Gənc qadınlara sosial mediada mükəmməl həyat sərgiləmək təzyiqi

Facebook'a giren bir kadın Fotonun müəllifi Getty Images

Britaniyada keçirilən araşdırma qız və gənc qadınların təqribən 35 faizinin sosial mediada həyatlarını mükəmməl göstərmə təzyiqilə üzləşdiyini müəyyən edib.

Girlguiding xeyriyyə qrupunun rəy sorğusunda 11-21 yaşlarında olan 1 mindən artıq qadın iştirak edib.

"Sosial media gənclərin fikirlərini səsləndirməkdə möhtəşəm imkanlar təmin etsə də, o, özünəinam baxımından xələl gətirə bilər", - rəy sorğusunda iştirak edən 17 yaşlı Katie deyir.

Onun sözlərinə görə, qızlar və gənc qadınlar özlərini başqalarıyla müqayisə etmək təzyiqilə yaşamalı olurlar.

Britaniyada nəşr olunan İndependent qəzetinin xəbərinə görə, iştirakçıların üçdə biri fotoşəkillərdə necə göründükləri haqqında narahatlıq keçirir.

Gənclərin dörddə biri isə yatmazdan öncə və oyanarkən ilk öncə mobil telefonlarına nəzər saldıqlarını deyir.

Rəy sorğusunda iştirak edənlərin ən böyük narahatlığı paylaşılmış şəkillərin başqaları tərəfindən icazəsiz istifadə ehtimalı ilə bağlıdır.

11-16 yaş arası qızların 13 faizi sosial mediada izləyici və laykların sayı ilə əlaqədar narahatlıq keçirirlər.

17-21 yaşlar arasında belələrinin sayı 10 faizə yaxındır.

Sorğu iştirakçılarının yalnız yarısı hesab edir ki, valideynlər onların sosial mediada qarşılaşdığı problemləri başa düşür.



Əlaqəli mövzular

Bu barədə daha geniş