunması mümkündür…"

Əlaqəli mövzular

Bu barədə daha geniş