Britaniya mətbuatı: Trump-ın Əfqanıstan strategiyasını qısa ətəkli Kabul qızlarının fotosu dəyişib?

Fotonun müəllifi Amnesty.org
Image caption Trump-ın milli təhlükəsizlik müşaviri HR McMaster ona 1972-ci ildə çəkilmiş belə ağ-qara fotoşəkillərdən birini göstərib.

Trump-ın Əfqanıstan strategiyasını qısa ətəkli Kabul qızlarının fotosu dəyişib?

"The Independent" yazır ki, Əfqanıstan həmişə indiki kimi olmayıb. Ötən onilliklər ərzində burada İŞİD və ya Taliban təhlükəsinin nə olduğunu bilməyiblər və bu ölkə sabitlik, dözümlülük və hətta mötədillik diyarı sayılıb.

1930-cu illərdən 1970-ci illərədək bəziləri böyük güclərin döyüş meydanı olan bu ölkənin paytaxtını "Mərkəzi Asiyanın Parisi" adlandırıblar.

Məqalədə daha sonra deyilir ki, bu həftə Donald Trump Əfqanıstan barədə fikrini dəyişdiyini etiraf edib.

Bəzi xəbərlərə görə əvvəllər ABŞ qoşunlarını Əfqanıstandan çıxaracağını deyən prezident indi bu ölkəyə 4 minlik əlavə əsgəri qüvvə göndərməyə hazırlaşır.

Bu da xəbər verilir ki, belə qəfil fikir dəyişikliyinə səbəb ona köməkçilərindən biri tərəfindən Kabulun küçələrində mini ətəklərdə gəzən əfqan qızlarının fotosunun göstərilməsi olub.

Bundan əvvəl özünün seçki kampaniyası zamanı Trump Əfqanıstanın uduzulmuş müharibə olduğuna inandığını və Barack Obama-nın ora 2009-cu ildə qoşun göndərmək qərarının səhv olduğunu deyirdi.

Amma indi ABŞ hərbiyyəsinin Ağ Evdə oturan bir sıra ali rütbəli rəsmiləri Əfqanıstana əlavə qüvvələr göndərilməsinə tərəfdar çıxırlar.

"The Washington Post" qəzeti yazır ki, deyilənlərə görə belə generallardan biri, Trump-ın milli təhlükəsizlik müşaviri HR McMaster prezidenti əlavə qüvvə göndərilməsinə sövq etmək üçün ona tarixi və şokedici fotolardan birini göstərib.

"O Trump-a 1972-ci ildə çəkilmiş ağ-qara fotoşəkil göstərib. Bu şəkildə əfqan qadınlar Kabulun küçələrində qısa yubkalarda gəzirlər. Beləliklə, general prezidenti inandırıb ki, orada bir vaxtlar Qərb normaları mövcud olub və bu normalar ora yenə də qaytarıla bilər", qəzet yazır.

Lakin bəzi tarixçilər deyirlər ki, Kabulun "qızıl dövrü" deyilən həmin vaxtın əhəmiyyəti şişirdilir və əslində, Məhəmməd Zahir şahın vaxtında qərbsayağı geyimlərdən yalnız çox kiçik cəmiyyət elitası istifadə edib.

Fotonun müəllifi Getty Images
Image caption Zahir Şah

Amnesty International təşkilatında çalışan Horiya Mosadiq 2013-cü ildə hazırladığı hesabatda yazırdı: "Balaca qız olduğum vaxtlarda anamın qısa ətək geyinməsini və məni kinoya aparmasını xatırlayıram. Xalam Kabulda universitetdə oxuyurdu".

"Gözəgörünməz tarix: Əfqanıstanın yazılmamış hekayəti" (Invisible History: Afghanistan's Untold Story) kitabının həmmüəllifi Elizabeth Gould deyir ki, bir neçə il əvvəl vaxtilə Əfqanıstanda işləmiş bir ABŞ diplomatı ilə söhbət edib. Diplomat deyirmiş ki, 1970-ci illərdə Əfqanıstan vətəndaşları demokratiyaya bağlıydılar və ölkənin yeni konstitusiyasını küçələrdə müzakirə edirdilər.

"İkinci Dünya Müharibəsindən sonrakı 1950, 60 və 70-ci illər Əfqanıstanın qızıl illəri idi" - xanım Gould deyir.

Şah 1973-cü ildə çevriliş nəticəsində taxtdan salınıb və 29 il davam edən sürgündə yaşayıb. 1979-cu ilin dekabrında Əfqanıstana Sovet qoşunları müdaxilə edib və bu müdaxilə 1989-cu ilin fevralında başa çatıb.

Taliban Kabul da daxil ölkənin böyük ərazilərinə nəzarəti 1996-cı ildə ələ alıb. Kabul, 2002-ci ildə Əfqanıstana ABŞ və Britaniya qoşunlarının müdaxiləsinədək Talibanın nəzarətində olub.

Elə həmin il Zahir şah loya Jirga və ya xalq toplanışının yeni hökuməti seçməsini müşahidə etmək üçün Əfqanıstana səfər edib.

