Ağırlıqqaldırma üzrə çempionun qətli: nə məlumdur

qandal Fotonun müəllifi SEBASTIAN GOLLNOW/DPA/TASS

Xabarovsk şəhərinin polisi ağırlıqqaldırma üzrə dünya çempionu Andrey Draçovu qətlə yetirməkdə şübhəli bilinən Anar Allahverənovun yeri barədə məlumata görə 500 min rubl məbləğində (14372 - AZN) mükafat kəsib.

İstintaqın versiyasına görə Andrey Draçov başından yetirilən zərbələrdən sonra ölüb.

Hadisə avqustun 20-də baş verib.

"Federal axtarışa verilmiş şübhəlinin tapılmasına kömək edəcək informasiyaya görə yarım milyon rubl veriləcək", - Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə idarəsinin məlumatında deyilir.

"Xabarovsk diyarı, Amursk şəhərinin sakini, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlu barəsində axtarış elan olunub".

Dünya çempionunu öldürməkdə şübhəli bilinən şəxsə qarşı cinayət işi açılıb. Anar Allahverənov xuliqanlıq niyyəti ilə qətl törətməkdə ittiham olunur.

BBC Rus Xidməti ağırlıqqaldırma üzrə Dünya və Avropa çempionunun hansı şəraitdə ölməsini və Xabarovsk şəhərində bu hadisəyə münasibəti öyrənməyə çalışıb.

Kameralar nəyi çəkib?

Avqustun 20-də şəhərin mərkəzindəki Gallery kafesi yaxınlığında baş verən hadisə küçədə quraşdırılmış kameralara düşüb.

Ehtimala görə bir-birlərini tanıyan gənclər kafedə mübahisə etdikdən sonra bayıra çıxıblar.

"Газета.Ru" onlayn nəşrinə əsasən opponentlərdən biri ertəsi gün, ayıq olarkən görüşməyi təklif etsə də, qarşı tərəf bununla razılaşmayıb.

Videoda iki şəxs arasında döyüşün kifayət qədər qısa bir müddət ərzində sona çatdığını görmək olar.

Döyüşçülərdən biri başına ayaqla yetirilən zərbənin ardınca yıxılaraq yerdə qalır.

İkinci şəxs onun başına daha 4 zərbə endirir. Yalnız bundan sonra ətrafdakılar onu kənara çəkir.

Hadisə yerindən təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılan zərərçəkmiş baş nahiyəsinə yetirilən xəsarətlər nəticəsində ölür.

Onun 1985-ci təvəllüdlü ağırlıqqaldırma üzrə Dünya çempionu Andrey Draçov olduğu məlum olur.

Hadisədən sonra Rusiya İstintaq Komitəsi təsadüf nəticəsində ölümə səbəb olmuş ağır bədən xəsarəti yetirmək maddəsi üzrə cinayət iş açıb. Lakin çərşənbə axşamı günü o daha ağır - "Qəsdən adam öldürmə" ittihamı ilə əvəzləndi.

"Master-27"

Xabarovsk klublarının birində məşqçi işləyən Abakar Abiyev, Allahverənovun çoxdandır ki, Xabarovsk diyarında yaşadığını deyir.

BBC Rus Xidmətinə danışan məşqçinin sözlərinə görə, Amursk şəhərinin sakini olan idmançı, Xabarovskun "Master-27" güləş seksiyasında məşq edərdi.

"Master-27 seksiyasında cəmi 20-30 nəfər məşq edir", - Abiyev bildirir.

Onun sözlərinə görə, klub Xabarovskda kədərli hadisələrə görə tanınır.

"Ötən il onun (klubun -red) yetirmələri qrepplinq (əlbəyaxa döyüş növü - red.) üzrə bizim şəhərdə keçirilən Ümümrusiya turnirində dava salıblar. 10-dək adam çıxış edirdi və onlar qalmaqal yaratdılar. Bundan sonra Xabarovskun Güləş Federasiyası onların yarışlara buraxılmaması barədə qərar qəbul etdi".

Mətbuat Allahverənovun peşəkar, qaydasız əlbəyaxa döyüşlə məşğul olduğunu yazır.

Bazar ertəsi Vzglyad.az nəşri Allahverənovun yaxınlarının versiyasını dərc edib: İddia olunur ki, Draçov onu təhqir edərək "çuşka" adlandırıb.

"Andrey nalayiq sözlər işlədib. Bundan sonra dava başlayıb. Anarın onu öldürmək niyyəti olmayıb. Sadəcə çox əsəbiləşib, hisslərini cilovlaya bilməyib. Biz indiyədək Anarın haqsız yerə kiminləsə dalaşdığını görməmişik. O, bütün günü idmanla məşğul olurdu. Dəfələrlə yarışlarda yüksək nəticələr göstərib".

İstintaqın versiyasına görə "fəal provokasiyaya çəkən" Draçov yox, məhz axtarışa verilən Allahverənov olub.

"Nəticədə onların arasında dava baş verdi. Onun gedişatında kişi bir neçə zərbə endirdi", - Rusiya İstintaq Komitəsinin məlumatında deyilir.

"Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş şəxs ölüb. İlkin məlumatlara görə, ölümə səbəb kəllə-beyin xəsarəti olub".

