Londonda Big Ben zəngi bazar ertəsi son dəfə səsləndi

Big Ben Fotonun müəllifi AFP
Image caption Son dəfə Big Ben uzun müddətə 2007-ci ildə susmuşdu

Avqustun 21-də bazar ertəsi günorta məşhur Big Ben zəngi son dəfə səsləndi. Bundan sonra həm zəng, həm saat, həm də qüllə üzərində bərpaetmə işlərini aparmaq üçün onu saatdan ayıracaqlar.

Saat hissə-hissə söküləcək. Siferblatların dördünü də təmizləyib bərpa edəcəklər.

Parlament nümayəndələri deyirlər ki, Big Ben-in mexanizmi, bərpaetmə işlərinə cəlb olunmuş fəhlələrin təhlükəsizliyi naminə dayandırılıb.

Eyni zamanda təmir işləri aparılan müddətdə xüsusi əlamətdar hallarla bağlı, məsələn, Yeni il və Anım günü münasibətilə, zəng yenidən asılacaqdır.

Bərpaetmə işlərinin 29 milyon funt sterlinqə (təxminən 37 milyon dollara) başa gələcəyi gözlənilir.

Dörd il çox deyilmi?

Bərpa işlərinin bu qədər uzun çəkməsi bir çox parlament üzvlərinin narazılığına səbəb olub. Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə nazir David Davis bunu "ağılsızlıq" adlandırıb.

Baş nazir Theresa May isə çərşənbə günü bəyan edib ki, məşhur zəngin 2021-ci ilə kimi susması "düzgün olmaz". O, hakimiyyəti bərpa işlərinin vaxtını yenidən nəzərdən keçirməyə çağırıb.

Lakin bu mövqe ilə hamı razı deyil. "Bu, milli fəlakət zad deyil ki", - leyboristlərin lideri Jeremy Corbyn deyib, lakin əlavə edib ki, zəngin sədaları üçün darıxacaq.

Böyük mübahisələrdən sonra İcmalar Palatası bəyan edib ki, parlament tətildən qayıtdıqdan sonra Big Ben-in bərpası müddətini yenidən nəzərdən keçirə bilər.

"Əlbəttə, hər bir qərarın qəbul olunması səmərəlik və işçilərin təhlükəsizliyinin təmin olunmasına əsaslanmalıdır", - bəyanatda deyilir. - "Big Ben parlament həyatının mühüm hissəsidir və biz əlimizdən gələni edəcəyik ki, o, yenidən öz vaxtın milli qoruyucusu rolunu mümkün qədər tez yerinə yetirməyə başlasın".

Milli zəng

Big Ben vaxtı göstərən iri saat zənginin qeyri-rəsmi adıdır. Bu səs BBC-nin ənənəvi radio siqnalı kimi də istifadə olunur.

Qüllənin isə bir əsrdən də çox rəsmi adı olmayıb. 2012-ci ildə Britaniya kraliçasının hökmdarlığının 60 illik yubileyi münasibətilə qülləyə Elizabeth adı verilib. Sarayın ikinci, daha yüksək, lakin az məşhur olan qülləsi Victoria kraliçanın adını daşıyır.

Dörd nəhəng siferblata malik saat qülləsi Londonun ən tanınmış simvollarından biri və bəzi məlumatlara görə, Britaniya paytaxtının ən çox fotoşəkilləri çəkilən görməli yerlərindəndir.

Qüllə artıq 150 ildən çoxdur ki, Britaniya paytaxtı üzərində ucalır. Onun saatları beş hökmdar şahlığı və iyirmi üç Baş nazir rəhbərliyinin şahidi olub, iki dünya müharibəsini yaşayıb.

Hətta şəhər almanların bombardmanına məruz qaldığı iki ay ərzində Big Ben-in saat zənglərinin səsi kəsilməyib.

Son dəfə o, 2007-ci, ondan əvvəl isə 1983-1985-ci illərdə bərpaetmə zamanı susmuşdu.

Əlaqəli mövzular

Bu barədə daha geniş