Britaniya mətbuatı: Türkiyə və İran kürdlərə qarşı birgə əməliyyat keçirə bilər

Fotonun müəllifi Getty Images

Türkiyə və İran kürdlərə qarşı birgə əməliyyat keçirə bilər

"The Daily Mail" qəzetinin AFP agentliyinə istinadən yazdığına görə, prezident Recep Tayyip Erdoğan deyib ki, kürd silahlılara qarşı birgə Türkiyə-İran əməliyyatlarının keçirilməsi "həmişə gündəlikdə olub".

Bundan bir həftə əvvəl İran Silahlı Qüvvələrinin baş komandanı çox nadir hadisə sayıla biləcək danışıqlar üçün Ankaraya səfər etmişdi.

Məqalədə deyilir ki, Türkiyə uzun müddətdir qadağan edilmiş Kürdüstan İşçi Partiyası - PKK-ya qarşı silahlı mübarizə aparır. Eyni zamanda İranın təhlükəsizlik qüvvələri PKK-nın filialı sayılan Kürdüstana Azad Həyat və ya qısaca PJAK təşkilatına qarşı döyüşür. Hər iki qrupun İraqda yerləşən arxa bazaları var.

"İranla birlikdə təhlükə təşkil edən terrorçu təşkilatlara qarşı birgə əməliyyatın keçirilməsi həmişə gündəlikdə olub" - deyib prezident Erdoğan İordaniyaya səfər ərəfəsində.

Məqalədə belə bir məqama diqqət çəkilir ki, bu bəyanatdan az əvvəl İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Hüseyn Baqeri Ankaraya səfər etmiş və verilən xəbərlərə görə Hulusi Akarla kürd silahlılara qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə etmişdi.

"Türkiyə" qəzetinin yazdığına görə həmin səfər zamanı İran generalı İraqın şimalındakı Qəndil və Sincar rayonlarında kürd yaraqlılara qarşı birgə hərbi əməliyyat keçirmək barədə "gözlənilməz" təklif verib.

Qəzetin tazdığına görə, bu təklif Türkiyə üçün ona görə gözlənilməz olub ki, Ankara artıq xeyli müddətdir Tehranın onu PKK, onun kadr, maliyyə və siyasi fəaliyyəti ilə mübarizədə tək qoyduğundan gileylənirdi.

PKK Türkiyədə, Avropa İttifaqı və ABŞ-da terrorçu təşkilatlar siyahısına daxil edilib.

Erdoğan bu əməliyyatın harada keçiriləcəyini dəqiq deməsə də, sözlərindən belə anlaşılıb ki, söhbət İraqdan gedir.

Prezident təsdiq edib ki, hər iki ölkənin hərbiyyəsi kürd yaraqlılara qarşı vahid döyüş planını müzakirə edib.

Erdoğan deyib ki, PKK həm Türkiyəyə, həm də İrana böyük ziyan vurur və Ankara ilə Tehran bu məsələdə tez bir zamanda ortaq məxrəcə gələ bilər.

Məqalədə xatırladılır ki, əsasən sünni və dünyəvi Türkiyə ilə şiə İran İslam Respublikası arasında son illərdə münasibətlər xeyli gərgin olub.

Türkiyə və İran Suriya münaqişəsində qarşıduran tərəflərdə mövqe tutublar. Erdoğan Suriya münaqişəsinin başa çatdırılması üçün prezident Əsədin postundan getməsini istəyir. Tehran isə Moskva ilə birlikdə məhz elə prezident Əsədi və onun hökumətini müdafiə edir.

Erdoğan zaman-zaman regionda "fars millətçilyinin" yüksəlişini, xüsusilə də İraqda şiə silahlıların nüfuzunun artmasını tənqid edib.

Buna görə də general Baqerinin səfəri və onun bu səfər zamanı həm Erdoğan, həm də general Hulusi Akarla görüşməsi ikitərəfli münasibətlərin dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.

Baqeri bu görüş barədə şərh verərkən deyib ki, onun səfəri zamanı Türkiyə İranla sərhədin möhkəmləndirilməsinə razılıq verib.

"Türkiyənin və İranın hərəkətləri bir-birini tamamlayır. Biz terrorçularun sərhəddən o tərəf, bu tərəfə keçməsinin qarşısını almaq üçün yaxşı razılaşmalar əldə etmişik" - deyib Baqeri.

Türkiyə hazırda İranla sərhədin müəyyən sektorlarında "təhlükəsizlik divarının" tikintisinə başlayıb. Türkiyə və Suriya arasında da sərhəd boyunca belə sipər çəkilir.

Baqeri əlavə edib ki, Türkiyə kimi İran da, sentyabrın 25-də İraqda Kürdüstan muxtar hökumətinin keçirməyi planlaşdırıdığı müstəqillik referendumuna qarşısdır.