Şimali Qafqaz əsilli Abakar Abiyev 1985-ci ildə Dağıstandan köçəndən bəri güləş seksiyasında uşaqlara məşqlər keçir.

Onun sözlərinə görə küçə davasında peşəkar bacarıqlarını işə salan insanın davranışı bütün idmançıların adına xələl gətirir.

İdmanda milli mənsubiyyət üzrə bölüşmə olmasa da, belə davranış millətlərarası sahədə xoşa gəlməz hallara zəmin yarada bilər:

"Bu bizim hamımız üçün zərərlidir. Çünki çox adammilli mənsubiyyətin buna aidiyyəti olmadığını başa düşmür. İdmanda ümumiyyətlə millət yoxdur".

İdmançıların nümayişi

Mümkün nəticələri dərk edən Dağıstan əsilli məşqçi bazar ertəsi bodibildinq, kikboksinq, ağırlıqqaldırma və qarışıq əlbəyaxa döyüş növləri ilə məşğul olan idmançılarla görüşüb.

BBC Rus Xidmətinə danışan görüş iştirakçılarından biri dağıstanlı məşqçinin baş çəkdiyi tədbirdə az qala bütün idman klublarının təmsil olunduğunu deyib.

Anton Primaçovun sözlərinə görə görüşə 200-dək adam toplaşsa da, gələnlər arasında Allahverənovun məşq etdiyi klub üzvləri olmayıb.

"Görüşdə Andrey Draçovun ailəsinə maliyyə köməyi barədə qərar qəbul olundu. Qərara alındı ki, əlbəyaxa döyüşçülər və "kaçok"lar (boldibilderlər - red), habelə rus və qafqazlılar arasında "razborka"lar olmasın", - Anton Primaçov deyir.

"Daha əvvəl yolları kəsişməyən müxtəlif seksiyalardan olan insanların bir araya gəlməsinə görə gərginlik hiss olunurdu".

Primaçov deyir ki, cinayətin məhz Allahverənov tərəfindən törədildiyinə şübhə edən yox idi.

"Onu idmançı olaraq Xabarovskda demək olar ki, heç kim tanımırdı, çünki o, heç bir turnirdə iştirak etmirdi, nailiyyətləri yox idi".

Vzglyad.az saytına danışan qarşı tərəfin nümayəndəsi isə Allahverənovun idmana çox vaxt ayırdığını vurğulayır.

"O, bütün günü idmanla məşğul olurdu".

Yaxınlığında dava düşən Gallery kafesinin administratoru Yuliya hadisədən sonra telefonla zəng edən naməlum şəxslərdən təhdidlər aldığını deyir.

"Zəng edib deyirlər: ölün, gəbərin. Mənim üçün bu şokdu. Mən cəmi bir saatdır ki, işdəyəm. Bu müddət ərzində isə mənə daim bunları deyib, telefonu asırlar. Bizdə bu milli obyekt yox, adi bir kafedir. Karaoke var, adamlar yeyib-içməyə, mahnı oxumağa gəlir. Bizdə daha əvvəl də davalar düşüb. Lakin ölümlə nəticələn dava heç vaxt olmayıb", - Yuliya BBC-ə bildirib.

Mirzayevin işinə bənzərlər

BBC-ə anonimlik şərtilə danışan Rusiyanın ən güclü atletlər Federasiyasının üzvü deyir ki, əlbəyaxa və bodibildinqlə məşğul olan idmançıların gücləri fərqlənir.

"Əlbəyaxa ilə məşğul olanlar, ən azı günaşırı zərbələr üzərində işləyir, hərəkətləri dəqiq və cəld olsun deyə məşq edirlər. Ağırlıqqaldıranlar isə (xüsusilə də Avropa və Dünya çempionu kimi ada sahib olanlar) kifayət qədər yekəpərdir, onun üçün həyatda yalnız üç hərəkət mövcuddur: Qaldırıb çəkmək, oturaraq və uzanaraq ştanqanı yuxarıya sıxmaq. Yerdə qalanlar ona maneə törədir".

Bir çox adam Xabarovskda baş verən hadisəni sambo üzrə dünya çempionu Rasul Mirzayevin işilə müqayisə edir.

13 avqust 2011-ci ildə idmançı söz çəkişməsindən sonra 19 yaşlı İvan Aqfonova zərbə endirdi.

Yerə yıxılarkən başı asfalta dəyən zərərçəkən şəxs daha sonra xəstəxanada komaya düşərək öldü.

Lakin hüquq idmanı üzrə Rusiya Hüquqşünasları Assosiasiyasında komissiya sədri Sergey Alekseyev iki hadisə arasında oxşarlığın az olduğunu hesab edir.

"Burada daha qəddar qətl törədilib. Mirzayevin işində mübahisə səbəb və nəticə arasındakı əlaqəyə aid idi. Çünki ölüm başın asfalta dəyməsinə yetirilən xəsarət nəticəsində baş vermişdi. Burada isə aşkar üstünlüyə malik qanunu pozan şəxs onun axrına çıxır. Cinayətdə qəsdən öldürməyə doğru meyl nəzərə çarpır".

Əlaqəli mövzular

Bu barədə daha geniş