Balaca bir gənənin dişləməsi ürək cərrahiyyəsi ilə nəticələnə bilər

Fotonun müəllifi Getty Images
Image caption Adi gözlə zorla görünən gənə dəhşətli xəstəliklərə səbəb ola bilər.

"The Guardian" yazır ki, adi gözlə zorla görünən həşərat dəhşətli xəstəliklərə səbəb ola bilər. Söhbət adi gənədən gedir. Bu kiçik həşəratın insanı dişləməsi zamanı Laym xəstəliyinin törədicisi insanın qanına keçə bilir. Xəstəliyi yaradan borrelia bakteriyasıdır. Bu bakteriya qana keçdikdən sonra taqətsizlikdən tutmuş ciddi ürək qüsurlarına qədər ən müxtəlif fəsadlara səbəb olur.

Məqalədə deyilir ki, belə dəhşətli nəticələrinə baxmayaraq, bu xəstəlik adətən məşhurlar ona yoluxanda xəbər başlıqlarına çıxır. Məşhur müğənni Avril Lavigne, aktyor Richard Gere və prezident George W Bush bu xəstəliyə tutulanda belə olub.

Britaniyada isə gənənin məşhur qurbanlarının arasında İngiltərə reqbi komandasının keçmiş kapitanı Matt Dawson da var. Gənə idmançını o, London parklarından birində çəmənlikdə uzanıb istirahət edərkən dişləmişdi. Sahə həkimi xəstələyin ilk simptomlarını təyin edə bilməmişdi. Onun bədənində yumurta böyüklüyündə qızartı yaranmış, idmançının hərarəti yüksəlmişdi. Özəl klinikada keçirilmiş analiz nəinki xəstəliyi, hətta Dawson-un ürəyinə dəyən ciddi ziyanı müəyyən etmişdi. Sonradan onun ürəyində bir neçə cərrahiyyə əməliyyatı aparılmışdı.

"The Guardian" yazır ki, adamlar adətən Laym xəstəliyinin (Lyme disease) yalnız Şimali Amerikada və marallar yaşayan ərazilərdə yayıldığını düşünürlər. Məhz bu səbəbdən də xəstəliyin daşıyıcısı olan gənələri "maral gənəsi" adlandırırlar, halbuki başqa heyvanlar da onun daşıyıcısı ola bilər.

Təbiət teleproqramlarının aparıcısı, 44 yaşlı Chris Packham bu yanlış düşüncənin dəyişdirilməsi üçün maarifçilik kampaniyasına başlayıb. O deyir ki, kiçicik bir məxluq onu cərrah bıçağının altına göndərib.

Dawson indi bu xəstəlikdən müalicə olunub, amma hələ də ürək xəstəliyindən müalicəsini davam etdirməyə məcburdur.

Packham deyir ki, indi bu xəstəlik 1975-ci ildə ilk dəfə qeydə alındığı Lyme Old Lyme (ABŞ) şəhərlərindən uzaqlarda da yayılıb.

Hazırda maral gənəsinin Atlantik okeanının hər iki tərəfində yayılması barədə məlumatlar var. Bu gənə Laym xəstəliyindən başqa bir neçə ayrı virusların da daşıyıcısı sayılır.

İngiltərə İctimai Sağlamlıq İdarəsinin və Hampshire qraflığı xəstəxanalarının mikrobiologiya və virusologiya məsləhətçisi professor Matthew Dryden bildirir ki, adamlar gənə dişləməsinin təhlükəli nəticələri barədə məlumatlı olmalıdırlar, lakin bu, onları təbiətin qucağında istirahətdən çəkindirməməlidir.

Ekspert bildirir ki, gənə dişləmələrinin yalnız 10 faizi Laym xəstəliyi ilə nəticələnir. Bu, Britaniyada ildə 3 min nəfər deməkdir. Amerikada bu rəqəm ildə 300 minə çatır.

Məqalədə deyilir ki, gənələr nisbətən rütubətli yerlərdə otların üzərində olur (buna görə də onlara bəzən otluq gənəsi deyilir). Bu vəziyyətdə onlar yaxınlıqlarından heyvanların keçməsini gözləyir. Elə ki, heyvanın dərisinə yapışdılar, bundan sonra onun qanını sormağa başlayırlar. Gənənin qan sorduğu yerdə əvvəlcə noxud boyda şiş əmələ gəlir.

Ekspertlər adamlara məsləhət görürlər ki, dərilərinə gənənin yapışdığını əlləri ilə yoxlasınlar. Əgər dəriyə gənə yapışıbsa, onu ehtiyatla, həşəratı əzmədən çıxarmaq lazımdır. Əgər həmin yerdə qaşınma yaranıbsa və ya qripəbənzər simptomlar başlanıbsa, həkimə müraciət edilməlidir.

Əgər antibiotiklərlə müalicə olunmasa bakteriya bütün bədənə yayıla və hətta Laym karditi (ürək toxumasının zədələnməsi) kimi fəsadlar törədə bilər.

Ölüm halları elə də çox deyil. 2011-ci ildə 114 nəfərin Laym xəstəliyindən öldüyü təxmin edilir.

Məqalədə deyilir ki, son illərdə Laym xəstəliyinin miqyası genişlənib. İngiltərədə bu xəstəlik 20 ildə 10 dəfə artıb.