İran generalı bildirib ki, belə coğrafi dəyişikliklər İraqın daxilində toqquşmalara səbəb ola bilər və bu toqquşmalar yalnız həmin ölkənin sərhədləri içində qalmaz.

Dünyanın ən böyük dövlətsiz xalqlarından biri olan kürdlər İran, İraq, Suriya və Türkiyədə geniş bir ərazidə məskunlaşıblar. Lakin onlar yalnız İraqda tanınmış muxtariyyət yarada biliblər.

Rusiya Belarusu işğal etmək istəyir?

Fotonun müəllifi Sean Gallup

"The Independent" yazır ki, Rusiyanın gələn aya planlaşdırılan hərbi manevrləri ciddi narahatlıq doğurub. Bəziləri narahatdırlar ki, bu, Belarusa müdaxilə üçün vasitə ola bilər.

"Zapad" (Qərb) kod adlı hərbi təlimlər hər dörd ildən bir keçirilir. Builki manevrlər Belarus və qərbi Rusiyanın ərazisində keçiriləcək.

Təhlilçilər bildirirlər ki, bundan əvvəl Rusiyanın keçirdiyi hərbi oyunlar real hərbi əməliyyatlar üçün prelüdiya olub. Məsələn, Ukrayna və Gürcüstana da hərbi müdaxilədən əvvəl Moskva hərbi təlimlər keçirmişdi.

Məqalədə deyilir ki, Rusiya bu manevrlərdə 13 min hərbçinin iştirak edəcəyini bildirsə də, real rəqəm daha yüksək ola bilər.

Bəzi ekspertlərin fikrincə, bu hərbi təlimlərdə 100 minədək hərbi və mülki şəxs iştirak edə bilər. Lakin belə təxminləri rədd edən ekspertlər də var.

Son zamanlar NATO ilə münasibətləri son dərəcə gərginləşmiş Moskva ölkənin qərbində bir sıra irimiqyaslı manevrlər keçirib.

Belə hərbi təlimlər çox vaxt onların sayını tənzimləyən Vyana Sənədinin müddəaları ilə ziddiyyət təşkil edir.

Eyni vaxtda NATO da Şərqi Avropada bir neçə böyük hərbi manevrlər keçirib.

"Rusiya bu manevrdə 13 mindən bir qədər az hərbçinin iştirakını vurğulamaqla bunu kiçikmiqyaslı təlim kimi qələmə verməyə çalışır, lakin bu, bəlkə də postsovet tarixinin ən böyük hərbi oyunlarıdır" - deyib American Enterprise Institute analitik mərkəzinin direktoru Leon Aron CNBC telekanalına.

Bu təlimlərdən NATO rəsmiləri və Rusiyaya qonşu ölkələr də narahatlıq ifadə ediblər.

İyul ayında ABŞ-ın Avropadakı hərbi komandanı general Ben Hodges demişdi: "Adamlar narahatdırlar ki, bu, bir Troya atıdır. Rusiya rəsmiləri deyirlər ki, "biz yalnız təlim keçiririk", amma sonra görürsən ki, əsgərlər və hərbi güc tamam başqa istiqamətə yönəldilir."

Stratfor mərkəzindəki müdafiə təhlilçiləri də inanırlar ki, bu təlimlər Moskvanın dediyindən daha böyük və daha əhəmiyyətli olacaq.

Amma Stratfor-un ekspertləri təlimlərin ardınca nə isə daha təhlükəli hərəkətlərin olub-olmayacağı barədə fikir yürütməyiblər.

Lakin bəzi ekspertlər bu manevrlərə elə də ciddi əhəmiyyət vermirlər.

"Bu qüvvə nümayişidir, lakin bunun içində rasional element də var - deyib Londondakı Royal United Services Institute mərkəzinin təhlilçisi professor İqor Sutyagin "The Independent" qəzetinə, - Və bu rasional element mühafizəkar qiymətləndirmələrdə olduğundan daha az aqressivdir".

Alim bildirib ki, bu təlimlərdən Moskvanın məqsədi qoşunların müxtəlif relyeflərdə çevik yerdəyişmələrini məşq etməkdir.

Sutyagin bunu da deyib ki, manevrlərdə 100 min hərbçinin iştirak edəcəyi inandırıcı görünmür, çünki ordunun hərəkət etdirilməsi üçün hazırlanmış qatarlar yalnız 30 min əsgəri daşıya biləcək tutumdadır.

Sutyagin deyib ki, "Zapad" manevrlərindən hər hansı ölkədə silah anbarlamaq kimi istifadə olunacağı barədə mülahizələrin də əsası yoxdur.

"Əgər siz Belarusu nəzarət altına almaq istəyirsinizsə, orada boş tanklarınızı qoyub getmirsiniz. Siz bu ölkəni işğal edirsiniz" - deyib Sutyagin.

"The Independent" yazır ki, həqiqətən də Rusiya Belarusla birlikdə onilliklər ərzində çox sayda təlimlər keçirib.